Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizin ağır və kritik dövründən çıxmasına səbəb oldu - DEPUTAT DANIŞDI
"Heydər Əliyevin böyük siyasi təcrübəsi, uzaqgörənliyi və şəxsi nüfuzu Azərbaycanın inkişafında həlledici rol oynamışdır. Qeyd etmək yerinə düşər ki, hələ Sovet dövründə məhz onun rəhbərliyi altında Azərbaycan SSR inkişaf yoluna qədəm qoymuşdu. Onun rəhbərliyi ilə Azərbaycan Sovet Respublikaları arasında iqtisadi baxımdan öncül yerlərdən birinə yüksəlmişdi. Bu dövrdə Respublikada 200-dən çox iri sənaye müəssisəsi inşa olunmuşdu. Geniş imkanları, idarəetmə təcrübəsi və xalqla olan sıx ünsiyyəti onun uğurlarının əsasını təşkil edirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmənov deyib.
Onun sözlərinə görə, 1993-cü ildə xalqın israrlı tələb və təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin ağır və kritik bir dövründən çıxmasına səbəb oldu: "O zaman ölkədə iqtisadiyyat demək olar ki, dağılmışdı, inflyasiya 1000%-i keçirdi, sənaye və kənd təsərrüfatı sahələri iflic vəziyyətində idi. Ermənistanla müharibə şəraiti hökm sürürdü, daxildə isə ciddi çaxnaşmalar baş verməkdə idi. Belə bir mürəkkəb vəziyyətdə yalnız Heydər Əliyev kimi təcrübəli və xalqın etimadını qazanan bir lider Azərbaycanı bu böhrandan çıxara bilərdi. Xalq ona ümid edərək hakimiyyətə gəlməsini istədi.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə sürətli inkişaf müşahidə olundu. Daxili qarşıdurmalara son qoyuldu və çöküş vəziyyətində olan iqtisadiyyat sürətlə dirçəlməyə başladı. "Əsrin müqaviləsi" imzalandı ki, bunun da nəticəsində Azərbaycana milyardlarla ABŞ dolları investisiya cəlb olundu. Zavod və fabriklər fəaliyyətini bərpa etdi, yeniləri inşa olundu, 1993–2003-cü illər arasında Azərbaycanda yüzminlərlə iş yeri açıldı və infrastruktur formalaşdı. Həmçinin Azərbaycanın hərbi gücü artdı, təhsil sahəsində islahatlara start verildi və minlərlə tələbə dövlət proqramları hesabına xaricdə təhsil almaq imkanı qazandı. Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi və ölkədaxili sabitlik tam bərpa edildi. Yeni Konstitusiya qəbul olundu, bütün sahələrdə islahatlar həyata keçirildi və qısa müddətdə öz müsbət nəticəsini verdi.
Onu da qeyd etməliyəm ki, Ulu Öndərin rəhbərliyi dövründə təkcə paytaxtda deyil, regionlarda da iqtisadi inkişaf sürətləndi. 1995–2003-cü illər arasında Azərbaycanın şəhərləri və rayonları mərkəzlərində infrastruktur layihələri icra olundu. Milli iqtisadiyyata xarici investisiyalar cəlb edildi, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı. Bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına zəmin verdi.
Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında onun siyasi kursu uğurla davam etdirilir. Xüsusilə 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan doğma torpaqlarımızı azad etdi. Beləliklə, cənab Prezident İlham Əliyev ata vəsiyyətini uğurla həyata keçirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə