Google süni intellekt sektorunun ən böyük problemlərindən biri sayılan yaddaş (RAM) çatışmazlığına gözlənilməz bir həll təqdim edib. Şirkətin hazırladığı yeni alqoritm süni intellekt modellərinin tələb etdiyi yaddaşı əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Bu yenilik isə qlobal bazarlarda RAM istehsalçılarının səhmlərində ciddi enişlərə səbəb olub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, son bir ildə süni intellektə tələbatın artması ilə RAM qiymətləri yeddi dəfəyə qədər yüksəlmişdi və sektor bu problemi yalnız istehsalı artırmaqla həll etməyi düşünürdü. Lakin Google-ın təqdim etdiyi yeni sistem bu yanaşmanı kökündən dəyişə biləcək potensiala malikdir.
Yeniliyin açıqlanmasından sonra dünyanın aparıcı yaddaş istehsalçıları birjada dəyər itirib. SanDisk səhmləri 8 faizə qədər ucuzlaşıb, Micron isə 5 faiz geriləyib. Cənubi Koreyanın texnologiya nəhəngləri Samsung və SK Hynix də müvafiq olaraq 4,7 və 6,2 faiz dəyər itiriblər. Bu iki şirkət qlobal DRAM istehsalının böyük hissəsinə nəzarət edir.
Google-ın hazırladığı TurboQuant adlı yeni texnologiya süni intellekt modellərinin işləmə prinsipini sıxlaşdıraraq yaddaş istifadəsini kəskin şəkildə azaldır. Bildirilir ki, bu sistem təlim proseslərində tələb olunan RAM miqdarını təxminən 6 dəfə azalda bilir.
Bu texnologiya sayəsində modellərdə məlumatın təqdimatı 16–32 bit səviyyəsindən cəmi 3 bitə qədər endirilə bilir. Nəticədə bu günə qədər əsasən avadanlıq imkanlarından asılı olan süni intellekt infrastrukturu üçün ciddi dönüş imkanları yaranır.
Morgan Stanley analitiklərinin fikrincə, bu inkişaf süni intellekt və yaddaş sektorunda mühüm dönüş nöqtəsi ola bilər. Daha az yaddaş tələbi süni intellekt tətbiqlərinin maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salaraq onların daha geniş yayılmasına şərait yarada bilər.
Bununla belə, mütəxəssislər ehtiyatlı yanaşırlar. Analitiklər bildirirlər ki, bu texnologiya qısa müddətdə yüksək sürətli yaddaş (HBM) problemini tam həll etməyəcək və RAM təchizatındakı çətinliklər tamamilə aradan qalxmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB