Ata-baba yurduma getmək üçün səbirsizlənirəm - SORĞU

Yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə sərnişin avtobuslarının müntəzəm reysləri başlayır. Avtobus reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək.

Bəs gəlin görək, işğaldan azad olunmuş ərazilərimizə avtobus reyslərinin açılmasına paytaxt sakinlərinin təəssüratlar necədir? SİA olaraq onlar arasında sorğu keçirdik.

Şəhər sakini Gözəl Əsədli: “Biz bu günlərin 30 ildi həsrətini çəkirik. Hər bir azərbaycanlı vətəndaşının öz mənliyinə borcudur ki, həmin ərazilərə gedib gəzsin. Bu əraziləri daha da dərindən tanımaq, həmin yerlərin havasını almaq hər birimizin arzusudu”.

Şəhər sakini Şəlalə Novruzova: “Bizim milli ruhumuz və vətənpərvərlik hissimiz hər bir dövlətin vətəndaşından üstündür. Birinci ana kimi daha sonra isə bir müəllimə kimi hər zaman öz övladlarımı və övlad saydığım şağırdlərimi çalışdığım qədər milli ruhda böyütməyə çalışıram. Mən özüm Qarabağlı deyiləm. Lakin ən böyük arzum bu torpaqların alınması olub. Hal-hazırda isə ən böyük arzum həmin əraziləri gəzməkdi. Çünki mən Qarabağlı olmasam da, azərbaycanlıyam. Mənim 2 oğlumda hərbiçidi. Həmçinin 8 yaşında nəvəm böyüyəndə hərbiçi olmaq istəyir”.

Şəhər sakini Məlahət Bayramova: “Mən bu günləri 30 ildi gözləyirdim. Hiss edirdim və əmin idim ki, bu torpaqlar bizə nə zamansa qayıdacaq. Atobus reyslərinin açılışı və işğaldan azad olunmuş ərazilərə yola düşməsi bizi qürurlandırdı. Bu 30 il ərzində dərslərdə və tədbirlərdə hər zaman uşaqlara bu barədə məlumat verirdik. Torpaqlarımızın işğalda olması elə bil ki, çiyinlərimizdə ağır bir yük idi. Hətta bildiyim qədəri ilə fevralın 2-nə kimi bütün biletlər artıq alınmışdı. Bunların hər biri çox sevindirici bir haldı. Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə təmizlənmə işləri gedir. Bilirsiz ki, bu təmizlənmə işləri bitdikdən sonra digər rayonlarımıza da reyslər açılacaq”.

Şəhər sakini Dilşad Qafarova: “Belə bir lahiyə həyata keçirildiyi üçün çox sevinirəm. Sevindirici bir haldır ki, rayonlarımıza reyslər açılıb. Bizim üçün o rayonları gedib gəzmək çox dəyərlidi və müqəddəsdi”.

Şəhər sakini Məleykə Məmmədova: “Həmin yerləri gedib gəzmək mənim arzumdu. Hətta planlaşdırıram ki, yaz ayında həmin yerləri gedim gəzim. Bu şansı bizə bəxş etdiyinə görə öncə cənab Prezident İlham Əliyevə daha sonra isə Azərbaycanın igid oğullarına öz təşəkkürlərimi bildirirəm”.

Şəhər sakini Şahsuvar Fətullayev: “Mənim özüm həmin ərazilərin işğaldan azad olunmasında bir hərbiçi kimi iştirak etmişəm. Bugünkü gün Azərbaycan əhalisinin həmin yerlərə səfər etməsi və dogma torpaqlarına qayıtması bizi sevindirir. O, torpaqlarda həyat canlanmalıdır ki, orada xidmət edən bütün orqan işçiləri özlərini rahat hiss etsinlər”.

Şəhər sakini Vəfa Zeynalova: “Təbii ki, qürurverici bir hissdi. İnşallah bir gün mənə də oraları gedib görmək qismət olar. Düşünürəm ki, təkcə mən yox bir çox insan bu lahiyənin həyata keçirilməsindən çox məmnundu. Mən özüm də Şuşa rayonundanam. Çox sevinirəm ki, ata və babalarımın danışdığı həmin yerləri gedib görmək mənə qismət olacaq".

Şəhər sakini İsfahan Əhmədov: “Mən bir azərbaycanlı vətəndaşı olaraq çox sevindim. Gün o gün olsun ki, Ağdərəyə, Xankəndinə, Xocalıya, Laçına, Zəngilana bu reyslər açılsın. Bizdə öz doğulduğumuz yerləri gedib görək”.

Şəhər sakini Ruhiyyə Əskərova: “Mən bu ölkənin vətəndaşı olaraq bugünkü gün həmin ərazilərimizin alınmasına və torpaqlarıma reyslərin açılmasına görə çox xoşbəxtəm. Təkcə mən yox, bütün hamı bu hadisə ilə qürur duymalıdı. İnşallah bir gün İsa bulağına gedib oranın suyundan içək. Qan yaddaşımız olan Xocalını ziyarət edək”.

Şəhər sakini Rasim İbrahimov: “Hər bir azərbaycanlı vətəndaşının arzusu həmin əraziləri gedib görməkdir. Biz arzu edirik ki, daimi yaşayış yerləri bərpa olunsun. Həmin torpaqların vətəndaşları öz yurdlarına qayıtsınlar. Mənim ətrafımda dostlarım var ki, həmin torpaqlarda doğulublar. Onlar da rayonlarına getmək üçün çox səbirsizlənirlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...