Niyə bəzi varlılar kasıbları əzməyə çalışır? - ARAŞDIRMA

Dünyadakı bütün milyonçular təsadüfən varlanmayıb. Zəngin insanlar düşünüldüyü kimi, yalnız şansları və ya ailələrinin maddi sərvəti ilə milyonçu olmurlar. Müəyyən maddi sərvətə sahib olanların həyatına nəzər saldıqda bir çox ortaq xüsusiyyətlər önə çıxır. Bu xüsusiyyətlər də onların nə üçün zəngin olduqlarını yaxşı izah edir. Milyoner insanların ümumi xüsusiyyətləri bunlardır:

1. Onların effektiv şəbəkəsi var

Milyonerlərin ortaq xüsusiyyətlərindən biri də onlar kimi dostlar qrupuna aid olmalarıdır. Oxşar xüsusiyyətlərə malik insanlarla dostluq edən insanlar investisiya və pul məsələlərində fikir mübadiləsi apararkən pul qazanmağa daha yaxın olurlar.

2. Risk etməyi xoşlayırlar

Zəngin insanların ən diqqət çəkən xüsusiyyətlərindən biri də risk almağı sevmələridir. Risk edən insanlar daha uğurlu olur və varlanmaq şansı daha yüksəkdir.

3. Onlar erkən oyanırlar

Milyonerlərin çoxu səhər tezdən durub günlərini planlaşdırmağı xoşlayır. Səhərdən oyanıb işlərinin arxasınca getmək onlar üçün daimi vərdişdir.

4. Qənaətcil

Milyoner insanlardan gözlənilməyən ümumi xüsusiyyətlərdən biri olan qənaətcillik diqqət çəkən bir davranış modelidir. Milyonçular pulun qədrini bilən və hesablamağı sevən insanlar olduğundan qənaətcil davranışları diqqəti çəkir.

5. Enerjilərini pul qazanmağa yönəldirlər

Zənginlərin çoxu öz sərvətləri ilə kifayətlənmir və daha çox pul qazanmaq üçün yaşayırlar. Onlar enerjilərini və vaxtlarını yeni strategiyalar hazırlamaq üçün sərf edirlər.

6. Sahibkarlıq ruhuna malikdirlər

Sahibkarlıq ruhuna malik zəngin insanlar yeni sərmayələr qoymağa və bizneslərini inkişaf etdirməyə həmişə müsbət yanaşırlar. Onlar öz bizneslərini qurmaqla qorxmadan həyata atılma cəsarətinə malikdirlər.

7. Qarşılarına məqsəd qoyurlar

Milyonerlər özləri üçün yeni hədəflər və bazarlar seçərək özlərini aktiv saxlayırlar. Onlar həmişə daha yaxşı olmaq üçün məqsədlərini nəzərdən keçirirlər.

8. Çalışqan

Zəngin insanlar böyük sərvətə sahib olsalar belə, işləməkdən əl çəkmirlər. Tənbəl həyat sürmək onlar üçün deyil. Onlar inanırlar ki, işləmək həmişə onları uğurlu və formada saxlayacaq.

9. Özlərinə sərmayə qoyurlar

Milyonerlər, onlara yeni qabiliyyətlər qazandıran məşğuliyyətlərlə məşğul olaraq daha uğurlu olacaqlarına inanırlar. Onlar düşünürlər ki, yeni hobbilərlə məşğul olmaq, məşq etmək və kitab oxumaq vacibdir.

10. Onlar yeni imkanları görə bilirlər

Yeni tendensiyaları və imkanları reallaşdıran və bu məsələlərə sərmayə qoyan zənginlərin ən böyük xüsusiyyəti, hər kəsdən əvvəl fürsətləri ələ keçirmələridir.

Fəqir sözü ərəbcə "qazmaq" mənasını verən "fəkr" kökündən olan sifətdir və əsl mənası "onurğası sınmış" deməkdir. Həmçinin bildirilir ki, bu vəziyyətdə olan insan kimi bir işi görə bilməməsi və başqalarına möhtac olması səbəbindən maddi sıxıntı içində olan şəxsə yoxsul deyilir.

"Fəqir" sözü Quranda fuqara cəmi ilə on iki dəfə keçir. Bu ayələrdən ikisində (Fatir 35/15; Muhəmməd 47/38) Allahın varlı, insanların isə kasıb olduğu qeyd edilərkən, insanların özlərinə kifayət etmədiklərini, Allaha möhtac olduqlarını vurğulamaq məqsədi daşıyır. Sözün bu mənası təsəvvüfdə xüsusi əhəmiyyət qazanmış və fəqr təsəvvüf ədəbiyyatının mühüm məfhumları sırasında öz yerini tutmuşdur. Kasıblara kömək etmək, onları yedizdirmək və qorumaqdan bəhs edən digər ayələrdə də bu sözün xalq dilindəki ümumi işlənməsinə uyğun olaraq zəngin olmayan, maddi sıxıntı və ehtiyac içində olan insanlara aid edildiyini söyləmək olar. Əslində, Hz. Musanın özünü yoxsul adlandırmasında və ya Məkkədən Mədinəyə hicrət edən mühacirləri yoxsul adlandırarkən maddi ehtiyac nəzərə alınmışdır.

Böyük Britaniyada yerləşən Oxfam humanitar təşkilatının qlobal yoxsulluq göstəricilərinə görə, dünyanın ən zəngin 1%-i 6 milyard 900 milyon insanın ümumi gəlirindən iki dəfə çoxdur. Dünya əhalisinin az qala yarısının, 3 milyard 400 milyon insanın gündəlik gəliri 5 dollar yarımdan azdır.

Milli gəlirdə əməyin payı əvvəlki ilin ilk altı ayı ilə müqayisədə 2019-2020-ci illər arasında 2 bənd, 2021-ci ilin ilk altı ayında isə 4 bənd azalıb.

22 dekabr 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal yoxsulluğun azaldılması üçün məlumatlılığı artırmaq və bütün dünyada yoxsulluq probleminə diqqəti cəlb etmək məqsədi ilə 17 oktyabrı Ümumdünya Yoxsulluğun Aradan qaldırılması Günü elan etmişdir.

Ötən gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Ümumiyyətlə, varlıların kasıblara üstdən aşağı baxması nədən qaynaqlanır? Varlı-kasıb münasibətləri dünyada və Azərbaycanda nə yerdədir? Niyə bəzi varlılar kasıbları əzməyə çalışır?

SİA məsələ ilə bağlı din xadimi Mircəfər Əyyubov və psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.

Din xadimi Mircəfər Əyyubov məsələyə dini aspektdən yanaşıb: “Bəzi hadisələrin yaratdığı psixoloji durum hadisənin özündən daha çox qabarıq görünür. Bir imkanlı şəxs hansısa aztəminatlı ailəni və ya aztəminatlı şəxsi təhqir edirsə bunun sosial şəbəkədə yayılması ilə insanlarda belə bir psixoloji əhval-ruhiyyə yaradır ki, bəli bütün imkanlı şəxslər bütün kasıbları təhqir edir. Bu doğru deyil. Çox imkanlı və mərifətli şəxslər, ədəbli şəxslər var ki, kasıblara hörmət də edir və çox kasıblar var ki, imkanlı şəxslər onlardan qat-qat ədəblidir. Çox kasıblar var ki, təkəbbürlərindən insanları təhqir etməkdən əl çəkmirlər. Yəni, bu təkcə varlı-kasıb söhbəti deyil.

İkincisi, sosial şəbəkələr ümumiyyətlə insanların qeybət və bir-birini rüsvay etmək məkanına çevrilib. Bir Allah bəndəsi üçün, bir insan, bir şəxsiyyət üçün həqiqətən ayıbdır ki, gördüyü hər şeyi videoya çəkib sosial şəbəkələrdə yayımlayır. Bu doğrudan biabırçılıqdır. Yəni, insanların işi-gücü qurtarıb, ancaq elə bu işlərlə məşğuldur. Bəli, bir insanın işi jurnalistikadır, müxbirlikdir. Bu başqa mövzudur. Amma insanın şəxsiyyəti, alicənablığı, Allah bəndəsi olması onun əməllərinə, vəzifələrinə qalib gəlməlidir.

Qurani-Kərimdə var-dövlətin, dünya malının bir xüsusiyyəti önə çəkilir, önəmsənir, qeyd olunur ki, bu xüsusiyyət var-dövlət tərəfindən insana aşılana bilir. O da bundan ibarətdir. Allah-təala səhv etməsəm Qiyamət surəsində buyurur ki, insan özünü ehtiyacsız görən zaman tüğyan, harınlıq, qudurğanlıq edir. Bu özünü tərbiyə etməmiş insanlarda var-dövlətlə birgə gələn hissdir. Əgər bir insan özünü düzgün tərbiyə etməyibsə, davranış pozuntusu varsa ona gələn var-dövlət onu mənfi yönümdə dəyişə bilir. Bu var-dövlətin gətirdiyi xüsusiyyətlərdir. Tərbiyəli insanların isə nə qədər var-dövləti çox olsa bir o qədər təvazökarlıqları çoxalır. Beləliklə, biz varlı cəmiyyəti iki kateqoriyaya bölə bilərik. Özünü əxlaqi baxımdan tərbiyə edə bilmiş imkanlı və özünü tərbiyə edə bilməmiş imkanlı şəxslər.

Mən burda biraz fərqli aspektdən baxıram. Ümumiyyətlə, dünyada necədir? Bizdə necədir? Mən bizi daha üstün hesab edirəm. Çünki dünyada əsasən bu münasibətlər hansısa insani dəyərlərə, mənəvi mentalitetə əsaslanmır. Əsasən qanun qorxusundan rol oynamaq kimi hesablanır. Lakin şərqdə bunlar insanın Allah qorxusundan, mənəvi dəyərlərə ehtiramından, mentalitetdən və s. xüsusiyyətlərdən qaynaqlanır. Ona görə də mən şərqi daha üstün hesab edirəm. Dünyada görürsünüz ki, daha çox varlılar daxilindəki boşluqlardan sui-istifadə edib kasıb ölkələrə, kasıb xalqlara olmazın zülmlər edirlər, onlar üzərində eksperimentlər aparırlar. Şükür Allaha ki, şərq insanında bu qədər qəddar, yırtıcı duyğu hələ ki yoxdur.

Niyə bəzi varlılar kasıbları əzməyə çalışır? Bu bəzən varlıların hansısa travmasından, psixoloji zədəsindən qaynaqlanır. Görürsən bir nəfər yaşamağa başlayanda, işləməyə başlayanda daim onu əzirlər, incidirlər, hər yerdən qovurlar, onda bir kin, düyün yaranır ki, mən imkanlı olanda bu qisasımı cəmiyyətdən alacam. Təbii ki, bu cəmiyyətin varlı təbəqəsindən bu qisası ala bilmir, gücü çatdığı təbəqədən bu qisası almağa çalışır. Yəni, belə insanlar bir növ psixoloji problemi, travması olanlardır. Daha kobud desək, dəliliyin bir növüdür. Dində bu son dərəcə böyük günahdır. Bu təkəbbürdür. Varlı təkəbbür edir, kasıbı əzir və xilqət yarandığı andan etibarən ilk baş vermiş ən böyük günah təkəbbürdür. Təkəbbür bu qədər böyük günah və çirkin əməl sayılır”.

Psixoloq Vüsalə Əmiraslanova isə psixoloji yanlarını izah edib: “Varlı-kasıb münasibətləri ümumiyyətlə ailədən irəli gəlir. Yəni, bəzən insanlar düşünür ki, varlı olmaq həm də başqasını əzmək, təhqir etmək deməkdir. Amma bir məsəl var, insan dünyaya kasıb gəlirsə, günah onda deyil, amma kasıb ölürsə günah onun özündədir. Əlbəttə ki, hamı istəyər ki, yaxşı yaşasın. Lakin insan bunun yollarını bilməyə bilər. Bəzi insanların işində uğursuzluqlar ola bilir, bəzi insanlar ümumiyyətlə itkilər yaşayır, saf olurlar, onların müəyyən qədər pulları oğurlanır və s. Səbəblər çoxdur. Xəstəliklər olur ki, əllərində müəyyən qədər məvaciblər olmur. Amma heç kəs heç kəsi təhqir etmək hüququna malik deyil. Heç kəs heç kəsi təhqir edə bilməz. Mən də o videonu izlədim. Çox vaxt təbəqələşmə var. Yəni, biz varlı ailəyik, filan ailədən qız ala bilmərik, biz onlarla səviyyə baxımından uyğun gələ bilmərik. Mən düşünürəm ki, əsas insanın intellektual səviyyəsinin uyğun gəlməsidir. Maddi səviyyə onsuz da insanda dəyişir. İntellektual səviyyə isə insanda olur və onun inkişaf etdirir. Bu birbaşa tərbiyə ilə bağlıdır. Öz övladımızı necə tərbiyə ediriksə o da digərlərinə o cür yanaşma verir. Ona görə də birinci ailədən başlamaq lazımdır. Dünyanın varlılarının kasıblara münasibətini tam olaraq deyə bilmərəm, əksəriyyətində bu var. Amma elə varlılar da var ki, çox sadədirlər, çox rahatdırlar və elə kasıblar var ki, özlərini çox varlı hiss edirlər. Bu sadəcə duyğulara, düşüncəyə bağlı olan bir məsələdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə