"Sevgililər Günü" hansı tarixdə qeyd olunmalı? - 14 fevral, yoxsa 30 iyun - SORĞU

14 fevralda şəhərdə əlində qızılgüllə dolaşan xeyli sevən cütlük görmək olar. Həmin gün məhəbbətə, diqqətə ehtiyac sanki daha da çoxalır. Sevgi üçün hansı tarixdə bayram yaşamasının bir fərqi yoxdur. Amma cütlüklər arasında "Sevgililər Günü"nün hansı tarixdə qeyd olunması çətinlik yaratmağa başlayıb. Kimi dini, kimi də milli dəyərlər baxımından sevgililər gününü İlham və Fərizənin toy günü - 30 iyunda qeyd etməyi münasib görür. Bəs, gəlin görək şəhər sakinləri mövzu ilə bağlı nə düşünür?

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Nigar Məhərrəmli: “Hər kəs "Sevgililər Günü"nü fevralın 14-də qeyd edir. Mən "Sevgililər Günü"nün niyə məhz həmin tarixdə qeyd olunmasını, bayramın necə yaranmasını bilmirəm. Sadəcə 14 fevral mənim üçün həmişə sevgi günü olub. 30 iyun isə məndə kədər hissləri oyadır”.

Şəhər sakini Seymur Cavadov: “14 fevral bizim dinimizə uyğun bayram deyil. 30 iyunda bir-birimizə hədiyyə veririk. Ümumiyyətlə, dini bayramları qeyd etməyə üstünlük verirəm. Bu səbəbdən 30 iyunu da təmtəraqla qeyd etmirəm. Sadəcə ailə münasibətlərimizi daha romantik etmək, başqa sevgililərdən geri qalmamaq üçün 30 iyunu sevgi günü kimi qəbul edirik".

Şəhər sakini Xədicə Hümbətli: “Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. Bildiyimiz kimi hər kəs tərəfindən 14 fevral tarixi "Sevgililər Günü" kimi tanınır. Amma düşünürəm ki, Azərbaycanda "Sevgililər Günü" 30 iyunda keçirilsə daha yaxşı olar. Bildiyimiz kimi Azərbaycanda "Sevgililər Günü" 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda "Sevgililər Günü" 30 iyun tarixində keçirilsə daha yaxşı olar”.

Şəhər sakini Əli Rzayev: “30 iyunda keçirilməlidir, məncə. Belə baxsan, 14 fevralın bizim müsəlman aləminə aidiyyəti yoxdur. Ən azından bir Azərbaycan vətəndaşı olaraq 30 iyunda keçirilməsi daha məqsədəuyğun olardı”.

Şəhər sakini Şəlalə Cabbarova: “Demək olar ki, bütün dünya 14 fevral tarixini "Sevgililər Günü" kimi qeyd edir. Azərbaycanda da insanların əksəriyyəti bu tarixdə "Sevgililər Günü"nü qeyd edirlər. Amma biz tariximizi unutmamalıyıq. 30 iyun 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. Bu baxımdan düşünürəm ki, Azərbaycanda "Sevgililər Günü" 30 iyun tarixində keçirilsə daha yaxşı olar”.

Şəhər sakini İlham Quliyev: “Məncə, 14 fevralda keçirilsə, yaxşı olar. 30 iyun Valentin günüdür. Məncə, İlhamla Fərizənin evlilik günü olmağı Azərbaycana daha uyğundur”.

Şəhər sakini Zülfiyyə Eminova: “Bizim dövrümüzdə sevgililər günü qeyd olunmurdu. Düşünürəm ki, günümüzdə sevgi deyilən anlayış artıq yoxdur. Buna görə də sevgililər gününün qeyd olunması mənasızdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə