Onlayn nəzir, virtual həcc - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bu haqda məlumat "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər. Bu haqda SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Bəs gəlin görək, şəhər sakinləri onlayn nəzirlərin tətbiq olunması məsələsinə necə baxır və bu haqda fikirləri nədən ibarətdir?

Şəhər sakini Çərkəz Səfərov: “Mən özüm də nəzir verirəm. Yəni imkanı zəif olan insanlara yardım etmək məqsədi ilə nəzir verirlər. Ümumiyyətlə imkanı yaxşı olan hər bir adam yoxsula kömək etməlidi. Həmişə nəzir versəm də, heç vaxt nəzir almamışam”.

Şəhər sakini Xalidə Səbzəliyeva: “Mən nəzirlərə qarşı deyiləm. İnsan niyyət edir, həmin niyyəti qəbul olduqda nəzir paylayır. Mən özüm də dəfələrlə bunu etmişəm. Amma bu nəzirlərin onlayn qaydada verilməsinə qarşıyam. Çünki insan nəzir verdikdə həmin adamın yanına getməlidi və nəzirini özü təqdim etməlidi”.

Şəhər sakini Məhəmməd Alişanlı: “Nəzirlər ənənəvi şəkildə həyata keçirilməlidi. İndi belə bir qayda yoxdu ki, onlayn şəkildə paylanılsın. Bu düzgün deyil. Çünki nəzir vermək gözəl bir şeydi. Amma bunun bu şəkildə həyata keçirilməsi, kimə çatması və düzgün şəkildə çatdırılması haqqında məlumatımız olmayacaq”.

Şəhər sakini Elşən Sultanzadə: “Mən özüm dinşünasam. Ümumiyyətlə deyə bilərəm ki, nəzir ifadəsi yoxdu. İslamda zəkat və sədəqə var. Lakin indiki dövrdə bu kimi ifadələri nəzir sözünə çeviriblər. Zəkatı imkanlı şəxs öz malının artığını imkansız şəxsə verməlidi. İndi 1-2 manat yolun qırağında duran insana verirlər, elə bilirlər ki, bununla onlar zəkat vermiş oldu. Bu belə deyil. Misal olaraq, deyə bilərəm ki, imkanlı birinin 5 maşını varsa onun biri satılıb yoxsullar arasında paylanılmalıdı. Amma bunların kökü araşdırılmır və zəkatla, sədəqənin necə həyata keçməsi barədə məlumatları yoxdu deyə bu prosesləri nəzir adlandırırlar”.

Şəhər sakini Lamiyə Qurbanova: “Mən nəzir vermirəm. Ürəyim istəyəndə kiməsə kömək edə bilərəm amma nəzir vermirəm. Ümumən din, nəzir, sədəqə bu kimi mövzularla maraqlanmıram və həyata keçirmirəm”.

Şəhər sakini Ruhiyyə Əsgərova: “Kimsə arzu edir və deyir ki, inşaallah reallaşsın nəzir verəcəm. Özümdə elə olub ki, niyyət eləmişəm, niyyətim qəbul olub qurban kəsib kasıblara paylaşmışam. Amma onlayn nəzir etməmişəm. Düşünürəm ki, bundan sonra da nəzir versəm yalnız normal formada edərəm”.

Şəhər sakini Xatirə Səbzəliyeva: "Belə hesab edirəm ki, hər bir şəxs yardıma ehtiyacı olan birinə kömək etməlidir. Lakin bu köməyi nəzir adlandırılmamalıdı. Ona görə ki, birinə kömək edərkən onun həyatında nəyəsə vəsilə olmuş olursan. Amma dua edirsən və bu qəbul olursa, nəzir paylayırsan. Bunların hər biri ayrı-ayrı şeylərdi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə