Donuz ətindən istifadə edənlər- DİQQƏT! - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

İslam dini bir çox heyvanların ətlərini yeməyi sərbəst buraxarkən, bəzilərini yeməyi qadağan edib. Yəqin ki, bütün müsəlmanlar donuzun yeyilməsinin haram buyurulduğunu bilir. Hər bir müsəlman donuz ətinin haram olduğunu bilir. Bəs, donuz əti dinimizdə niyə haram kimi qəbul edilir?

SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini bildirib ki, müqəddəs Qurani-Kərimin Maidə surəsinin üçüncü ayəsində donuz əti, ölmüş heyvan və bir çox əməllər və hərəkətlərin haram olduğunu buyurulub: "Əgər, dində hər hansı bir şey haram buyrulursa, ona izah və təhlil verməyə ehtiyac yoxdur. Müqəddəs Qurani-Kərim bunu müəyyən ayələrdə açıqlamasını verir. Bu günə qədər din alimləri və mütəxəssislər donuzun orqanizm üçün nə dərəcədə xəstəlikli və yoluxucu olması baxımından məsləhət görmürlər. İslam dinində Quran baxımından bu ət haram və qadağandırsa, deməli bu ətdə böyük ziyanlar var. Allah təala yaratdığı bütün varlıqları dünyada məna və dəyər üçün yaradıb. Hər birinin dəyəri, yeri və mənası var. İnsan yediyi qidaların müqabilində xisləti də formalaşır. Ona görə də İslam dinində donuz ətinin yeyilməsinə insan ondan qidalandıqca onun xarakter və xasiyyəti də formalaşa bilir. Dinimizdə xırda buynuzlu heyvanların yəni qoyun və quzunun yeyilməsi məsləhət görülür. Bu heyvanlar çox həlim, təmiz və pakdır. Alimlər, tədqiqatçılar, mütəxəssislər donuz ətinin qadağan olunması ilə bağlı müxtəlif şərhlər və izahlar veriblər".

Fuad Nurullayev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ümumiyyətlə donuzun yaşayış tərzi digər heyvanlardan çox fərqlidir: "Donuz ətinin tərkibində insan orqanizmi üçün təhlükəli olan mikroblar var. Qida mühəndislərinin dediklərinə görə, donuz əti 100 dərəcədə qaynasa belə tərkibində olan mikroblar ölmür. İnsanın donuz ətinin yeməsi ona həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən mənfi təsir edir. Alimlər də məsləhət görür ki, insanlar qidalanarkən təmiz və pak nemətlərdən qidalanmalıdırlar. İnsan ət yeməlidir, amma ki, səhər-axşam ət yeməyə ehtiyac yoxdur. Müasir tibb inkişaf etdikcə, həqiqətən də donuz orqanizminin insan orqanizminə oxşarlığı sübuta yetirilir. Donuz ətində müəyyən xəstəliklər, bakteriyalar daha çox olur. Ona görə də donuz əti yeyən insanlarda trixin deyilən xəstəliyə daha çox rast gəlinir. Bütün bunlar göstərir ki, Allahın haram buyurduğu heç bir şeydə xeyir ola bilməz. Tibbin özü də inkişaf etdikcə bu məsələnin mahiyyətini bizə təqdim edir. Bunları daha da dərindən öyrənmək üçün mükəmməl tibbi biliyə və savada sahib olmaq daha gözəl olardı”.

Bəs, donuz əti insan orqanizmi üçün faydalıdırmı?

Qida üzrə baş mütəxəssis Ağa Salamov SİA-ya bildirib ki, donuz ümumiyyətlə, İslam dünyasında haram məhsul sayılır: "Amma bəzi şərtlər var. Məsələn acından ölməmək üçün məcburiyyət qarşısında donuz əti yemək mümkündür. Donuza düşmən kimi baxan “müsəlmanlar” var. Amma bu düşüncə düzgün bir düşüncə deyil. Çünki donuzu yaradan Allahdır. Donuzun əti haramdır deyə onu vurub öldürmək düzgün deyil.

Ağa Salamov sözlərinə davam edərək həmçinin qeyd edib ki, donuz ətinin tərkibindəki olan sutoksin adlı maddə donuz ətinin vasitəsilə insan orqanizminə keçir və qanda müəyyən iltihabların yaranmasına yol açır: "Bunlardan biri də limfaların soyuqlanmasıdır. Bu xəstəlik həmçinin "scrofulous" xəstəliyi kimi tanınır. Bu xəstəlik donuz əti yeyın insanlarda tez-tez görünür. Bildiyimiz donuz bakteriyası çox olan heyvandır. Çünki donuz hər şey ilə qidalanır. Donuzun bu xüsusiyyəti olduğuna görə onun ətində mikrobioloji çirklənmə olur. Onun əti hətta emal olunanda belə insanın hər hansı bir yarasına donuz əti dəyirsə həmin yara çirk etməyə başlayır. Donuz ətini istehlak edən şəxslərdə orqanizmdə bir çox xəstəliklər, fəsatlar yaranır. Bu səbəbdən İslam dünyasında haramdır.

Bundan əlavə olaraq donuz ətində kükürd çoxdur. Kükürdün çox olması fəqərələrdə oynaqlarda toxumaların yığılmasına, beldə yırtıqların yaranmasına səbəb olur. Ona görə də donuz ətindən uzaq durmaq lazımdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə