FIFA20 Milli Liqasının birinci mövsümü yekunlaşıb

Azərbaycanın FIFA20 üzrə ilk rəsmi liqası olan “FIFA20 Milli Liqası” başa çatıb. Aprelin 20-də start verilən və 20 komandanın qatıldığı çempionluq marafonuna 38 turdan sonra yekun vurulub. “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi və ümumi mükafat fondu 17 min manat olan yarışda kiberfutbol üzrə ölkənin ən təcrübəli idmançıları güclərini sınayıblar. SİA-nın məlumatına görə, birinci dövrədən sonra iki günlük transfer pəncərəsi isə bəzi klubların daha da güclənməsinə gətirib çıxarıb. Futbol azarkeşlərini pandemiya dövründə darıxmağa qoymayan Milli Liqa həm də kiberidmanın ölkəmizdə nə qədər inkişaf etdiyini göstərdi. Televiziya tamaşaçılarına İdman TV, internet istifadəçilərinə isə @glahub “twitch” kanalı vasitəsilə təqdim olunan turnirin bütün qarşılaşmalarına peşəkar şərhçilər daha da həyəcan qatıb. Futbolda yeni dövrün başlaması, kiberidmana peşəkar yanaşma və gənclərin bu sahədə düzgün istiqamətləndirilməsinə böyük təkan verən çempionatın ildə dörd mövsümünün keçirilməsi nəzərdə tutulur.

Çempionatın elə ilk turlarından liderliyi ələ keçirən və gücünü göstərən Cavid Qurbanov bu yeri sonadək qorumağa nail olub. Turnirin favoritlərindən olan 21 yaşlı Cavid və təmsil etdiyi “Nakhchivan Alinja Tower” cəmi bir dəfə uduzub. Altı dəfə heç-heçə edən bu komanda 31 matçda qələbə qazanıb. Bu göstərici ilə ümumilikdə 99 xal toplayan Naxçıvan təmsilçisi liqanın ilk mövsümünün çempionu adını qazanıb.

Çempionatda ikinci yeri güclülər sırasında yer alsa da, ilk turlarda zəif təsir bağışlayan Tural Həsənov tutub. Mübarizəyə “Karabakh Horses” kollektivi ilə qoşulan 20 yaşlı kiberidmançı köhlən atları çətinliklə “yəhərləsə” də ikinci dövrədən etibarən sözünü deməyə başlayıb. Komandasını meydana çıxardığı 38 oyunda 29 qalibiyyət əldə edən T.Həsənov 6 heç-heçə və 3 məğlubiyyətlə yekunda 93 xal toplayıb. Yekunda ən yaxın izləyicisini 12 xal qabaqlayan “Karabakh Horses” mövsümün ən çox qol vuran komandası adına da sahib olub.

Daha bir 20 yaşlı gənc və liqanın tapıntılarından olan Cavid Murtuzayevdir. Ona həvalə edilmiş “Kalbajar Wolves” klubu ilə uzun müddət liderlik mübarizəsi aparan Cavid sonradan büdrəsə də, nəticədə 81 xal toplayaraq turnir cədvəlinin üçüncüsü olmağı bacarıb. Hələ kiberidmançı karyerasının başlanğıcında olan Cavidi gələcəkdə daha böyük uğurlar və parlaq nəticələr gözləyir.

Çempionatın startında autsayderlərdən biri kimi görülən və bu oyunu ən az oynamış iştirakçı Ayxan Əliyev, elə ilk matçda hər kəsin yanıldığını sübut edib. Favoritlərdən Tural Həsənovun “Karabakh Horses” klubunundan xal qoparan “Shaki Khans” təmsilçisi liqanın gedişində də rəqiblərinə ustalığını göstərib. Ümumi nəticədə 4-cü pilləyə yiyələnən 23 yaşlı kiberidmançı keçirdiyi görüşlərin 23-də qələbəni bayram edib.

Turnir cədvəlinin 5-ci sırasındakı komandaya gəldikdə isə çox maraqlı və dramatik mövsüm ssenarisinin şahidi oluruq. “Shamakhi Lions” kollektivini idarə edən Rəhman Quliyev birinci dövrənin tamamında 8 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlik göstərici ilə 9-cu pillədə qərarlaşmışdı. Qeyri-sabit oyun tərzini yarışın gedişində dəyişməyə nail olan 21 yaşlı Şamaxı təmsilçisi favoritlər sırasına adını yazdırmağı da bacardı. Transfer fasiləsindən sonra təmsil etdiyi komandanın adına uyğun olaraq, aslanlar kimi şücaət göstərən Rəhman, qalibiyyətlərinin sayını 20-ə çatdıraraq ilk beşlikdəki yerini tutdu.

Odlar Yurdumuzun ən qədim guşələrindən birini təmsil edən “Qobustan Stones” və klubun həvalə edildiyi İbrahim Kərimov FIFA20 Milli Liqasının birinci mövsümünü 6-cı olaraq tamamlayıb. Ən güclü 8 pillə arasında, hamıdan çox qol buraxmasına baxmayaraq, rəqib qapılarına 100 dəfə yol tapan 4 iştirakçıdan biri olub. Keçirdiyi 38 görüşdə aktivinə 20 qələbə xalı yazdıran İbrahim, həm də çempionatın ən gənc kiberidmançısıdır. Hələ 19 yaşı olan Qobustan təmsilçisi əldə olunan nəticə ilə adının boş yerə favoritlər sırasında hallanmadığını sübut etməyi də bacarıb.

Mövsümün yekununda turnir cədvəlinin 7-ci sırası son matçda “Quba Tigers”i 2 cavabsız qolla üstələyərək xallarının sayını 63-ə çatdıran Anar Bədəlovun “Khizi Mountains” klubuna qismət olub. Səkkizinci pilləyə Nicat Aslanzadə və ona tapşırılan “Sumqayit Peacekeepers” kollektivi yiyələnib. Paytaxtımızın yeganə təmsilçisi “Old City White Pants” klubu isə doqquzuncu olub. Nihat Məmmədovun idarə etdiyi “ağ şalvarlılar” liqaya pis başlasalar da, sonradan özlərinə gəlməyi bacarıblar. Amma Nihatın qeyri-stabil oyunu komandanın dəfələrlə yer dəyişməsinə və orta sıralarda qalmasına gətirib çıxarıb.

Sıralamada 10-cu pillədən başlayaraq ardıcıl olaraq liqanın ortababları sayılan Oktay Məmmədovun “Ganja Poets”, transfer aralığında yarışa qoşulan Rüfət Niftəliyev və ona təhkim olunan “Quba Tigers”, eyni aqibətlə üzləşən Vahid Əfəndiyevin “Qazakh Ashiqs” klubu, Süleyman Quluzadənin keçid pəncərəsində təhvil aldığı “Shabran Carpets”, eləcə də yarı yolda Fərhad Ağayevə tapşırılan “Lankaran Heroes” kollektivləri yer alıblar. Əvvəldə göstərdiyi oyunu zamanla itirən Azər Əliyev və onun “Qakh Berkuts” yığması isə 15-ci yerdə qərarlaşaraq, ümidini növbəti mövsümə bağlayıb.

Turnir cədvəlində son 3 pilləni tutacaq komanda 2-ci liqaya yuvarlanacağı üçün 16-cı sıradan başlayaraq, son 5 klub arasında gərginlik günü-gündən artıb. Nəticədə Camal Baxşəliyevin idarə etdiyi “Neftchala Sailors” 16-cı, “Shaki Khans”ı doğma meydanda 4:2 hesabı ilə məğlub edən Fariz Zeynalovun “Zaqatala Foresters” komandası isə 17-ci olub. Zaqatala komandası ilə eyni xala malik “Gabala Eagles” və həmin kollektivə başçılıq edən Vüsal Şaxmalzadə, buraxılan qollardakı geriləməyə görə 18-ci yerdən ikinci liqaya yollanıblar. İlkin Aslanın rəhbərliyindəki “Tartar Soldiers” və sondan 1-ci Əli Eminovun idarə etdiyi “Mingachevir Energizers” klubları da Qəbələ qartallarına yol yoldaşı olublar.

FIFA20 Milli Liqası növbəti dəfə iyul-avqust aylarında ikinci mövsümü ilə izləyicilərin qarşısında olacaq. Həm kiberfutbol, həm də digər kiberidman həvəskarları “Gaming League Azerbaijan”ı sosial şəbəkələrdən izləyə bilərlər:

https://fifa.gla.az/ , https://www.instagram.com/glahub/ , https://www.facebook.com/glahub/ , https://www.twitch.tv/glahub .

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...