“ “Formula-1” yarışlarının keçirilməsinin ölkəmizə faydaları böyükdür. Düzdür, bu yarışların keçirildiyi bir neçə gündə Bakı şəhərində yolların bağlanması ilə əlaqədar hərəkət çətinləşir və sakinlərdə müəyyən qədər narahatlıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, bu yarışların faydalarını sadalayanda həqiqətən dünya səviyyəli bir yarışmanın Azərbaycanda keçirilməsinin çox əhəmiyyətli olduğunu görürük: “Birincisi “Formula-1” yarışları dünyanın əksər ölkələrində çox maraqla izlənilir. Biz xarici səfərlərdə tanımadığımız insanlarla ünsiyyətdə olanda Azərbaycandan olduğumuzu bildirəndə o saat “Formula-1”dən danışırlar. Bu o deməkdir ki, Azərbaycanı dünyanın hər bir qitəsində tanıdılması baxımından “Formula-1” yarışların əhəmiyyəti çoxdur. “Formula-1” yarışlarına baxmaq üçün müxtəlif ölkələrdən minlərlə turist ölkəmizə səfər edir. Təbii ki, xarici turistlərin gəlməsi ölkəmizə xarici valyutanın gəlməsi deməkdir. Bu da iqtisadiyyatımızın möhkəmlənməsinə öz töhfəsini verir. Ümumiyyətlə “Formula-1” yarışları ölkəmizin turizm potensialının, mədəniyyətimizin tanıdılmasında xüsusi rol oynayır. Təbii ki, “Formula-1” yarışlarına maraq göstərən xarici turistlər ilin istənilən mövsümündə ölkəmizə gələn turistlərin sayının artmasına töhfə verir. Həm də belə yarışlar və beynəlxalq tədbirlər hər bir ölkənin inkişafını sürətləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə