“Zeytun ağacları mədəni marşrutu” layihəsində ölkəmiz təmsil olunur FOTOLAR

Avropa Şurası və Xorvatiya Turizm Nazirliyinin təşkilatçılığı ilə Mali Losinj adasında keçirilən “Avropa dəyərləri, miras və davamlı inkişaf üçün Zeytun ağacları mədəni marşrutu modeli kimi” adlı beynəlxalq konfransda Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə iştirak edən Mali Losinj adasının meri Anto Nediç, Xorvatiyanın xarici işlər nazirinin müavini Mario Horvatiç və Avropa Şurasının Stefano Dominioni açılış nitqində tədbirin əhəmiyyətindən danışmış, hal hazırda mədəni marşrutların müxtəlif növlərinin Avropa ölkələrində olduqca inkişaf etdiyini və beynəlxalq təşkilatların, eləcə də bu təşkilatlara üzv ölkələrin mədəni marşrutlar layihələrində təmsil olunmasına böyük əhəmiyyət verdiyindən bəhs etmişlər.

Avropa Şurasının layihəsi olan “Zeytun ağacları” layihəsinin son illər geniş yayıldığı və maraqlı mədəni marşrutlardan biri olduğu qeyd edilmişdir.

Məlumat üçün bildiririk ki, Mədəniyyət Nazirliyinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova və Avropa Şurasının nümayəndəsi Stefano Dominioni arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycanın “Zeytun ağacları mədəni marşrutu”na qoşulması barədə ətraflı müzakirələr aparılmış, paytaxt Bakı ətrafında mövcud olan zeytun bağları, habelə zeytundan hazırlananan qida və kosmetik məhsullar barədə məlumat verilmişdir.

Eyni zamanda ölkəmizin mədəni zənginliyi, YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil edilmiş nümunələr haqqında təqdimat həyata keçirilmişdir.

Bildiririk ki, Azərbaycanın bu beynəlxalq mədəni marşruta qoşulması üçün imkanların mövcudluğu həm Avropa Şurası, həm də üzv ölkələrin ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Xatırladırıq ki, son illərdə Azərbaycan bir sıra beynəlxalq təşkilatların layihələri əsasında həyata keçirilən mədəni marşrutlarda təmsil olunur.

Facebook-Da Paylaş Twitter-Də Paylaş E-Poçt Ilə Göndər VK Ilə Paylaş

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...