Ötən həftə türk futbolsevərlər, eləcə də mənim üçün səs-küy yaradacaq hadisə baş verdi. Adı qələbələrlə yanaşı qalmaqallarla və qovulmalarla hallanan, ümidləri doğrultmayan baş məşqçi Joze Mourinyo, sevimli komandam Fənərbaxça ilə yollarını ayırdı. Bu qərar isə təkcə Benfika ilə oyunun nəticəsinə bağlı deyildi.
Bildiyimiz kimi, Mourinyo futbol fəlsəfəsi, sərt nizam-intizam, müdafiə futbolu və komanda üzərində tam hakimiyyət prinsipi ilə tanınır. Lakin məşhur baş məşqçinin bu yanaşması Fənərbaxça azarkeşləri və rəhbərliyin gözləntiləri ilə toqquşdu. Mourinyo, Çempionlar Liqasında Benfika qarşısında məğlubiyyətlə nəticələnən oyunda “bardağı daşırdı.” Sonuncu məğlubiyyət prosesi sürətləndirdi, klub prezidenti ilə münasibətlərdə yaranan gərginlik isə onun ayrılmasına səbəb oldu.
Mourinyo dünya miqyasında böyük nüfuza malik olsa da, heç vaxt kiçik məğlubiyyətlər səbəbindən qurban gedən məşqçi olmayıb.
Fənərbaxçada da eyni vəziyyət yaşandı: rəhbərlik hücum futbolu, nəticə və uğurlar istəyir, Mourinyo isə klassik müdafiə taktikasında israr edirdi. Bu taktika komandanın geriləməsinə səbəb olurdu və müasir futbolun tələblərinə cavab vermirdi.
Əslində, Mourinyo üçün bu, ilk və son “sürpriz” deyil. "Çelsi"dən, "Real Madrid" və "Mançester Yunayted"dən, "Roma" və "Tottenhem"dən də oxşar ssenarilərlə ayrılmışdı. O, hər dəfə böyük iddialarla gəlir, qısa müddətdə uğur qazanır, lakin klub rəhbərliyi ilə fikir ayrılığı yarananda yol ayrıcına gəlir. Fənərbaxça azarkeşi olaraq dünya şöhrətli məşqçinin komandadan ayrılmasına təəssüflənsənm də, nəticələrin dəyişməsi üçün yeni nəfəs və ümidə arxayınam.
Mourinyonun qovulması, yuxarıda qeyd etdiyi kimi, sadəcə bir məğlubiyyət deyildi. Bu, gözləntilər, fəlsəfələr və böyük xərclərin toqquşmasının təbii nəticəsi idi. Bütün bunlara baxmayaraq o, yenə öz yolunu tapacaq. Çünki futbol aləmində Mourinyo həmişə yeni qapıları açmağı bacarıb.
Allah qapısını açsın...
Savalan Talıblı
Bütün xəbərlər Facebook səhifəmizdə