150 illik ənənə davam edir TƏHLİL

Müstəqil mətbuatın yaradılması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır

Bu gün Azərbaycan siyasi, iqtisadi, diplomatik, hərbi və digər sahələrdə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan dövlətlərdən biri kimi tanınır və qəbul edilir. 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsi ölkəmizin dünya miqyasında gücünə yeni güc qatdı, hörmətini, nüfuzunu yüksəkliklərə qaldırdı. Söz yox ki, uğurların, qələbələrin əldə olunmasında ölkə mətbuatının da müstəsna rolu mövcuddur. Azərbaycan mətbuatı çətin, ağır, həm də şərəfli yol keçib və bu gün dünyada azad, müstəqil medialardan biri olaraq tanınır. Hər il "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. 2025-ci il Azərbaycan Milli Mətbuatının 150 illiyidir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb...

"Əkinçi" xalqın oyanışında, milli dirçəlişində əhəmiyyətli rol oynadı

Azərbaycan mətbuatının bünövrəsi 1875-ci ilin 22 iyulunda maarifçi ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin işıq üzü görülməsi ilə qoyulub. Azərbaycan dilində nəşr edilən qəzet o dövrdə əhalinin maariflənməsində, özünüdərkində müstəsna rol oynadı. Qəzet 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, əhalinin maariflənməsində, özünüdərkində, milli mətbuatın təşəkkül tapmasında müstəsna rol oynadı. Məhz "Əkinçi"dən başlayan mətbuat yolu sonrakı illərdə "Ziya", "Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin" və s. nəşrlər xalqın oyanışında, milli dirçəlişində əhəmiyyətli işıq olmuşdur. Cəmi 23 ay fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti dövründə də əsası "Əkinçi"dən qoyulan ənənə böyük fədakarlıqla davam etdirilmişdir. O dövrdə 150-yə yaxın qəzet və jurnalın, o cümlədən də Üzeyir bəy Hacıbəylinin və Ceyhun bəy Hacıbəylilərin böyük əməyi və zəhmətləri sayəsində 1919-cu ildən nəşr olunan "Azərbaycan" qəzetinin nəşrə başlaması əcdadlarımızın mirasına, irsinə sahib çıxıb, onları yaşatmağı bacardıqlarının nümayişi olmuşdur.

Sovetlər dövründə müstəqil, milli mətbuatın formalaşmasına və inkişafına əngəllərin yaradılmasına cəhdlər göstərilsə də işıqlı insanlarımızın, maarifpərvər ziyalılarımızın prinsipiallığı və qətiyyəti sayəsində xalqın istək və tələblərinə uyğun qəzetlərin, jurnalların nəşr olunmasına nail olunmuşdur. O dövrün sərt qaydalarına baxmayaraq Azərbaycanın milli mətbuatı min illik xalqımıza məxsus olan dəyərlərini, milli irsini cəmiyyətə təqdim etməyi bacarmışdır. Bu baxımdandır ki, keçmiş sovetlər ittifaqında ən azad və sərbəst olaraq sözünü deməyi, fikrini ifadə etməyi bacaran Azərbaycan mediası olmuşdur.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycan mətbuatının yeni dövrün tələblərinə uyğun olaraq formalaşmasının əsası qoyuldu. Bu halda belə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı müstəqil mətbuatı buxovlamağa, söz azadlığına maneələr törətməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. AXC-Müsavat hakimiyyəti dövründə azad media təmsilçiləri təqib olundular, TV-lərdə keçirilən canlı yayımlara basqınlar təşkil edib, jurnalistləri döyüb, təhqir etdilər, avtomobillərinin "baqaj"larına basıb alçaltdılar, ancaq xalqın ziyalılarının azad düşüncəsini, fikir plüralizmini əlindən ala bilmədilər. "Pis günün ömrü az olar", - deyiblər.

Azad və müstəqil mətbuatın yaradıcısı

Azad medianın boğulması, fikir azadlıqlarına əngəllərin yaradılmasına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə son qoyuldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi mətbuatın inkişaf tarixində də yenidən dövrün əsası qoyuldu. Qısa müddətdə müstəqil media yaradıldı, azad düşüncəyə, demokratik fəaliyyətə üstünlük verən peşəkar jurnalistlər formalaşdı. Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə Azərbaycan mətbuatı üzərindəki senzura ləğv edildi. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırmışdır. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında verilən Fərman və sərəncamlar mətbuata göstərilən qayğının miqyasını daha da artırmışdır. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır. Bu baxımdan birmənalı şəkildə demək olar ki, Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması Ulu Öndərimiz Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ölkəmizin jurnalistləri Ulu Öndərimiz Heydər Əliyevin xeyirxahlığını, böyük dəstəyini, himayədarlığını daim yüksək qiymətləndirib. Bunun nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.

Ulu Öndərimiz Heydər Əliyevin xeyirli, gərəkli media siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə hər cür dəstəyini göstərir. 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqləmişdir. Həmin il qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları silinmiş və 30-a yaxın KİV-ə maddi yardım edilmiş, 140-dək jurnalistə təqaüdlər, fəxri adlar, orden və medallar verilmişdir. Bütün hallarda Prezident İlham Əliyev jurnalistlərin maraq və mənafeyni qoruyub, onların sosial-məişət problemlərinin həll edilməsi istiqamətində fərman və sərəncamlar imzalayıb. Məhz bu kimi xeyirxahlığına görə, Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin yaxın dostuna, sirdaşına çevrilib. Təsadüfi deyil ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu il dekabrın 1-dən 20-dək "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, ölkə Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir

Bu gün Azərbaycanda istənilən hüquqi və fiziki şəxs sadə prosedurları keçməklə qəzet açmaq, sayt yaratmaq, internet televiziyaları təsis edə bilər. Ölkəmiz Avropa məkanında yeganə ölkədir ki, qəzet açmaq, sayt yaratmaq, internet televiziyalar təsis etmək üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur. Bu baxımdandır ki, region ölkələri ilə müqayisədə Azərbaycanda media subyektlərinin sayı daha çoxdur. Hazırda ölkəmizdə 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüş, 80-ə yaxın informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı və MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlar yaradır. Müsbət məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkəmizdə keçirilən istənilən beynəlxalq tədbirlərdə MEDİA Agentliyi fəallığı ilə seçilir. Noyabrın 11-22 aralığında ölkəmizdə keçirilən COP29 konfransında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi regional və qlobal təhlükəsizlik sisteminin təmin olunması, qarşılıqlı əməkdaşlıq platformalarının reallaşdırılması baxımda dünyanın media orqanları ilə çoxtərəfli əməkdaşlıq əlaqələri qurmağa nail oldu. Dövlətimizin apardığı mükəmməl işlərin, MEDİA Agentliyinin xarici KİV-lərlə səmərəli əməkdaşlığının nəticəsi olaraq xarici KİV-lər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı reallığı əks etdirən fikirlər və yazılarla çıxış etmişlər. "Komsomolski pravda", "Financial Times", "The Guardian", "Bloomberg", "Reuters" "Euronews" kanalı, Türkiyənin "TRT Haber" telekanal, "Anadolu" Xəbər Agentliyi, "TRT Avaz", "Star" qəzeti, İtaliyanın "il Manifesto", "Meteo Giornale", "Editoriale Domani", "Avvenire", "Upday" ,"Bild", "ZDF Heute", "Deutsche Welle", "Tagesschau", "Freitag", "Sueddeutsche" və bu kim digər dünyanın nüfuzlu media qurumları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransını dünya tarixində ən mükəmməl konfrans adlandırmış və aparılan müzakirələr, qəbul olunan qərarlar haqqında müsbət xarakterli geniş və əhatəli verilişlər yayımlayıb, informasiyalar paylaşıblar.

Azərbaycan informasiya savaşında da qalibdir

Görünən ondan ibarətdir ki, Azərbaycanın bütün sahələr üzrə güclənməsi yerli və xarici maraqlı dairələri ciddi narahat edir. Vaxtaşırı olaraq Azərbaycana qarşı aparılan çirkin qara piar kampaniyasının əsas hədəfi Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlara kölgə salmaq olub. Bu hal xüsusilə də, Azərbaycanın 2020-ci ilin sentyabrın 27-də başladılan və 44 gün davam edən Vətən Müharibəsi dövründə və 2023-cü il 19 sentyabr tarixində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı özünü daha açıq formada göstərib. Lakin medianın peşəkarlığı öz sözünü deməyi bacardı. Vətən müharibəsində, eləcə də antiterror tədbirlərində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanmağı bacardı.

Azərbaycan KİV-lər birlik və bərabərlik nümayiş etdirməklə xarici təxribatçılara və Ermənistanın pozucu dezinformasiya daşıyıcılarına ən sərt cavabını verdi. Xalqın Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordunun ətrafında sıx birləşməsi və bu birliyi Azərbaycan mediasının qurduğu peşəkar təbliğatı ilə daha möhkəmlənməsi ölkəmizin Ermənistanın və onun himayədarları üzərində hərbi, siyasi, diplomatik qələbə qazanmasına səbəb oldu. Bu qələbə Azərbaycan mediasını daha da ruhlandırdı, jurnalistlərin daha səmərəli və peşəkar davranış nümayiş etdirməsinə stimul yaratdı.

Söz yox ki, media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun islahatların aparılması KİV-lərin inkişafına və jurnalist peşəkarlığının artırılmasına təkan verir. Məhz bundan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin fevral ayının 8-də "Media haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Bir sözlə, bünövrəsi "Əkinçi"dən qoyulan dürüstlük, ədalətli mövqe, hadisələrə peşəkar yanaşma, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutmaq fəaliyyəti bugünkü azad və müstəqil medianın timsalında daha da inkişaf etməkdədir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı jurnalistlərin özlərinə olan inamı artıracaq və zəngin mətbu irsimizin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətlərinin daha da güclənməsinə yardımçı olacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə