Qışın qısqanclığı bəzən bahara imkan vermir ki, gülümsəsin, Günəşdən gün çələngi alıb səpələsin artıq onun olan meydana. Bu meydanda onu gözləyən insanların üzünə nur çiləsin. Qışın ömrü bitir, amma necə ki, insan dünyadan köçərkən həyatın şirinliyinə əlvida deyə bilmir, onunla vidalaşmaq istəmir, günlərlə mücadilə edir, qış da eynilə getmək, yerini ondan sonra gələn nəslə-bahara vermək istəmir. Beləliklə də həyatımızın növbəti baharı gecikir. Ömrümüzə gələn bahar üçün gözlərimiz yollarda qalır. Elə builki bahar kimi. Əslində günlərdir, yenidən gəlib ömrümüzə, lakin qış yağı düşmən kimi kəsib önünü, qılıncını çəkib, qarşısına çıxanı kəsib-doğrayır. Qış nəyin mücadiləsini aparır, nə üçün baharı belə qısqanır, onun var olmasını istəmir, hələlik bunu anlamırıq. Lakin bahar da bahardır, öz yerini, öz hökmünü kimsəyə verən deyil. Necə ki, düşmən haqsız yerə kiminsə torpağını işğal edir, bu onun sayılmır, nə vaxtsa geri alınır, baharla qışın mücadiəsi də eynilədir. Qış nə qədər güclü olduğunu göstərməyə çalışsa da, bahar onu enir, bir də baxırsan ki, ağaclar ağappaq, çəhrayı çiçəkləyib, əlvan şalını başına atıb, qış da bir tərəfdən öz örpəyini onların üzərinə salsa da, bir az sonra hansı qalır, hansı gedir, bax budur baharın hökmü.
Artıq baharın gəlişi 20 gündən artıq olsa da, hələ də qış öz yolu ilə getmək istəmir. Baharda gözü qalıb sanki, adama elə gəlir ki, qış bahara aşiq olub. Yanından bir addım belə çəkilmək istəmir. Baharda ki, bahardı. Gündən günə gözəlləşir, çiçək açır, ətrafa elə bir naz eləyir ki, nə göz bu gözəllikdən doyur, nə də ruh. Qış necə doysun ki...
Doğrusu baharın builki gözəlliyini hələ də tam dolğunluğu ilə görə bilməmişdim. Biz çalışan insanların həyat tərzi evlə iş arasındakı məsafədən ibarət olduğu üçün bəzən ətrafda baş verənlərdən xəbərsiz qalırıq. Elə bazar günü şəhərdə qarşılaşdığım bahar mənzərələri kimi. Allahdan hava da çox xoş idi. Günəş neçə günlərdən sonra buludların bağrını yarıb üzə çıxa bilmişdi. O da göydə sanki buludlarla mücadilə edir, birdən görünür, birdən çəkilirdi. Düşünürdüm ki, buludlar onun önünə keçir, bahara boylanmasını əngəlləyirlər. Çünki buludların qışın tərəfində olduğu açıqca görünür. Belə olsa da, hərdənbir doğan Günəşin zərrin işıltısında bahar o qədər gözəl görünürdü ki... Günəş doğduqca ağacların ağappaq çiçəkləri bir az da bəyazlaşırdı, gözqamaşdırıcı olurdu. Çiçəklərin altından çırtıb çıxan yarpaqlar isə bəyazın fonunda elə bir çalar yaratmışdı ki, sanki cənnət də bu gözəllikdən pay almaq üçün ağaclara qonaq gəlmişdi.
Hava baharın gözəl rayihəsi ilə dolmuşdu. Adam istəyirdi ki, həmişəkindən daha artıq nəfəs alsın. Bu ələkeçməz gözəl havanı çiyərlərinə çəkib oraya həkk etsin. Çiçəklərin ətrinin qarışdığı hava ətrafdakı gözəlliyi özündə təzahür etdikcə yerdən göyə qədər hər tərəf gözəlliklərə bürünür, sanki göydəki buludlar da bir andaca çiçəklərə çevrilirdi. Ətrafdakı yaşıl çüçərtilərin rəngi heyrətamiz görünür, baharın füsnunu artırırdı. Quşların nəğməsi isə həzin simfoniya kimi qulaqlara süzülürdü.
Bütün bunlara baxdıqca hər biri ölkəmizin müxtəlif rayonlarından olan şəhər sakinlərinin məxsus olduğu bölgələrə gedib çıxıram. Rayonlarda bahar bir başqadır axı. Mənim kimi sözsüz ki, onların da hər biri öz baharlarını arzulayırlar. Uşaqlıqları, bəlkə də gəncliklərinin yaddaşına yazılan o baharları... Yuxarıda bəhs etdiyim yaşıl çüçərtilər rayonlarda tala-tala deyil, göz baxdıqca uzanandır. Torpağın bağrını yarıb yaşılını ellərə, çöllərə, düzlərə sərən çəmən necə də füsunkardır. Lap yaxında çəmənin yaşılı çox açıqdır, göz uzandıqca tündləşir, Günəşin zərrin şüaları altında parıldayır, dağların sinəsinə çatanda isə sanki buludlardan kölgə alıb qaraya çalır rəngi. Bu yaşıl çəməndə Günəşin hərarətini hiss edər-etməz boy verən, azacıq yaz küləklərinə tab gətirə bilməyib yerindəcə bahar nəğməsi ilə rəqs edən incə ağ, sarı, qırmızı, mavi çiçəklər canlanır xəyalımda. Artıq bu yaşılın üzərinə qıpqırmızı lalə örpəyini də sərib, nərgizlər buradan Günəşə boylanıb. Yolçunu yoldan edən, tamaşasına elləri çağıran çiçəklər… Ah, nə gözəl yurdumuz var.
Bu dağlara, dərələrə, düzlərə örtük olan çəmənlərin içərisi tək güllərin-çiçəklərin məskəni deyil, həm də bol-bol nemətlərimizin məskənidir. O nemətlər ki, yazın əvvəllərindən göyün gurlamasını, şimşəyin çaxmasını gözləyir. Bu anda babalarımızın da dediyi kimi, artıq yeməli olan onlarla bitkinin yığım mövsümü başlayır. Ta payızın sonlarında qar yerə düşənədək bir-birinin ardınca insanlarının ruzisinə çevrilirlər.
Saymaqla bitərmi onların adı? Hansını deyim, arxların, kanalların kənarında erkən yazda torpağı çırtıb ətrini ətrafa yayan yarpızımı, bulaqların gözündən axan suyun Günəşin hərarətindən azacıq isinməklə ətraflarda gizlənən bulaqotuna yeni həyat verməsinimi? Toxumunu sanki Tanrının yurdumuza səpdiyi, yığmaqla bitməyən qazayağı, mərövcə, cıbırıq, yemliyimi? Yoxsa yurdumuza baharın gəlişinə baxmayaraq, dağların kölgəliklərində hələ də əriyib, istiyə təslim olmayan qarın altında bahar ömrünü yaşayan cacığı, çirişimi? Hansından danışım? Çobanyastığının çəmənlərin içərisində nazındanmı, dağ nanəsinin, kəklikotunun tək bir yarpağını dərməklə ətrafa yayılan doyumsuz ətrindənmi? İnsan bilmir bu gözəlliklərin hansından danışsın. Bahar bitmir ki... O sanki özündən əvvəl qışdan, özündən sonra isə payızdan bir ay da alıb “Tamaşama gəlin, gözəlliyimə, ruzimə-bərəkətimə baxın”, – deyir.
O nemətlər, o ruzilər rayonlarımızdan Bakıya– bazarlara gətirilir. Onları artıq sadəcə burada görən bizlər elə görən kimi də xəyalən rayon, kəndlərimizə gedir, baharın bir gününü orada yaşayır, ətrini ciyərlərimizə çəkir və yenidən bu şəhərə qayıdırıq. Və yaxud da bir andaca həmin ətir ta rayon, kəndlərimizdən burnumuzun önünə qədər gəlir: torpaq ətri, çiçək ətri, əllərimizlə dərdiyimiz, əlimizə ətri hopan min bir adda ruzi payının ətri...
Bir bahar günü…Baharın gülümsəməsində gördüyüm və düşündüyüm bütün mənzərələr sanki “dil açıb danışır”, tamaşa etdiyim gözəlliklər fonunda məni Qarabağın baharını da görməyə dəvət edir. Bir anda Qarabağın bütün işğaldan azad olunmuş rayonlarını gəzirəm. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuliyə və ikinci baharını yaşayan digər rayonlara üz tuturam. Bu ellərə bahar bir başqa gəlmiş ki? Nə gözəldir bu ellərin baharı. İllərdir bahara qoyun açmayan, baharsız qalan ellərin ötən ildən bəri qarşıladığı bahar deyir ki, bu nədir, hələ ömrünüzə neçə-neçə belə baharlar gələcək, sizi xoş günlərə aparacaq. Bu baharsa yenicə qədəmlərini qoyub ana təbiətimizə. Özünə gündə bir sığal verən bu “ellər qızının” qarşıda hələ nə gözəlliklərini görəcəksiniz...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB