COVID-19-a qalib gələn Yeni Zelandiyada virus aşkarlanıb

Yeni Zelandiyada 102 gündən sonra ilk dəfə daxili yoluxma qeydə alınıb. SİA xəbər verir ki, bu səbəbdən ölkədə bəzi məhdudiyyətlər bərpa edilib.

Epidemiya ilə mübarizə baxımından nümunə kimi göstərilən Yeni Zelandiyada, ilk dəfə 102 gündən sonra koronavirusa yoluxma faktı aşkarlanıb. Mətbuat konfransı keçirən Baş nazir ölkənin sıx yaşayış şəhərlərindən biri olan Oklenddə bir ailənin dörd üzvünün koronavirusa yoluxduğunu açıqlayıb. Adıçəkilən şəxslərin son vaxtlar xaricə getmədikləri bildirilib.

Baş nazir elan edib ki, bütün şəhərdə üç gün ərzində məhdudiyyətlər tətbiq ediləcək. Bu da restoran və kafe tipli müəssisələrin, eləcə də qeyri-ərzaq mağazalarının bağlanması deməkdir. Ehtiyac olmadıqda əhaliyə çölə çıxmamaq məsləhət görülüb.

Qeyd edək ki, epidemiya başlayandan etibarən Yeni Zelandiyada sərt karantin tədbirləri həyata keçirilib. Bununla da iyun ayında ölkə koronavirusa qalib gəldiyini açıqlamışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...