Əməkdar artistdən Azər Paşa Nemətova sərt sözlər

Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqı ilə bağlı qalmaqallı sözlər deyib. SİA-nın məlumatına görə, aktyor sosial şəbəkədə "Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri" başlıqlı paylaşımında bunları qeyd edib: "Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram:

22 Oktyabr saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi. Gənc Tamaşaçılar Teatrının nümayəndəsi olaraq Teatr Xadimləri İttifaqına və teatrımızın truppa müdiri Ələsgər Muradxanlıya burada iştirak etmək istədiyimi bildirdim. Cavab müsbət oldu və Teatr Xadimləri İttifaqına bildirilməsini istədim. Tədbir günü təyin olunmuş saatda məkana yaxınlaşanda, "Siz burada iştirak edə bilməzsiniz" cavabını eşitdim. "Niyə" deyə, soruşanda isə adımın siyahıda olmadığı bildirildi.

Axı mən neçə illərdir Teatr Xadimləri İttifaqının üzvüyəm, Əməkdar artistəm. Dəqiqləşdirmələrini istədim, yuxarıya qalxıb, qayıtdılar ki, icazə verilmədi.

2014-cü ildə Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişdim. Azərbaycan Teatrını uçuruma aparan ən əsas səbəbin Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemətov olduğunu dəfələrlə bildirmişəm. Katib Rafiq Əliyevlə görüşümüz də baş tutub, amma fəaliyətsizlik davam edir.

Əgər mənim konfransda iştirak etmək hüququm yoxdursa, niyə hər dəfə Teatr Xadimləri İttifaqında yaradıcılıq gecələri keçiriləndə dəvətnamə göndərirsiniz? Bizim nümayəndə belə mənim iştirakımla bağlı sizə müraciət edib.

Ən əsası Teatr Xadimləri İttifaqının konfransında qapıcı kimi fəaliyyət göstərən üzvləri və Akademik Milli Dram Teatrının bəzi nümayəndələrinə sözüm budur ki, sizin hörmətsizliyiniz mənə daha çox təsir etdi. Mənə şəxsən hörmətsizlik etmək sizin başınız üçün olmasa da, aktyor və Əməkdar artistə münasibətiniz bəlli oldu.

Sizdən ağıllı və şərəfli biriyəm. Azərbaycan Teatrının düşdüyü vəziyyət məni narahat edir. Çünki 20 ildir Gənc Tamaşaçılar Teatrının aktyoruyam və bunu yaxşı bilirsiniz. Teatrımızı uçuruma apardığınız yol da bəllidir. Bizim teatrın fəaliyyətinə kölgə salan səbəblər şəxsi maraqlar olub. Bunun günahkarı aktyor yox, başqa insanlardır. Özünüz öz aranızda həll edə bilərsiniz. Məsələn, Azər Paşa Nemətov baş rejissor işləyib və sonra qovulub. Rafiq Əliyev yaşı ilə əlaqədar işdən çıxarılıb. Bunun günahkarı Elnur Kərimov və digər aktyorlar deyil.

İllərdir Teatr Xadimləri İttifaqı ilə illərdir tək mübarizə aparırdım. Bu yaxınlarda "Elnur Kərimovu yığışdırın, sizə mükafat verək" sözünü deməyiniz də yerinə düşüb. Bu gündən Teatr Xadimləri İttifaqının üzvülüyündən imtina edirəm. Azər Paşa Nemətov və ətrafındakı ünsürlər oradan uzaqlaşmayınca, aktyora münasibət belə olacaqsa, həmin ittifaqı tanımıram.

Mübarizəm Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovladır, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovla yox. Günah mənim deyil ki, adı çəkilən hər iki yerə bir adam rəhbərlik edir.

Konfrans və səsvermədəki nəticə mənə qaranlıq qalacaq. Azərbaycan teatrı tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz dəstək bir müddət sonra özünü göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...