Uşağa təzyiq göstərərək tərbiyə etmək NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR?- PSİXOLOQ AÇIQLADI

“Uşaq doğulan gündən 3 yaşına qədər tərbiyəsi formalaşan bir zamandır. Yəni 3 yaşına qədər uşağa nə veririksə, həmin yaşdan sonra da uşaq onu ortaya qoyacaq”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Elnarə Ceray deyib.

Psixoloq Elnarə Ceray qeyd edib ki, bəzi ailələr var ki, uşağın azyaşlı olmasına baxmayaraq onları müəyyən şiddətlə, acı sözlərlə tərbiyə etməyə çalışırlar: “Bütün günü olmazlar, qadağalar qoyulur. Baxırıq ki, azyaşlı uşaqdı nəyə əl vurursa "ona toxunma, o olmaz, bu qadağadır". Bu, o deməkdir ki, uşaqda artıq həmin olmazlara qarşı maraq yaranır və ən əsası da ona nəyisə qadağa qoyanda uşaqda müəyyən bir qıcıqlıq yaranır. Bu da təbii ki, uşaq zamanla böyüdükcə onun psixologiyasına mənfi təsir göstərir. Uşaq həm nevroz olur, həm də artıq bağça, məktəb yaşına gəldikcə özünə güvənsiz şəkildə böyüyür. Bu, o deməkdir ki, uşaq daim əzilir. Bəli, razıyam ki, uşaq ailədə atadan və ya anadan çəkinməlidi. Lakin mütləq şəkildi bunu şiddətlə, qorxaraq deyil, hörmətlə sevərək etməsi daha məqsədəuyğundur. Bir uşağa nəyisə qadağa qoyursunuzsa, onun səbəblərini ortaya tökməlisiz. "Bunu sənə qadağa qoyuram, səbəbi isə budur". Bəzən bizim ailələrdə mental durumdan irəli gələrək qadağa qoyurlar, amma qadağanın səbəblərini demirlər. Məsələn: "işığa əl vurmaq olmaz", amma niyə? Bunun sonunda hansı təhlükələr dayanır? Bəzən valideynlər düşünürlər ki, "onsuz onun 2 yaşı var, mən ona niyə açıqlama verim ki? onsuz da başa düşmür". Bu, yanlış düşüncədir, əksinə, uşaq 3 yaşına qədər şüuraltı yığır, 3 yaşından sonra nə vermisinizsə onu ortaya sərgiləyir. Ona görə deyirlər ki, 0 yaşdan 3 yaşa kimi uşağın tərbiyə zamanıdır. Müəyyən qadağalar qoyanda onun mütləq şəkildə səbəblərini deməlisiniz. Səbəbləri demədikdə uşaq özünə güvənsiz, əzik şəkildə böyüyəcək. Sabah özünü mühitdə də göstərə bilməyəcək. Nəyəsə toxunanda artıq düşünəcək ki, ona cəza veriləcək. Bu, böyüyənə qədər özünü göstərəcək, hər zaman cəza üsulu olacağını düşünəcək”.

Psixoloq vurğulayır ki, bəzən uşağı döyürlər, müəyyən cəza üsulları seçirlər: “Uşağa şiddət tək fizioloji olmur, söz şiddəti də olur. Uşağın həyatı üçün söz şiddəti fizioloji şiddətdən daha təhlükəlidir. Müəyyən cəzanı sözlə vermək daha məqsədəuyğundur. Ola bilər ki, məktəbli uşaqdır, hər hansısa bir səhv edib, kimləsə dalaşıb. Ona cəza verilsin, məsələn 1 həftə filan şeyi izləməyəcəksən və yaxud filan saatda yatacaqsan. Bu cəzalar belə sərgilənsə, cəmiyyətə sağlam şüurlu gənc yetişdirə bilərik. Biz 1 yaşdan 3 yaşa qədər gəzməyi, danışmağı, susmağı, hərəkət etməyi öyrədirik. 3 yaşından sonra deyirik ki, "sus, otur danışma". Əgər belə olacaqdısa, onda niyə valideynlər uşağa danışmağı öyrədir? Ona görə də hər zaman belə nüanslara diqqət yetirmək lazımdır. Hər şey təbii ki, valideynin üzərinə düşən məsuliyyətdir ki, sabah həmin uşaq cəmiyyətdə, bağçada, məktəbdə əzik şəkildə yetişən bir gənc olmasın. Hər zaman sözünü deyə bilsin, özünə inamlı olsun”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə