Rəis nazirliyin fəxri fərmanı ilə təltif edilib

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov yubileyi münasibətilə nazirliyin fəxri fərmanı ilə təltif edilib. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri fərmanı Zakir Sultanova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Zakir Sultanov 11 aprel 1968-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 6 nömrəli orta məktəbdə oxuyub. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini bitirib.

Xətai Rayon İcraiyyə Komitəsində, Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində müxtəlif vəzifələrdə işləyib.

2006-2008-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Bərpa-Tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyinin direktoru, 2008-2014-cü illərdə nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində çalışıb.

2014-cü ildən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisidir.

Ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...