Turizm sənayesində COVID-19 pandemiyasının yaratdığı böhran - ANALİZ

Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm sektorunda aparılan islahatlar son illər öz nəticəsini verib. Ölkəmizdə turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb və Azərbaycan dünyanın turizm ölkələrindən birinə çevrilib. Ən məşhur brend şəbəkəli mehmanxanalar bu gün ölkəmizdədir və bunlar dünyanın ən sayılıb-seçilən hotelləri ilə müqayisədə diqqətçəkəndir. Ənənəni, yenilikləri, müasir dəbdəbə və qədimlik çalarlarını özündə birləşdirən otellər turistlərin böyük marağına səbəb olur. Bu dünya mətbuatında dərc olunun məqalələrdə, hazırlanan reportajlarda, mütəxəssislərin dəyərli fikirlərində öz əksini tapır. "Excelsior Hotel Baku", "Kempinski Hotel-Badamdar", "Hilton Baku", "JW Marriott Abşeron", "Four Seasons Hotel Baku" və başqaları Azərbaycanın böyük turizm potensialına malik olduğunu təsdiqləməklə yanaşı, respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevrilməsində əhəmiyyətli rola malikdir. Ötən dövrlə müqayisədə ölkəmizdə geniş imkanların yaraldılması məhz ölkəmizi turistlər üçün ən əlverişli istirahət məkanına çevirib. Ölkəmizdə bütün sahələrdə paralel olaraq aparılan inkişaf öz bəhərsini verib. Azərbaycanda yeni aeroportların tikilməsi beynəlxalq hesabatlarda Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdə olduğunu göstərir. Təbii ki, Azərbaycanda turizmin inkişafı baxımından imkanlar genişdir və mövcud şərait turistlərin ildən-ilə sayının artmsına səbəb olmuşdu. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min turist səfər etmişdi və onlar da ölkəmizdə 4 milyard manatdan artıq pul xərcləmişdilər.

2020-Cİ İL TURİZM TARİXİNİN ƏN ÇƏTİN İLİ OLDU

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda tənəzzül müşahidə olunub. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edildi. Ümumilikdə ötən il qlobal turizm tarixinin ən çətin ili hesab olunur. Pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərib. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizlə qonşu dövlətlərlə, o cümlədən dünya ölkələri ilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması turizmə təsirsiz ötüşmədi. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb oldu. Ötən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onu da bildirək ki, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir.

QLOBAL PEYVƏNDLƏNMƏ SƏRHƏDLƏRİN TEZLİKLƏ AÇILMASINDAN XƏBƏR VERİR

Təbii ki, Azərbaycan yaxın gələcəkdə daha böyük turizm imkanlarına malik olacaq. Pandemiya ilə əlaqədar olan qadağalar aradan qaldırırılacaq və ölkəmiz təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə dünyanın diqqətini özünə daha da cəlb edəcək. Artıq Azərbaycanda koronavirusun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunur. Bu sevindirici bir haldır. Ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması və məhdudiyyətlərin bəzilərinin ləğv edilməsi, eləcə də şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması regionlardakı hotellərdə canlanma səbəb olub. Əlbəttə ki, təhlükəsizlik tədbirlərinə əməl olunmasa, yenidən biz əvvəlki vəziyyətə qayıda bilərik. Sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, dezinfeksiyaedici məhlullardan istifadə mütləqdir. Təbii ki, vaksinləşmənin qlobal olaraq başlaması bizdə sərhədlərin tezliklə açılmasına ümidi artırır.

İşğaldan azad olunan torpaqlarımızda yeni həyat canlanacaq. Turizm imkanları genişlənəcək. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd edərək, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı olduğunu bildirib. Mövcud şərait həmin məkanların Azərbaycanın əsas turizm zonalarından birinə çevilməsiniə səbəb olacaq. Kəlbəcərin İstisuyu, Şuşanın, Ağdamın sanatoriyaları, Turşsu yaylaqları, İsa bulağı, Cıdır düzü və onlarla belə məkanlar sağlamlıq turizminin, eləcə də istirahət üçün nəzərdə tutulan istirahətləri kekirilməsi üçün olduqca əlverişlidir. Xatırladaq ki, sovet dövründə Azərbaycan səyahətə gələn turistlərin əsas hissəsi bu cənnət məkanına üz tutublar. 1970-ci illərdən başlayaraq yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib.

Artıq Beynəlxalq sərgilərdə Qarabağ bölgəsinin turizm potensialı nümayiş olunur. Belə ki, bu yaxınlarda COVID-19 pandemiyası səbəbilə virtual formatda təşkil olunan Dubayda keçirilən "Gulf Travel Show" sərgisində işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda məlumat verilib. Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində COVID-19 pandemiyası ilə əlaqədər olaraq virtual formatda keçirilən sərgi çərçivəsində Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı, təhlükəsizliyin təminindən və infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib.

Bütün bunlar yaxın gələcəkdə Azərbaycanın turizm sənayesinin daha da inkişafına böyük təsir göstərəcək və ölkəmiz bütün qitələrdən turistləri yüksək səviyyədə qarşılamaq imkanına malik olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə