ABŞ prezidenti Cozef Baydenin nümayəndəsi, Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısının alınması ilə bağlı danışıqlar aparmaq üçün İsrailə gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Axios” portalı Amerika və İsrail rəsmilərinə istinadən yazır.
ABŞ rəsmisi bildirib ki, Ağ Evdə İsrailin Livandakı hərbi əməliyyatlarının sərhəddə gərginliyi artırması və bunun daha geniş döyüş zonasına gətirib çıxara biləcəyi ilə bağlı artan narahatlıq var.
Portal qeyd edir ki, Bayden administrasiyasının bəzi rəsmiləri İsrailin Livanın Hizbullah qruplaşmasını təhrik etməyə və Livanda daha geniş müharibə üçün bəhanə yaratmağa çalışmasından narahatdır.
Qeyd edək ki, İsrail rəsmiləri bunu təkzib edir.
Deyilənlərə görə, Hokşteyn İsrailin müdafiə naziri Yoav Qallant, İsrailin strateji işlər naziri Ron Dermer, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi ilə görüşəcək.
Xatırladaq ki, iki gün əvvəl Livana səfər edən Hokşteyn, Livan parlamentinin sədri Nəbih Berri və digər Livan rəsmiləri vasitəsilə Hizbullaha vəziyyəti gərginləşdirməmək üçün “güclü xəbərdarlıq” edib.
Daha sonra Amerika rəsmisi vurğulayıb ki, ABŞ İsrailin Qəzza zolağında Fələstinin islamçı HƏMAS qruplaşması ilə münaqişəsinin Livana yayılmasını istəmir.
Pentaqonun rəhbəri Lloyd Ostin də İsrailin müdafiə naziri Qallanta bununla bağlı narahatlığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə