The Economist: "ABŞ Ukraynaya ehtiyatlı ümid təklif edir..."

Son sülh təklifləri Ukrayna və Avropanın ehtiyac duyduğu şeylərə yalnız bir qədər yaxınlaşır...

...Berlində ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri arasında aparılan danışıqlar bizi müharibənin mümkün sonuna bir qədər yaxınlaşdırdı, lakin əsas məsələlər hələ də həll olunmamış qalır. Avropa və Ukrayna liderləri hərbi əməliyyatların dayandırılmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək paketi barədə razılığa gəlməkdə irəliləyiş əldə etdiklərini açıqladılar, lakin bu müqavilələrin təfərrüatları hələ də qeyri-müəyyəndir, əlavə danışıqlar tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Economist bildirir.

Bu müqavilələr sözdə "NATO-ya bənzər zəmanətlər"ə aiddir. Ukrayna alyansa üzvlük qazanmayacaq, lakin ABŞ və Avropa ölkələri NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsini xatırladan öhdəliklər götürə bilərlər.

Amerika tərəfi vurğulayır ki, ABŞ qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək planları yoxdur. Rusiyanın yenidən təcavüzü halında mümkün dəstək tədbirlərinə hərbi, kəşfiyyat, iqtisadi və diplomatik yardım daxil ola bilər.

Ukrayna prezidenti Vladimir Zelenski tərəflərin mövqelərin təxminən 90 faizi üzrə razılığa gəldiyini bildirib.

O əlavə edib ki, Rusiya yeni təklifləri rədd edərsə, Vaşinqton sanksiyaları sərtləşdirə və Kiyevə hərbi yardımı genişləndirə bilər.

ABŞ prezidenti Donald Tramp öz növbəsində nadir nikbinlik ifadə edərək, tərəflərin "əvvəlkindən çox sülhə daha yaxın olduqlarını" qeyd edib.

İqtisadi danışıqlar gündəliyi Dünya Bankı və Avropa ölkələrinin iştirakı ilə Ukrayna üçün genişmiqyaslı yenidənqurma proqramını, eləcə də Aİ-yə üzvlük perspektivini nəzərdə tutur.

Lakin təxminən 247 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərinin nə dərəcədə istifadə ediləcəyi hələ də məlum deyil: Aİ daxilində bu məsələ ilə bağlı birlik yoxdur və ABŞ müsadirə ideyasına ehtiyatla yanaşır...

Ərazi məsələsi ən mürəkkəb olaraq qalır. Rusiya bütün Donbasın təhvil verilməsində israr edir, Kiyev isə suverenlikdən irəli gələn hər hansı güzəşti qəti şəkildə rədd edir.

Nəticə etibarilə, diplomatik irəliləyişlərə baxmayaraq, mümkün atəşkəsin taleyi hələ də yeni təkliflərin müzakirələrində iştirak etməyən Moskvanın mövqeyindən asılıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə