Prokuror Rasim Quliyevə 6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, R.Quliyevin ittihamlardan təqsiri sübuta yetirilib. Ona görə də o təqsirləndirilən şəxsin 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 6 il müddətinə həbs olunmasını istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Buna baxmayaraq R.Quliyev istintaqın ilk günündə olduğu kimi indi də ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib, günahsız olduğunu bildirib.

Növbəti məhkəmə dekabrın 16-na təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə