Özbəklərin Poluninə tənbehi... ona xoş gəlməyib

Rusiyalı rəqqas Sergey Polunin sentyabrın 28-də rus əsgərlərinə həsr olunmuş mahnıya rəqs etdiyi üçün Özbəkistan rəsmiləri tərəfindən kobud şəkildə tənbeh edildiyini iddia edir.

Özbəkistan rəsmiləri rusiyalı sənətçinin sosial şəbəkədə yerləşdirdiyi iddialara cavab verərək, Poluninin müqavilədə nəzərdə tutulan şərtlərdən kənara çıxdığına görə xəbərdarlıq edildiyini bildiriblər.

SİA “Reuters”a istinadən xəbər verir ki, Polunin “Gəlin qalxaq” mahnısının sədaları altında rəqs edib. Bu mahnı rus ordusuna həsr olunub və ilk dəfə fevralın 23-də, yəni Ukraynanın işğalından bir gün əvvəl ifa olunub.

Sənətçi bildirib ki, təşkilatçılar onun üstünə qışqırmağa başlayıb və musiqini söndürməyi tələb ediblər. Polunin Rusiya səfirliyindən onu müdafiə etməyi xahiş edib.

“Biz imkan verməməliyik ki, bu, rus rəssamlarının, rus mədəniyyətinin başına gəlsin”, - deyə rəqqas iddia edir.

Qeyd edək ki, bədənində Vladimir Putinin üç şəkli və svastika şəklində döymə olan Sergey Polunin sentyabrın 25-26-da Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrında konsert verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə