İqtisadçı: “Xarici valyutalara tələb yüksəlib”

“Son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib: “Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə