Qaliblər mükafatlandırılıb

Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan minifutbol və şahmat turnirinin qaliblərinə hədiyyələr təqdim edilib

İyulun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan minifutbol və şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalibləri təbrik edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bugünümüz üçün yaratdığı möhkəm təməldən geniş söz açıb: "Xoşbəxt gənclərsiniz ki, ulu öndər Heydər Əliyevin yenidən qurduğu, dövlət başçısı İlham Əliyevin təkmil islahatları ilə sürətlə inkişaf etdirdiyi, innovasiyalar ölkəsinə çevirdiyi qalib Azərbaycanın vətəndaşlarısınız. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizin qürurunu yaşayır, böyük Qələbəmizin yaratdığı reallıqların fonunda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bu ilin mühüm hadisələri sırasında yer alan Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayı bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun bütün dünyaya təqdimatı oldu. Nailiyyətlərimizin zirvəsində tarixi Zəfərimizin əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və hazırda bu xəttin Prezident, qalib Sərkərdə cənab İlham Əliyevin uğurla davam etdirməsi dayanır. Qarabağ Zəfəri gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycanın vətənpərvər oğulları qanları, canları ilə tarix yazıb 44 gündə 30 ilin işğalına son qoydular".

Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü məhz bu tarixi Qələbə ruhunda qeyd etdik. Bununla bağlı rayon ərazisində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Minifutbol və şahmat turniri də bu tədbirlər sılsiləsindən idi.

YAP Xətai rayon təşkilatının sədri məktəblilər arasında keçirilən bu yarışın əhəmiyyətindən, Heydər Əliyev ideyalarının təbliğində rolundan geniş bəhs edərək bildirib ki, idmana diqqət və qayğı Ümummilli Liderin siyasətinin əsas tərkib hissəsi idi: "Ulu öndər Heydər Əliyev gənclərimizin sağlam ruhda böyüməsinə çağırışlar edir, idmanın da bir siyasət olduğunu bildirirdi. Bu baxımdan ki, idman meydançalarında qazanılan hər bir qələbə Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasına, Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə yol açır. Bu da nəticə etibarı ilə ölkəmizin beynəlxalq arenada təqdimatı, milli qürurumuz və milli kimliyimizdir. Eyni zamanda, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, üçrəngli bayrağımız azad Qarabağda, o cümlədən azad Şuşada dalğalanır".

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov məktəbliləri qazandıqları qələbə münasibətilə təbrik edib və onlara uğurlarının davamlı olmasını arzulayıb: "Ulu öndər Heydər Əliyevin adı ilə bağlı tədbirin iştirakçısı olmaq, bu dahi şəxsiyyətin əziz xatirəsinə həsr edilən yarışda uğur qazanmaq böyük xoşbəxtlikdir. Ümummilli Lider daim Azərbaycan gəncliyinin bu günü və gələcəyi üçün çalışırdı. Onun hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək gənclərə diqqət və qayğının həyata keçirilən siyasətin önündə dayandığını görərik. Ulu Öndərin əsas tövsiyələrindən biri onların mükəmməl təhsilə, biliyə, savada malik olmaları, yüksək ixtisaslı kadr kimi yetişib Azərbaycanın gələcək inkişafına öz töhfələrini vermələri idi. Bununla bərabər, Ulu Öndər gənclərin sağlam olmasını da əsas məsələ kimi öndə saxlayırdı. Ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı bugünümüzün reallıqlarında öz əksini tapır".

E.Əhmədov vurğulayıb ki, bu gün Heydər Əliyev siyasətinin uğurlu davamı bütün sahələrdə, o cümlədən idmanda özünü aydın şəkildə göstərir: "Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq beynəlxalq yarışlarda qalib gələn idmançılarımızı qəbul etməsi, qalib ölkənin vətəndaşları kimi onların qarşılarında dayanan vəzifələrdən bəhs etməsi qürurvericidir. Bu fikir daim diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsinə qədər keçirilən beynəlxalq idman yarışlarında Azərbaycanı təmsil edərkən əsas məqsəd qalib gəlmək, bayrağımızın yüksəklərdə dalğalanmasına nail olmaq idisə, idmançılarımız bu gün artıq ikiqat məsuliyyət daşıyırlar. Çünki onlar qalib ölkəni təmsil edirlər. Bu Zəfəri daim qorumalı, qalib Azərbaycanın uğurlarının təbliğinə hər birimiz öz töhfəmizi verməliyik".

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov bu arzu ilə məktəblilərə müraciət edib ki, dünya arenasında ölkəmizi təmsil edib, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırsınlar. Bunun üçün ölkəmizdə həm idmanın inkişafına böyük dəstək var, həm də Azərbaycan gəncələri vətənpərvər, torpağına bağlı gənclərdir.

Anar Məmmədov bildirib ki, bu gün hər birimiz qalib Azərbaycanımızla qürur duyur, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan naillyətlərin davamlılığına töhfələr verməyə səy göstəririk: "Bu gün Azərbaycana hansı istiqamətdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Artıq azad Qarabağımızın, Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi içtiqamətində böyük quruculuq işləri həyata keçirilir. Bu gün azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkan seçilir. Butün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir".

Sonda minifutbol və şahmat turnirinin qaliblərinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...