Kanalizasiya problemləri hansı fəsadlara yol açır? - EKOLOQ DANIŞDI
“Kanalizasiya problemləri adətən iki formada təzahür edir. Birincisi kanalizasiya ümumiyyətlə yoxdur. Yəni yaşayış sahəsi var, amma kanalizasiya xətti olmadığı üçün problemlər mövcuddur. İkincisi isə kanalizasiya var, amma bu kanalizasiya suyu təmizlənmədən su hövzələrinə axıdılır. Bu da eyni zamanda kanalizasiya problemlərinin başında gəlir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.
Onun sözlərinə görə, mükəmməl kanalizasiya odur ki, kanalizasiya xətti var və bu su sutəmizləyici qurğulardan keçərək təmizlənir. Daha sonra isə həmin su ya texniki su kimi istifadə olunur, ya da hər hansısa bir su hövzəsinə axıdılır və heç bir fəsada yol açmır. Ən ideal kanalizasiya bu cür hesab olunur.
Əgər kanalizasiya ümumiyyətlə yoxdursa, ya da bu sular təmizlənmədən hər hansısa bir hövzəyə axıdılırsa bu çox böyük bir fəsadlar törədə bilər.
Kanalizasiya suları yaşayış məntəqələrinin yaxınlığına axıdılırsa, kanalizasiya xəttinin olmadığı halda bu müəyyən üfunət yaradır və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnir. Bu çox böyük bir ekoloji problemdir. Su kanalizasiya xətləri varsa, amma kanalizasiya suları təmizlənmədən axıdılırsa bu da ekologiya üçün danılmaz bir problemə yol açır. Tək fərq isə bu problemin yaşayış məntəqəsindən daha uzaqda baş tutması olur. Bu isə daha böyük problemdir. Çünki mövcud olan problemi insan özündən uzaqlaşdırıb, uzaq məsafədə də həll etmirsə, bu daha həll yolu hesab olunmur. Əksinə problemin bir az da gərginləşməsi deməkdir. Yəni təmizlənmədən axıdılan kanalizasiya suları axar su hövzələrinə axıdılırsa, bu zaman üfunətin yaranması o qədər də hiss olunmur.
Amma hər bir halda o axar sular da çaya axıdılır. Çay da gedib hər hansısa bir göldə, dənizdə dayanır. Beləlik də həmin problem o ərazidə özünü qabarıq formada göstərir. Bu isə su hövzələrində yaşayan orqanizmlərin həyatı üçün təhlükədir. Digər tərəfdən isə ətrafda yaşayan insanlar üçün təhlükədir. Bunu da diqqətdə saxlamaq lazımdır ki, su da yaşayan canlıların əksəriyyəti insanlar üçün qidadır. Məsələn, balıqlar qeyri-sağlam mühitdə yaşayırlarsa, bu zaman onların insanlar tərəfindən qida kimi istifadə olunması da insanların həyatı üçün təhlükə yaradır. Beləliklə kanalizasiya problemləri ətraf mühiti çirkləndirməklə bərabər eyni zamanda insan cəmiyyəti üçün də yoluxucu xəstəliklərin yayılması və digər problemlərin yranması baxımından olduqca böyük təhlükə yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə