İtaliya Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzlərinə ilkin mərhələdə 70-dək mühacir göndərəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, artıq iki dəfə əlverişsiz hava şəraitinə görə təxirə salınan dəniz yolu ilə nəqletmə əməliyyatlarının noyabrın 4-də həyata keçirilməsi gözlənilir.
İtaliya ictimaiyyətində isə qəbul mərkəzlərinə yerləşdirilən personal üçün lüks şəraitin yaradılması, bununla da əməliyyat xərclərinin şişirdilməsi ilə bağlı mübahisələr davam edir.
Lakin İtaliya hökuməti bu məsələdə qərarlıdır. Baş nazir Ciorcia Meloni bu modelin miqrant axınının idarə olunması və Aralıq dənizində miqrasiya probleminin qarşısının alınması üçün səmərəli həll olduğunu bildirib.
Qeyd edək ki, keçən ilin noyabrında İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdirilir. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.
İtaliya beş il ərzində mərkəzlərə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Mühacirlərin sığınacaq tələbləri üçün müddət 28 gündür. Burada Albaniya qanunları ilə yanaşı, İtaliya qanunları da tətbiq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə