İsveç XİN: Krallıq tezliklə NATO-nun üzvü olmalıdır

İsveç tezliklə NATO-nun üzvü olmalıdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu bəyanatı İsveçin xarici işlər naziri Tobias Bilstrem Osloda keçiriləcək Şimali Atlantika Alyansının üzvləri ilə görüşə yola düşməzdən əvvəl verib.

Krallığın xarici siyasət idarəsinin başçısının sözlərinə görə, onun ölkəsinin hədəfi NATO-nun bu ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində alyansın üzvü qismində iştirak etməkdir. O əlavə edib: “Bilirik ki, ABŞ bizim müraciətimizi ardıcıl şəkildə dəstəkləyir. Biz İsveçin NATO-ya üzv olmasında maraqlıyıq”. Nazir qeyd edib ki, onun diqqəti alyans üzrə digər müttəfiqlərin də Vilnüs sammitinədək İsveçin üzvlüyünün zəruriliyi ilə bağlı dəqiq mövqelərini ifadə etməsinə yönələcək.

NATO-ya üzv dövlətlərin mütləq əksəriyyəti İsveçin alyansa üzvlüyü ilə bağlı müraciətini dəstəkləyir. Skandinaviya Krallığının Şimali Atlantika Alyansına daxil olmasının önündə başlıca ciddi maneə rəsmi Stokholma öz iddialarını irəli sürən Türkiyə və Macarıstan hökumətləri olub. Eyni zamanda, İsveçlə bərabər NATO-ya üzv olmaqla bağlı müraciət edən Finlandiyanın ərizəsi artıq təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə