Artan əməkdaşlığın yaratdığı təlaş...

“The Financial Times”: Avropa Ittifaqı Türkiyədən Rusiya ilə ticarət məsələsinə aydınlıq gətirməsini istəyir?

Avropa Ittifaqı ölkələri Ankara ilə Moskva arasında artan əməkdaşlıqdan narahatdırlar və artıq bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxlamağa başlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Financial Times” yazır.

Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinad edən nəşr, may-iyul aylarında Türkiyənin Rusiyaya ixracı 2,04 milyard dollar təşkil etdiyini və bunun 2021-ci ilin eyni dövrü ilə müqayisədə 642 milyon dollar çox olduğunu yazır.

Qeyd edək ki, son bir ayda Türkiyənin Rusiyaya ixracı dəyər ifadəsində illik müqayisədə 75 faiz artaraq 2021-ci ilin iyulunda 417 milyon dollardan bu ilin iyulunda 730 milyon dollara yüksəlib. Media bildirir ki,

Türkiyənin heç bir ölkə ilə ticarətində belə bir artım olmayıb.

“The Financial Times” ın istinad etdiyi Türkiyə Xarici Ticarət Məclisinin məlumatına görə, Türkiyənin Rusiyaya tədarük etdiyi mallar siyahısında dəyər baxımından birinci yerdə kimya sənayesi məhsulları (166,5 milyon), ikinci yerdə meyvə-tərəvəz (90 milyon dollar) və sonda toxuculuq sənayesi məhsulları (78,5 milyon dollar) gəlir..

Ümumilikdə iyul ayında Türkiyə ixracatı ötən illə müqayisədə 13 faiz artıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə