Neft və qaz sənayesi işçilərinin XVIII Spartakiadası başa çatıb

Hər il ənənəvi olaraq neftçilərin peşə bayramı ərəfəsində keçirilən neft və qaz sənayesi işçilərinin spartakiadasına yekun vurulub. SİA-nın məlumatına görə, ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən "Neftçi" İdman və Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 13-dən start götürmüş növbəti XVIII Spartakiada idmanın kütləviləşməsi, gənclərin sağlam həyat tərzi keçirməsi, neftçilərin asudə vaxtının səmərəli təşkil olunması istiqamətində atılan mühüm addımlardan biri kimi yadda qalıb.

Xatırladaq ki, spartakiadaya ARDNŞ-nin 35 müəssisəsinin komandası qatılıb. Yarışlarda 14 idman növü üzrə 1400-dən çox neftçi, o cümlədən 281 qadın iştirak edib. Yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növü üzrə isə "Start" İdman Kompleksində keçirilib. Ümumi komanda hesabında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu birinci, "Azərneftyağ" Neft Emalı Zavodu ikinci, Xəzər Dəniz Neft Donanması üçüncü yeri tutub.

Qaliblər "Neftçi" İdman və Sağlamlıq Mərkəzinin diplomu, qiymətli hədiyyə və kubokları ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə