27 illik həsrətin izi ilə - Cəbrayıl qələbəsinin ikinci ildönümü

Cəbrayıl rayonunun işğaldan azad edilməsindən iki il ötür. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon zəngin yeraltı sərvətlərə malikdir. Hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxtlarda dəmir filizi, neft yataqları olan Cəbrayıl üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla nəinki respublika səviyyəsində, bütün ittifaq miqyasında da məşhur idi. Rayonda elm, təhsil, mədəniyyət yüksək səviyyədə inkişaf etmişdi. Təsadüfi deyil ki, bu gün Cəbrayıl rayonundan yüzlərlə alim yetişib. Təkcə Soltanlı kəndində olan elm xadimlərinin sayı onlarladır.

İşğala qədər rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi mövcud olub. İşğal müddətində Cəbrayıl rayonu milyardlarla dollar ziyana məruz qalıb. Rayonun tarixi abidələri dağıdılıb, yerlə-yeksan edilib. “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələr bu qəbildəndir.

Azərbaycanın ilk qələbəsi də məhz Cəbrayıl rayonu ilə bağlı olub. Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə Azərbaycanın mənəvi haqq savaşına start verilib. Bu savaş xalqımızın ən yüksək həmrəylik nümunələrindən biri kimi tarixə həkk olunub. 44 günlük Vətən müharibəsində Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Cənab Prezident İlham Əliyev işğaldan azad olunan Cəbrayıla ilk səfəri zamanı şəhərin mərkəzini göstərərək onun xarabalığa qaldığını nümayiş etdirib. Ardınca bəyan edib ki, Cəbrayıl dirçələcək, buraya həyat qayıdacaq və biz Cəbrayılı tam şəkildə bərpa edəcəyik. Müzəffər Ali Baş Komandan tərəfindən Azərbaycan bayrağının Xudafərin körpüsündə ucaldılması xalqımızın qürur və şərəf tarixidir. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və ölkə başçısının bu körpüdə Azərbaycan bayrağını ucaltması həm də böyük siyasi məna kəsb edir. Bu gün Cəbrayıl yenidən inşa olunur. Burada yeni yollar və infrastruktur yaradılır.

İddialara görə, Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Bu gün Cəbrayıl atanın da ruhu şaddır. Onun da məzarlığı düşmən tapdağından xilas olunub.

Və hər birimiz bu möhtəşəm qələbəyə görə, Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq!

Nihad Allahyarlı

"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə