İranla Azərbaycan arasında Radio və TV sahəsində komissiya yaradılacaq
Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasının Radio – Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə İranla Azərbaycan arasında Radio və Televiziya sahəsində əməkdaşlıqla bağlı fikirlər müzakirə edilib. Hər iki ölkənin bu sahədə mövcud münasibətləri müzakirə olunub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanla İran arasında son illərdə əldə edilmiş ikitərəfli münasibətlərdən və bu münasibətlərdə kütləvi informasiya vasitələrinin rolundan danışan Əli Abbasov sözlərinə belə davam edib: "Son illərdə qurulan əməkdaşlıqdan məmnunuq. Hökumətlərarası görüşlərdən sonra yeni inkişafa addım atmışıq. Münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin böyük rolu var. İran Radio – Televiziya Təşkilatı sədrinin səfərinə görə şadıq. Söhbətimiz zamanı hər iki tərəfin fikirlərinin üst-üstə düşdüyünü gördük. Bu bizi çox sevindirir".
İran və Azərbaycan arasında Radio və Televiziya sahəsində əməkdaşlığa dair komissiyanın yaradılacağını bildirən Nazir, təşkilati məsələlərin yaxın müddətdə həll ediləcəyini vurğulayıb: "Keçirilən qarşılıqlı görüşlər zamanı Azərbaycanla İran arasında Radio və Televiziya sahəsində yeni komissiyanın yaradılmasını qərarlaşdırdıq. İranlı nümayəndələr bu görüşdən sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcəklər. Müavinlər səviyyəsində komissiyaya hər iki ölkə tərəfindən rəhbərlər təyin ediləcək. Gələn həftənin 1-ci günü isə, hüquqi və təşkilati məsələləri üzrə söhbət edəcəyik.
Öz növbəsində fikirlərini bildirən İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami hər iki ölkə arasında xoş münasibətlərdə əsas rol oynayan xalqların olduğunu ifadə etdi. KİV-in də bu münasibətlərdə rolundan danışan təşkilat sədri ifadəsini belə tamamlayıb: "Səfər proqramı çox gözəl təşkil edilib. İki ölkənin münasibətləri inkişaf edir. Bunu ölkələrimiz arasında tez tez keçirilən rəsmi səfərlərimiz də isbat edir. İki dövlət arasında yaxşı münasibətlərin olması, iki xalqın yaxınlığından doğur. Kütləvi informasiya vasitələr də öhdəsinə düşənləri layiqincə yerinə yetirir. Buna baxmayaraq, medianın daha aydın işıqlandırılmasını ümid edirik".
Radio və Televiziya sahəsində yaradılacaq komissiyadan danışan Zərqami komissiyanın medianın hazırlayacağı proqramlara da nəzarət etməsinin lazım olduğunu deyib: "Media sahəsində müxtəlif mövzular ətrafında söhbət aparılmalıdır. Həm texniki, həm də mövcud mədəni cəhətlərin müzakirəsi aparılacaq. Radio – TV şəbəkəsi yararlı proqramlar hazırlamalıdır. Hər iki ölkə üçün hazırlanacaq bu proqramlar səmərəli olmalıdır. Müştərək komissiya buna nəzarət etməlidir".
Qeyd edək ki, 5-6 avqust tarixlərində Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin həmsədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 –cu iclasında rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi və yeni istiqamətləri müzakirə edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB