Şəhid Elmir Ağayevin xatirəsi anılıb

Şəhid Elmir Rasim oğlu Ağayevin doğum günündə xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Elmir Ağayevin anım mərasimində ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, kənd məktəbinin kollektivi, döyüş yoldaşları, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibələrinin qaziləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Elmirin keçdiyi şərəfli ömür yolu və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, Elmir 1991-ci il mayın 19-da Füzuli rayonu Horadiz kəndində anadan olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman o, ailəsi ilə birlikdə məcburi köçkün kimi İmişli rayonunda çadır şəhərciyində məskunlaşıb. Daha sonra valideynləri ilə birlikdə 2004-cü ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilmiş 6 saylı Qayıdış qəsəbəsinə köçüb. Hələ kiçik yaşlarından ata-baba yurdunun həsrətini çəkən Elmir gələcəkdə hərbçi olmağa qərar verib. 2009-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan E.Ağayev xidməti uğurla başa vurduqdan sonra, bir müddət mülki işdə çalışsa da, 2016-cı ildə aprel döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına qayıdıb. Vətən müharibəsi başlayan zaman Elmir Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, öz tağımı ilə birlikdə işğal altında olan torpaqlarımızın azad olunmasında, ön cəbhənin yarılmasında xüsusi ilə fərqlənib. Vətən müharibəsi bitənə qədər Elmir torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. O, noyabrın 24-də Füzuli rayonunda xidməti vəsifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb və Füzuli rayonu Horadiz şəhər qəbirstanlığında dəfn olunub.

Elmir Ağayev döyüşlərdə göstərdiyi şücaətə görə "Xocəvəndin işğaldan azad olunmasına görə" və "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...