Represiyanın qurbanına çevrilən mübariz ruhlu şair TƏHLİL

Represiyanın qurbanına çevrilən mübariz ruhlu şair TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə istiqlal şairi Əhməd Cavadın 130 illiyi qeyd ediləcək

Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən Əhməd Cavad bütün yaradıcılığı boyu vətənpərvərlik duyğularını nəzmə çəkərək vətənimizin azadlığı, müstəqilliyi yolunda mücadilə etmişdir. Hər misrasından Vətənimizin səsi gəlirdi. Mübariz ruhlu şairin milli məfkurəsindən yaranmış əsərləri poetikliyi, zənginliyi ilə əbədibiyyatımıza yeni nəfəs, ruh gətirmişdir. Belə yaradıcı insanlar cismən aramızda olmasalar da, yaratdıqları irs zaman-zaman yaşayır və onları da yaşadır. Dövlətimiz tərəfindən diqqət ayrılır, onların yubiley tədbirləri dövlət səviyyəsində qeyd olunur. Məlumdur ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Xatırladaq ki, Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasında ruhani ailəsində anadan olub. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Ə.Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub. Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən "Qurani-Kərim"i oxuyur və bir çox surələri əzbərdən deyirdi. Tale elə gətirir ki, o, Gəncəyə gəlir və şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirini qələmə alır. O, 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına təhsil alır. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə kimi tanınmış ziyalılar dərs deyirlər. Hələ seminariyada oxuyarkən ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi.
Şairin tərcümeyi-halında qeyd olunur ki, o, poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə.Cavadın arxivində "Fələk dil kabab" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə.Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır.
Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur. Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir.
Ədəbiyyata romantik şair kimi gələn Əhməd cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyil güclənmişdir. Realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır. Əhməd Cavad müharibədə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal", "Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi esselər, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı.

ÇIRPINIRDIN, QARA DƏNİZ,
BAXIB TÜRKÜN BAYRAĞINA!

Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb.
Əhməd Cavadın Türkiyə səfəri və səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idi.
Çırpınırdın, Qara dəniz,
Baxıb Türkün bayrağına!
"Ah!…" deyərdin, heç ölməzdim,
Düşə bilsəm ayağına!

Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur.
Əhməd Cavadın bayraq mövzusuna həsr olunmuş bir sıra şeirləri vardır. O, öz şeirlərində dəfələrlə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" misrasını müxtəlif məqamlarda işlətmişdir. "Azərbaycan bayrağına", "Qardaş", "Yarandın", "Al bayrağa" və s. şeirləri buna misaldır. Şairin "Al bayrağa" adlı şeirində 1919-cu ilin yayında Azərbaycandakı millət və din qardaşlarının köməyinə qoşmuş Türkiyənin bayrağından bəhs açılır.
Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə represiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir.

1937-Cİ İL VƏ DÖYÜLƏN QAPI

1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H.Cavid, tələbəsi M.Müşfiq və həmyerlisi V.Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı. 1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur.
Lakin rəsmi sənədlərdən məlum olur ki, Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.
Nə yazıq ki, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkar represiya qurbanına çevrilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə