Reklam olunursa, satılıqdırmı? - ARAŞDIRMA

Yemək-içmək insan üçün zəruri ehtiyac olduğu kimi, geyinmək, cəmiyyətdə gözəl görünmək də bir o qədər vacibdir. Bədən xarici təsirlərdən ancaq geyimlə qorunur, eyblərdən xilas olur və gözəlliyini kamilləşdirir.

Modaya uyğun geyinmək, hər zaman baxımlı və özəl görünmək qadınlar üçün ən vacib məsələlərdən biridir. ABŞ psixoloqu Cennifer Baumgartner izləyiciləri ilə bir qadının içində mövcud olan və gizli qalan ehtirasların geyindikləri paltarla ortaya çıxdığını açıqlayıb.

İş yerində köynək düymələrini sonuna qədər bağlayan qadınlar, işəgötürənlərinə "qadınlığı vurğulamağın zəiflik əlaməti olduğu" mesajını verirlər. Kitabdakı başqa bir nümunə gənc və yaşlı qadınları müqayisə edir. Qısa ətəkdə çölə çıxan gənc qız insanların diqqətini çəkmək istədiyi halda, oxşar geyimdə bayıra çıxan yaşlı qadın yaşını gizlətməyə meyillidir. Baumgartner geyim və duyğu arasındakı əlaqəni belə ifadə edib: "Geydiyimiz şey daxili dünyamızda baş verən hər şeyi xarici dünyaya əks etdirən bir aynaya bənzəyir”.

Aparılan bir araşdırmaya görə, qadınların, xüsusən də yumurtlama zamanı dekolte geyinməsinin səbəbi kişilər üçün deyil, digər qadınları qorxutmaqdır. Türkiyəli mütəxəssislər də oxşar nəticələrə malik araşdırmaların daha əvvəl aparıldığını və bu dəyişikliyin qadınlar üçün qaçılmaz olduğunu vurğulayırlar. Qadın xəstəlikləri üzrə mütəxəssislər yumurtlama dövründə qadın orqanizmində qadın hormonu estrogeninin 150, hətta 200 dəfə artdığını və bunun qadınlıq duyğularının artmasına səbəb olduğunu bildirir. Mütəxəssislər bu dövrdə qadının özünü göstərmək istəyinin artdığını söyləyir. Onlar geyinir, bəzənir və daha qadına xas davranır.

Geyinmək təbiidir və insanın həm fiziki, həm də mənəvi ehtiyacıdır. Necə ki, Həzrəti Adəm və Həzrəti Həvvanın cənnətdə başqa insanlar olmadığı halda, utancaqlıqlarından yarpaqlarla üzlərini örtməyə çalışmaları, bunun insan təbiəti üçün ən köklü xüsusiyyətlərdən biri olduğunun göstəricisidir. Heç kim paltarsız qalmaq və ya başqasını paltarsız görmək istəməz. Halbuki insan həm xeyirə, həm də şərə meyillidir. Pisliyə üz tutsa, zaman keçdikcə fitrəti pisləşər.

İslamda qadının qadına sətr-i övrəti: Göbək ilə diz qapağı arasındakı yerlər ana-qız olsa belə, açılması və baxılması haram olan yerlərdir. Lakin xəstəlik, qocalara qulluq və s. fövqəladə hallar müstəsnadır.

Kişilərin kişilərə sətr-i övrəti: Göbəklə diz qapağı arasındadır. Ata oğul olsa belə açıb baxması haram olan yerlərdir.

Kişinin qadına sətr-i övrəti: Göbəklə diz qapağı arasındadır.

Qadının kişilərə sətr-i övrəti: Qadınların kişilərə sətr-i övrətini üç başlıq altında nəzərdən keçirə bilərik:

Məhrəm

Nəməhrəmlər

Həyat yoldaşı

Hər insan çılpaq doğulur. Allah isə insanlara ayıblarını örtəcək paltarlar verib. Belə ki, insanlar həm soyuqdan, həm istidən, həm də çılpaqlıqdan qoruna, başqalarının görməsi halal olmayan yerləri libas sayəsində örtməyi bacarırdılar. Allaha hörmət edənlər bilirlər ki, eyblərini paltarları ilə örtmək onların vəzifəsidir.

Gözəl geyinmək və geyiminə diqqət etmək həm Allahın, həm də Rəsulunun istədiyi və sevdiyi şeylərdəndir. Müsəlmanın geyiminin gözəl və səliqəli olması İslam tərbiyəsinin tələbidir. Geyinmə qaydaları İslam dinində qısaca belədir:

-Paltar “Bəsmələ” ilə geyinilməlidir.

-Geyim bədənin cizgilərini açacaq qədər dar olmamalıdır.

-Paltar bədənin cizgilərini göstərəcək qədər nazik (şəffaf) olmamalıdır.

-Geyim halal və təmiz olmalıdır.

-Kişilərə ipək paltar geymək, qızıl üzük taxmaq və qızıldan hər hansı bir şəkildə istifadə etmək haramdır.

-Sağ tərəfdən başlayaraq paltar və ayaqqabı geyinməlidir.

-Cümə günü əvvəlcə yeni paltar geyinib Allaha şükür etməlidir. (Bu, cümə gününə göstərilən ehtiramın növbəti ifadəsidir. Çünki cümə günü möminlərin həftəlik bayramıdır.)

-Dini bayramlarda yeni paltar almağa qayğı göstərməli, corab olsa belə bayrama hörmət etməlidir.

-Evdən çıxarkən güzgüdə özümüzə baxmağı vərdiş edin.

-Ağır əşyaları cibində daşımağı vərdiş etməməlidir.

-Paltarın təmiz sayılması üçün ilk növbədə sidiyin çirklənməməsi lazımdır. O, bu məsələdə çox diqqətli olmalıdır.

-Mağaza satıcılarının təkidi ilə alınan paltarlar evdə geyinildikdə xoş olmaya bilər. Bunun üçün bəyənərək paltar almalıdır.

-Qonaq gələndə onu səliqəli və təmiz paltarla qarşılamalıdır.

-Qadınlar bilməlidirlər ki, qadın paltarı kişilərə, kişi paltarları qadınlara haramdır.

-Gördüyü hər paltarı almamalıdır.

-Qeyri-müsəlmanlara məxsus paltar geyinməməli,

-Kişilər üçün ən uyğun olan düz geyimdir. Bəzək kimi saat və üzük kifayətdir. Zərif üzüklər, bilərziklər və ya boyunbağılar kimi şeylərdən qaçınmaq lazımdır.

-Dində qeyd olunur ki, qadınlar zinət əşyalarını naməhrəmlərə göstərməməlidirlər.

-Qeyri-adi rəng və modellərdən qaçınmaq lazımdır, dəbdəbəli paltarlar gözləri yorur və tez dəbdən çıxır.

-Paltarda canlı şəkillər olmamalıdır.

-Sərvət həm də nemətdir. Bunun göstəricisi geyimdə də əks olunmalıdır.

-Hər kəs öz maddi vəziyyətinə uyğun geyinməlidir.

Bəs, açıq saçıq geyinənlər bunu sırf diqqət çəkmək üçün edir? Bu geyimlər niyə birmənalı qarşılanmır? İnsana geyiminə görə qiymət vermək olarmı? SİA mövzu ilə bağlı araşdırma apararaq geyim üzrə mütəxəssislərin, sosioloq və psixoloqların fikirlərini öyrənib.

Stil məsləhətçisi, geyim psixoloqu Rəna Əliyeva: “Geyim əxlaqı deyilən bir anlayış var. Geyimin bir yeri açıqdırsa, tarazlığı qorumaq üçün digər hissəsi bağlı olmalıdır. Yaxud da bir yeri dardırsa, digəri geniş olmalıdır. Buna geyim balansı deyilir.

Çox seksi və ya açıq-saçıq görüntü insana ucuz və keyfiyyətsizlik verir. Ucuzluq sərt mənada yox, geyimin həqiqətən dəyərindən aşağı olmasını göstərir. Nə qədər bahalı geyim olsa da, bu, belədir.

Hər bir geyimin yeri və məkanı var. Bu, yalnız açıq-saçıq geyimə aid deyil. Açıq-saçıq geyim əxlaq göstəricisi olmasa da, xarakter göstəricisidir. Ailəsi və insanlar tərəfindən diqqət-qayğı görməmiş insanlar diqqətə acdırlar. Bu insanlar daim açıq geyinmək ehtiyacı duyurlar. Çünki insanların baxışlarını diqqət kimi qəbul edir və bu zaman özlərini yaxşı hiss edirlər. Bu, bir tərəfdən olan yanaşmadır.

İkinci yanaşmada isə bəzi qadınlar qarşı cinsin diqqətini çəkməyi sevirlər. Bu, qadınlıq enerjisi yüksək olanlarda baş verir. Qeyd edim ki, bu da əxlaq göstəricisi deyil. Bəzi qadınlarda özgüvən problemi olur və onlara baxılmayanda özlərini çox çirkin, yararsız hesab edirlər. Bu zaman da açıq geyimlərə üstünlük verirlər.

Bizim din və mental qaydalar geyimlə bağlı limitlər qoyur. Amma təbii ki, açıq geyimi düzgün istifadə etdikdə bədən balansı da əla qorunur. Məsələn, beli çox incə olmayan biri qarın dekoltesi verəndə belini qabardır. Yaxud sinəsi çox böyük biri sinə dekoltesi verərək sinəni balaca göstərə bilər. Bəzi toxunuşlarla keyfiyyətli açıq geyim yaratmaq olar. Söhbət tamamilə açıqlıqdan gedirsə, bu geyim balansına tərsdir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Geyim əxlaqın göstəricisi deyil. İnsan hansı geyimdə rahat olursa, o tərzdə geyinə bilər. Təəssüf ki, bizim ölkəmizdə bu məsələyə bir qədər konservativ yanaşma mövcuddur. Çox vaxt insanın ağlına deyil, geyiminə qiymət verilir.

Bəzən çox açıq-saçıq geyinən adamı əxlaqsız hesab etdiyimiz kimi, səliqəli və bahalı geyinən adamı da ağıllı hesab edirik. Hansı ki, insana geyimə deyil, ağlına görə qiymət verilməlidir.

Hər mövsümün öz geyimi olduğu kimi, hər məkanın da öz libası olmalıdır. İctimai yerlərdə, rəsmi mərasimlərdə daha ciddi geyinmək məqbuldur. İnsan öz geyimi ilə başqalarını narahat etməməlidir.

Təəssüf ki, son vaxtlar bu mənfi tendensiyanı aşkar müşahidə edə bilirik. Xüsusilə, müğənnilər arasında açıq-saçıq geyinmək dəb halını alıb. Onlar sənəti ilə deyil, əndamı ilə fərqlənmək istəyən adamlardır. Göstərməyə sənətləri olmadığı üçün əndamlarını nümayiş etdirirlər”.

Psixoloq Vüsalə Əmiraslanova: “Bir insanın əxlaqını onun geyimi bəlirləmir. Yəni, bir insan açıq geyinirsə, bu, onun əxlaqsız olması demək deyil. Bu, sadəcə olaraq, seçim məsələsidir.

Elə insan var ki, yayda bağlı geyinə bilmir və açıq geyinir. Bu, hər kəsin öz fikridir. Kim özünü necə rahat hiss edirsə elə geyinir.

Amma elə insanlar var ki, bunu sırf diqqət cəlb etmək üçün geyinir. Bu da müəyyən yaşlarda baş verir ki, müəyyən zaman sonra keçir gedir.

Sadəcə olaraq, iş kimi yerlərdə çox açıq-saçıq geyinmək düzgün deyil. Bu, etik kodeksləri pozur”.

SİA mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənib:

Şəhər sakini Ramin Sadıxov: “Mən insanlara geyiminə görə qiymət vermirəm. Düşünürəm ki, bir insanın geyimi onun əxlaq göstəricisi deyil.

Bir də yaş məsələsi var. Hər yaşın öz geyimi var. Məsələn, 20-21 yaşlı gənc qız şort geyinirsə, məncə bu normaldır. Amma 45+ yaşında olan qadının bu tip geyinməsi bir az qəribədir. Hər kəsin öz seçimidir. İnsanların şəxsi seçimlərinə hörmətlə yanaşmaq lazımdır”.

Şəhər sakini Aliyə Qarayeva: “Mənim fikrimcə, insan düzgün geyinməyi bilməlidir. Yəni, əgər bir insanın bədən quruluşu açıq geyinməyə imkan verirsə, deməli, çərçivədə olmaq şərti ilə geyinmək olar. Əgər o açıq-saçıq geyim insanı vulqar, iyrənc, ədəbsiz göstərirsə onu geyinmək düzgün deyil.

O qədər açıq-saçıq geyinən insanlar var ki, onların əxlaqına söz ola bilməz. Yəni, əxlaqla geyimi qarışdırmaq olmaz. Yenə də deyirəm əgər bədən quruluşu açıq-saçıq geyimə uyğundursa, yaraşırsa burada pis heç nə demək olmaz”.

Şəhər sakini Mahrux Hacıyeva: “Məsəl var ki, insanı geyimə görə qarşılayıb, ağlına görə yola salırlar. Mənə görə əxlaq geyimnən ölçülmür. Amma məncə hər şey qədərində olsa yaxşıdır. Çox da açıq yox”.

Şəhər sakini Nahid Məmmədov: “Düşünürəm ki, hər geyimin öz yeri və məkanı var. Harada nə geyinmək lazım olduğunu insan özü bilməlidir”.

Şəhər sakini İlqanə Piriyeva: “Məncə açıq geyinmək düzgün deyil. Bunu edənlər də bilərəkdən edir. Hər şey normasında gözəldir. Yad adamların qadını açıq geyimdə görməsi etik deyil. Bizim gənclər çərçivədən çox çıxıblar”.

Şəbnəm İsgəndərova: “İnsana geyiminə görə dəyər vermirəm. Bu ədəbiyyatda Hüseyn Cavidin “Gülbahar” obrazında da vurğulanır. Açıq-saçıq geyimə münasibətim pis deyil. Amma bir Azərbaycan qadını adət-ənənələri, kökənli bir yurddan olduğunu daima nəzərə alıb müəyyən çərçivəni keçməməlidir”.

Şəhər sakini Röya Zeynalova: “Geyim mövzusu çox aktual bir mövzudur. Mən elə fikirləşirəm ki, diqqət çəkmək üçün geyinən və ya diqqətini açıq geyinən insana yönəldən insanlar mənəvi cəhətdən çox kasıb insanlardır.

Geyim sadəcə, zövq və xarici görünüş məsələsidir. Buna başqa bir məna yükləmək düzgün deyil. Məncə hər insan ona necə rahatdırsa özünə nəyi yaraşdırırsa, o geyimlərə üstünlük verməlidir. Lakin bununla yanaşı, ölkənin mədəniyyətini mentalitetini az da olsa nəzərə almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə