Mənə təzyiq etmək o qədər asan deyil - MÜSAHİBƏ

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Sizcə, hazırda insanlar sağlamlıqlarının qeydinə nə dərəcədə qalır?

- Bu, dünyəvi bir problemdir. Keçmişdən bu günə kimi hər zaman zəhərlənmə halları olub. İnsanların əksəriyyəti sağlamlığına biganə yanaşsa da, hamı sağlam və çox yaşamaq istəyir. İnsanın sağlamlığı və uzun ömür onun özü ilə yanaşı, yaxınları üçün də önəmli məqamdır.

- GMO ilə bağlı Azərbaycanda vəziyyət necədir?

- Dünyanı zəbt etməyə çalışan GMO bitkilər, heyvanlar və s. sürətlə inkişaf edir. Bunun arxasında kimlərin dayandığı hamıya məlumdur. Bu, ABŞ-ın iri transmilli şirkət sahibləridir. Azərbaycanda ÜTT-nin inkişafı vaxtında Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında qanun qəbul olunub. Qanunun 26-cı maddəsində qeyd olundu ki, GMO elementləri olan mallar ekoloji cəhətdən təmiz hesab olunmur. Bu, çox əhəmiyyətli bir maddədir.

Cənab Prezidentin GMO-nun Azərbaycanda məhdudlaşdırılması ilə bağlı çox vacib qərar və fərmanları var. Lakin təəssüflər olsun ki, xalqın xeyrinə olan bu qərarlar biznes qurumları, ona dəstək verən insanlar və yalançı laboratoriyalar tərəfindən nəzərə alınmır. Biz buna dözə bilmərik.

- Siz qeyd etmişdiniz ki, açıqsözlü olduğuma görə AQTA məni ofisinə çağıraraq təzyiqlər etdi. Onlar sizə nə dedilər?

- Mən 25 ildir istehlakçı hüquqlarını qoruyan bir iş görürəm. Mənə təzyiq etmək o qədər asan deyil. Yəni gərək həmən şəxslərin gücü çox olsun ki, təzyiq etsin.

Bu çağırışda bir sıra nümayəndələr toplaşdı. Burada cəmiyyət və qida təhlükəsizliyi üçün ciddi bir müzakirə gedəcəkdi. Lakin onlar mənim çıxışlarımdan əl çəkməyimi və səhv danışdığımı dedilər. Onlar məndən tələb etdilər ki, GMO ilə yemlənən heyvan və quşların tərkibində insana zərərli elementlərin olduğunu sübut etdim. Lakin bunu isbat etmək üçün nə lövhə, nə də təbaşir var idi. Onlar komanda, mən isə tək idim. Onlara dedim ki, siz isbat edin. 1 saat 40 dəqiqəlik çox mənasız görüş oldu.

Mənim belə bir təklifim var ki, hansı təsərrüfatlarda GMO yemçiliyi varsa, bu malın üzərində yazılsın. Bu xarici ölkələrdə də var ki, məhsulun üzərinə GMO-dan azad olduğu yazılır.

Düşünürəm ki, AQTA və İctimai Şura daha fəal işləməlidir.

- Sosial şəbəkələrdə və mətbuatda belə bir məlumat yayılıb ki, sən demə, kolbasalara ətdən başqa hər şey əlavə edilirmiş. Doğrudan belə faktlar var?

- Bu məsələni mən AQTA ilə olan görüşdə də dedim. Belə hallarla da rastlaşmışam. Texnoloqlar özləri də heyrətə gəlir ki, bəs 2 manata necə kolbasa hazırlanır?

AQTA qidanın təhlükəsizliyini təmin etməlidir. Lakin keyfiyyət məsələsi də masanın üzərində qalıb.

Dövlətimiz biznes qurumları üçün çox rahat bir şərait yaradıb. Dünyanın heç yerində bu cür toxunulmazlıq yoxdur. Lakin onlar bu rahatlıqdan sui-istifadə edirlər.

- Belə faktlar da var ki, çürümüş dəniz məhsullarının sümükləri üyüdülərək kəllə qəndə vurulur. Belə hallarla rastlaşmısınız?

- Azərbaycanda belə hallar yoxdur. Lakin kəllə qəndin kimyəviləşməsi ilə bağlı dövlət orqanlarına məlumat vermişik. Elə bu günləri də İqtisadiyyat Nazirliyindən cavab aldım. Qəndi ağartmaq üçün çox təhlükəli bir kimyəvi maddədən istifadə olunur. Artıq dövlət orqanları bu məsələ ilə məşğul olur. Sümüyün üyüdülməsi ilə bağlı isə məndə məlumat yoxdur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə