Ruslar Belarusdan hücum üçün məqam gözləyirlər?

Belarus isə bunu inkar edir, Ukrayna ilə sərhədə qoşun gətirməsini isə gözlənilən hər hansı bir təxribatın qarşısını almağa hesablandığını deyir

Ukrayna tərəfi narahatdır...

Belə ki, son günlər Belarusla sərhəd boyunca qonşu ölkənin hərbçilərinin fəallığı müşahidə olunmaqdadır. Belarusun Baş Qərargahı isə bu cür hərəkətlərin “ukraynalılar və NATO qoşunlarından qorunmaq” məqsədi daşıdığını bildirir.

SİA Ukrayna saytlarından əldə etdiyi məlumata istinad edərək bildirir ki, son günlər Qomel-Çerniqov magistralında, yəni Ukrayna ilə sərhəddən iki kilometr aralıda belarus hərbçiləri parapetlər, beton bloklar və maneələr qurublar. Buraya zirehli transportyorların gətirildiyi də bildirilir.

Deyilənə görə, yol polisi Belarusla sərhəd kəndlərinə gedənlərin sənədlərini və maşınlarını ciddi yoxlayır. Yerli sakinləri dediyinə görə, bir müddət bundan əvvəl sərhədə yaxın yerlərdə Belarus tankları da görünüb. Amma son günlər artıq gözə dəymirlər.

Baş verənlərə münasibət bildirən Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İqor Korol Ukrayna və NATO ölkələrindən ehtimal edilən mümkün təhlükələrdən danışıb. Rəis müavini bütün bunların Ukrayna ilə sərhəddə baş verə biləcək hər hansı bir təxribtın qarşısını almağa hesablandığını bildirib. Bununla yanaşı o, etirafda da bulunub. Belə ki, o, Aralıq dənizi və Baltikyanı ölkələrində qanadlı zərbə raketləri qrupunun yaradıldığını deyib. Belaruslu zabitin dediyinə görə, qanadlı raketlər müdafiə silahı deyil, ilk növbədə hücum silahlarıdır: “...Bu raketlərin ölkəmizə tərəf tuşlanması onların ərazimizi atəşə tutmağa imkan verir”. Bunu İqor Korol deyib.

Maraqlıdır ki, sərhəddə batalyon taktiki qruplarının yerləşdiyini də deyən belaruslu hərbçi “bunun, əvvəllər heç vaxt olmadığını” da etiraf edib.

Bununla yanaşı, belarus səlahiyyətlisi Ukraynanın Belarusla sərhədində “tam təlim keçmiş, təchiz olunmuş və nəzərdə tutulduğu kimi hərəkət etməyə hazır olan qüvvələrin” olduğunu da bildirib.

Onun sözlərinə görə, Ovruç istiqamətində sərhədə yaxın “Amerikan əks-batareya stansiyaları”, Rovne istiqamətində isə “Ukrayna Belarus Respublikasına qarşı 10 minə yaxın hərbçi cəmləşdirib”.

“...Bu gün hamı silahlıdır, hər kəsin silahı var, ona görə də hansısa təxribatın ola biləcəyi istisna edilmir”, - bunu da Korol deyib.

...Qeyd edək ki, belaruslu hərbçinin dediklərindən fərqli olaraq Ukrayna tərəfi başqa fikirlər səsləndirir.

Məsələn, Ukrayna tərəfi bildirir ki, Belarusun Ukraynaya qarşı müharibədə iştirakı hələ o vaxt, fevralın 24-də genişmiqyaslı işğal başlayandan bəri “start götürüb”. Kiyev rus qoşunlarının Ukraynaya, məhz Belarusdan daxil olduğunu da əsas kimi göstərir.

Məlumdur ki, aprel ayında Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını ölkənin şimal rayonlarından sıxışdırıb çıxarıb. Amma buna baxmayaraq, ruslar elə də uzağa getməyiblər. Ukrayna tərəfinin iddiasına görə, hazırda Belarus ərazisinə çəkilən rus qoşunlar yenidən hücum üçün məqam gözləyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə