Moldovada fövqəladə vəziyyət elan edildi

Cümə günü keçirilən iclasda Moldova parlamenti, hökumətin təklifi ilə, enerji böhranı və qaz təchizatında yaranan problemlər səbəbindən 20 noyabr tarixinə qədər 30 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib. SİA xəbər verir ki, bu barədə vitse-spiker Mihai Popşoy bildirib.

Qeyd edək ki, "Qazprom" şirkəti oktyabrın 1-də Moldova ilə qaz tədarükü müqaviləsini bir ay müddətinə uzadıb. “Moldovaqaz” şirkəti oktyabrın 6-da bildirib ki, Moldovada qaz istehlakı müvəqqəti olaraq Rusiya Federasiyasından yanacaq tədarükünü üstələyir və bu da elektrik enerjisi ilə bağlı problemlərə səbəb ola bilər. Oktyabrın 13-də ölkədə qaz sektorundakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi üçün hazırlıq addımı hesab edilə bilən "həyəcan rejimi" tətbiq edilib. Hökumət cümə günü parlamentdən fövqəladə vəziyyətin tətbiq edilməsini xahiş edib ki, boru kəmərindəki təzyiqi saxlamaq üçün əlavə həcmdə qaz almaq üçün büdcədən tez bir zamanda vəsait ayırsın.

"30 gün ərzində fövqəladə vəziyyətin tətbiqi layihəsi, təşəbbüs olaraq 55 millət vəkili tərəfindən dəstəkləndi", deyə Popşoy iclasda bəyan edib.

Qərara əsasən, təbii qazın alınması üçün xüsusi sürətləndirilmiş rejim tətbiq olunur, bunun üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Fövqəladə Hallar Komissiyası parlamentin razılığı olmadan respublikanı qazla təmin etmək üçün istənilən təcili tədbirlər görmək hüququna malik olacaq. Lazım gələrsə, qazın və digər enerji mənbələrinin rasional istehlakı rejimi tətbiq edilə bilər. Bundan əlavə, komissiya əhalinin qaz vəziyyəti, böhranın aradan qaldırılması üçün tədbirlər və istehlakçıların dəstəklənməsi mexanizmləri barədə məlumatlandırılmasını əlaqələndirəcək. Bundan əlavə, istifadə olunan qaza görə istehlakçılardan ödənişlərin tez bir zamanda alınması üçün vasitələr toplana bilər.

Fövqəladə vəziyyətin tətbiqi qərarı hakim Fəaliyyət və Həmrəylik partiyasının deputatları tərəfindən dəstəklənib. "Kommunistlər və Sosialistlər" müxalifət bloku və "Şor" partiyası səsvermədə iştirakdan imtina ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə