BDU-da ilaxır çərşənbə belə qeyd edildi - REPORTAJ

Bu gün Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbəsi qeyd olunub. Havanın soyuq olmasına baxmayaraq universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.

Tədbirdə universitetin rektoru Elçin Babayev, fakültə dekanları, dekan müavinləri, müəllim heyəti və tələbələr iştirak edib. SİA olaraq BDU kollektivinin fikirlərini öyrəndik.

Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq “yallı” rəqsini ifa ediblər və maraqlı tədbir proqramı baş tutub.

Həmçinin, universitetin rektoru Elçin Babayev, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, həmin fakültənin dekan müavini Samir Xalidoğlu və Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Məmmədov da SİA-ya tədbirlə bağlı müsbət fikirlərini bildirdilər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev: “Novruz bayramı haqqında xüsusilə fikir bildirmək lazımdır. Pandemiya dövründə Novruzu qeyd etməsək də bu bayram bizim daim ürəyimizdədir.

Novruz yeni gün, yeni nəfəs deməkdir. Maraqlısı da odur ki, Novruz təbiətin oyandığı vaxta təsadüf edir: "Biz maraqlı bir layihə etmək istəyirik. Təklif etdim ki, təqvim buraxaq. Bu təqvim 20 mart 2022 və 20 mart 2023 şəklində olsun. Hətta biz bunu bir neçə gün içində də edə bilərik.

Novruz bizim milli bayramımızdır və ona heç bir başqa çalar vermək lazım deyil. Novruz insanları biri-birinə yaxınlaşdıran, ünsiyyətə səsləyən, küsülüləri barışdıran bayramdır. Amma düşünmürəm ki, bizim kollektivdə kimsə küsülü ola bilər. Yenilənən universitetimizin Novruzu da fərqli olmalıdır. Bu gün tələbələrlə tonqal başına yığışdıq. Çox maraqlı keçdi. Düşünürəm ki, qarşıdakı illərdə bu bayramı daha mükəmməl edəcəyik və hətta festival kimi də edə bilərik.

Qeyd edim ki, biz fakültələr və inzibati şöbələr arasında müsabiqə keçiririk. Martın 18-də isə konsert proqramımız olacaq. Eyni zamanda Novruzla bağlı maraqlı sessiya keçiriləcək. Orada ən azı iki aspektdən müzakirə gedəcək. Çox maraqlı mövzular olacaq. Hətta biz özümüz də tələbələrdən geri qalmayaraq Novruz üçün maraqlı əl işləri hazırlayırıq”.

BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: “Ümumiyyətlə, Bakı Dövlət Universitetində həmişə bu cür milli bayramlar geniş şəkildə qeyd edilir. Xüsusilə də Novruz bayramı özəl ab-hava ilə təşkil olunur. Bildiyiniz kimi pandemiya ilə bağlı iki il universitetimizdə Novruz bayramı qeyd edilmədi. Bu il isə müəyyən mənada karantin qaydalarının yumşaldılması açıq səma altında universitet rəhbərliyinin səyi ilə belə bir gözəl şənliyin ərsəyə gəlməsinə şərait yaratdı.

Bu cür şənliklər tələbələrin universitet həyatında dərin və xoş izlər buraxır. Şükür ki, xəstələyin mövcud vəziyyəti belə maraqlı tədbirləri keçirməyə bizə imkan verdi”.

BDU Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu: “Novruz Azərbaycan xalqının ən əziz və özəl bayramlarından biridir. Bu bayramın kökü çox qədim tarixə söykənir. Tarixin ilk dönəmlərindən bu günümüzə qədər neçə-neçə nəsillərimiz Novruzu qeyd edib. Müəyyən zamanlarda onu qadağan etsələr də xalq yenə yaddaşında yaşadıb və bizə ötürüb.

Bizim də bugünki əsas missiyamız bu bayramı gözəllikləri ilə yaşatmaq və sonrakı nəsillərə ötürməkdir.

Novruz təbiətin oyanışını simvolizə edir. Novruz yenilikdir, təmizlikdir, saflıqdır. Novruz ali duyğuları, gözəl keyfiyyətləri özündə ehtiva edən özəl gündür. Bayramınız mübarək!”.

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Güney Mahmudova: “Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Xalqımıza məxsus bütün adət-ənənələr bugünədək özünü Novruz bayramında göstərib.

Novruz sözünün mənası isə "yeni gün" deməkdir. Buna əsasən deyə bilərik ki, müsəlman aləmi üçün Novruz bayramında köhnə il yeni illə əvəz olunur. Bu bayram keçmiş dövrlərdən indiyə qədər gəlib çatmış adətləri özündə əks etdirir. Rayonlarımızda bu adət-ənənələr daha geniş şəkildə qeyd olunur. Papaq atmaq, qapıpusma kimi adətlər yerinə yetirirdik.

Eyni zamanda qızlar üzük falına baxardılar. Böyüklər həmişə bizə çərşənbələr bayram boyunca xoş sözlər söyləməyi tapşırırdılar. Çünki qonşu, qohum-əqrəba qapı pusmaq üçün gələrdilər.

Bugünkü gündə xüsusən şəhər yerlərində demək olar ki, qulaq pusma, papaq atma yoxdur. Amma bəzi tonqaldan tullanmaq, bayram şamı yandırmaq kimi adət-ənənələr hələ də müşahidə olunur. Əvvəllər şəkərbura, paxlava, badambura yemək üçün Novruzu səbirsizliklə gözləyərdik. İndi isə şirniyyat mağazaları çoxdur və sifariş edərək asanlıqla bu təamları əldə edə bilirik”.

BDU Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev: “Novruz Azərbaycan xalqı üçün ənənəvi bir bayramdır. Pandemiyadan sonra ilk dəfədir ki, universitetdə bayramı belə aktiv şəkildə qeyd edirik. Bu gün universitetin bütün fakültələrinin tələbələri burada iştirak etdi, birlikdə rəqs etdik, sosiallaşdıq.

Uzun müddətdir tələbələrə lazım olan sosiallaşma amili var idi ki, axır ki, ona çata bildilər. Bu gün hər birimiz üçün xoş xatirə oldu. Bütün gəncləri Novruz bayramı münasibəti ilə təbrik edirəm.

Onu da qeyd edim ki, Novruz adət-ənənələrini, milli mental dəyərləri yaşatmaq bizim öhdəliyimizdir və hər bir gənc bunu xatırlamalıdır”.

Tələbə Şəmsi Əlizadə: “Mən BDU-nun Kimya fakültəsinin 4-cü kurs tələbəsiyəm. Artıq bu il məzun oluram. Bu bizim doğma universitetdə sonuncu tonqalımızdır. BDU xoş xatirələrlə daim yadda qalacaq. Başda rektorumuz olmaqla bütün kollektivi bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”.

Tələbə Ləman İdrissoy : “Novruz xalqımızın tarixini özündə əks etdirən milli və dəyərli bayramımızdır. Bu bayramı özündə zəngin adətləri birləşdirdiyi üçün çox bəyənirəm. Uzunmüddətli və sərtləşdirilmiş karantin qaydalarının yumşaldıldığı bir zamanda universitetimizdə təşkil olunan çərşənbə tonqalı çox yerinə düşdü.

Ümumiyyətlə, biz gənclərin istənilən mövzuda milli ruhda inkişaf etdirilməsi, bunun üçün müxtəlif tədbirlərin təşkil olunması çox gözəl haldır. Mən də bir çox tələbə yoldaşlarım da tonqalın ətrafında birliyimizin simvolu olan yallı ilə dövrə vurduq, oynadıq əyləndik. Ümid edirəm ki, növbəti bayram tonqalının ətrafına toplaşdığımızda pandemiya dünyamızı tamamiylə tərk etmiş olar”.

Tələbə Müjgan Vəzirova: “Mən BDU jurnalistika fakültəsinin birinci kurs tələbəsiyəm. Bakı Dövlət Universitetində İlaxır çərşənbəsi qeyd olunur. Bu mənim üçün bir ilkdir. Çox gözəl təəssüratlarla yaddaşımda qaldı. Hətta pandemiyadan sonra belə bir addımın atılması sevindirici oldu. Bir daha bayramınız mübarək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə