Səfərbərlikdən qaçanlar... bu dəfə Qazaxıstanda...

Qazaxıstanın sərhəd xidməti səfərbərlikdən qaçan 3 rusiyalını saxlayıb.

SİA əldə etdiyi xəbərə istinadən bildirir ki, müvafiq məlumat Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin saytında yer alıb.

Qeyd olunur ki, Rusiya vətəndaşları Kostanay vilayətində sərhədi qanunsuz keçiblər. Maraqlıdır ki, onlar hərəkətlərini Rusiya ərazisində elan edilmiş qismən səfərbərlikdən yayınmaq istəmələri ilə izah ediblər.

Qazaxıstan tərəfi saxlanılanların sorğu-sual fəaliyyətlərindən sonra Rusiya tərəfinə təhvil veriləcəyi bildirib.

Sentyabrın əvvəlində Qazaxıstan Xarici İşlər Nazirliyi bəzi vətəndaşların son vaxtlar respublikaya gələn rusların sayının artması ilə bağlı narahatlığını şərh edərək, onlara münasibətdə xüsusi keyfiyyətlərə çağırıb.

Belə ki, XİN dövlət başçısının istənilən şəraitdə “xalqın birliyinin” vacibliyi ilə bağlı sözlərini xatırladaraq, vətəndaşları müdriklik nümayiş etdirməyə və qonaqpərvərlik ənənələrinə sadiq qalmağa çağırıb.

Xatırlama: Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlandığını elan edib. Onun sözlərinə görə, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə