Qızıl zinət əşyalarının insan psixologiyasındakı rolu nədir? - ARAŞDIRMA

Aksesuarı, sözün əsl mənasında, əsas elementi tamamlayan, onu daha faydalı, cəlbedici edən köməkçi və tamamlayıcı detal kimi izah etmək olar.

Geyim, elektronika, ev bəzəyi, avtomobil, idman və sənət kimi bir çox sahədə istifadə edilən aksessuarlar erkən yaşlardan bəri insan həyatında mühüm rol oynamışdır. Qədim dövrlərdə heyvan sümüklərindən, dəniz qabığından, daşdan və müxtəlif metallardan hazırlanmış əşyalar bədəni bəzəməklə yanaşı, eyni zamanda, qüdrət, məqam və inancın göstəricisi idi. Tarixi prosesində müxtəlif məqsədlərə xidmət edən aksesuar gələcəkdə moda aləmində fəal rol oynamışdır. Aksesuar dedikdə, ilk ağıla estetik töhfə verən çantalar, zinət əşyaları, saatlar, gün eynəkləri, şərflər, pul kisələri və paltarı müşayiət edən funksional tamamlayıcılar gəlir. Moda dünyasının vazkeçilməz elementinə çevrilən aksesuarların mövsüm trendləri, xüsusilə, xanımlar tərəfindən maraqla gözlənilir və yaxından izlənilir.

Böyük, kiçik, şəffaf və ya toxunmuş, dəri, saman çantalar, daşlı, üçbucaqlı, oval çərçivəli gün eynəkləri, baş bantları, şişirdilmiş və ya minimal zərgərlik mütləq moda dinamikasında öz yerini tapır. Uyğun konseptdə düzgün kombinasiyalar sizi qəşəng və seçilən göstərə bilər.

Aksesuar və geyim birləşməsində edilən seçimlər də vizual qavrayışda fərqlər yaradır. Məsələn, sadə bir paltarla istifadə edilən şişirdilmiş boyunbağı daha diqqət çəkən və hakim təsir yaradır, zərif boyunbağı isə daha sadəlövh bir xarakterin göstəricisi kimi qəbul edilə bilər. Mirvari sırğa qadın, dəri bilərzik kişi üçün ola bilər. Aksesuar seçimlərində trendlər qədər fəsillər də vacibdir. Yayda gün eynəyi, rəngli qolbaqlar, xalçalar, açıq rəngli çantalar, saç bantları, qışda isə beretlər, əlcəklər, tünd rəngli çantalar, şərflərdən istifadə edilir. Aksesuar geyim qədər vacibdir. Çünki insanın üslubunu əks etdirir. Stil sahibi olmağın yolu düzgün aksesuarları seçməkdən və düzgün kombinasiyalar, eləcə də paltarlar hazırlamaqdan keçir.

Parıldayan zinət əşyaları, bahalı ayaqqabılar, dəbdəbəli saatları və dəbli aksesuarı kim sevməz? Bədənimizi bəzəmək vəsvəsəsi əhəmiyyətsiz bir fəaliyyət deyil. Niyə özümüzü bəzəmək üçün bu qədər pul xərcləyirik?

Qısa cavab: Çünki biz zərgərlikdən ünsiyyət vasitəsi kimi istifadə edirik. Məsələn, nişan üzüklərini götürək. Bir çox ölkələrdə sol əlin adsız barmağındakı parıltı, sahibinin evlənmək vəd etdiyini bildirir. Barmaqdakı bu üzük müəyyən bir mesaj daşıyır.

Əslində, geyindiyimiz hər şey ətrafa mesaj göndərir. Geyinmək üçün seçdiyimiz paltar və ya taxmaq üçün seçdiyimiz zinət əşyaları ətrafımıza kim olduğumuza dair mesajlar verir: İdmançı, həkim, rəssam, ana və s. Geyim və aksesuarlarla bağlı bəzi seçimlər şüurlu şəkildə edilir, digərləri isə çox mənalı deyil – lakin geyindiyimiz və ya geyindiyimiz hər şey sanki bir hekayə danışır.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların fikirlərini öyrənib.

Məsələ ilə bağlı yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov münasibət bildirib: “Qızıl və zinət əşyaları hər zaman insanları, xüsusən də, xanımlarımızı maraqlandırıb. Bilirsiniz ki, İslami dəyərlərə görə kişi xeylağı gümüş, qadın xeylağı isə qızıl-zinət əşyalarından istifadə edə bilərlər. İslam dini baxımdan deyilir ki, “siz səhrada, yaxud bir yerdə səfərdə dünyanızı dəyişən zaman sizin cənazənizi yuyub və kəfənə alan insanın borcunu ödəmək üçün sizdə qızıl üzük olmalıdır”. Daha doğrusu, sizdə gümüş üzük olmalıdır ki, kiməsə borclu qalıb bu dünyadan köçməyəsiniz.

Qızıl dünyada az tapılan ən qiymətli metallardan sayılır. İndi hal-hazırda elektronikanın, kompüter texnologiyalarının, internetin, nano texnologiyalarının inkişafı ilə əlaqədar olaraq qızılın dəyəri daha da artıb. Çünki onların hər birində qızıldan istifadə edilir.

İnsanların özlərinin sağlamlığına da qızılın çox müsbət təsiri var. Psixoloji təsiri odur ki, insan əlində qızıl-zinət əşyaları, var-dövlət olan zaman özünü daha rahat, daha dinc və gələcəyə nikbin baxır. Amma bioloji tərəfdən də insanın bir çox bədən əzalarının, gözünün nurunun artırmağından tutmuş nəbzinin normallaşmasına qədər, təzyiqin normallaşmasına qədər qızılın əhəmiyyəti çox böyükdür.

Üstəlik, qızıldan əvvəllər diş materialı kimi istifadə edilirdi. İndi də edilir, amma qabaq dişlər yox, arxa dişlərə istifadə edilir. Çünki qızıl elə bir metaldır ki, yumşaq olsa da, onu qida qəbul edən zaman demək olar ki, çox az fəsad verir.

Elə insanlar var ki, ümumiyyətlə, qızıl xəstələridir. Bu, onlarda artıq bir azar, xəstəlik halını alıb. Bu, psixoloji bir asılılıqdır. Yəni, qızıldan asılılıqdır. Yəni, mən başqalarından fərqlənirəm, mənim başqalarından var-dövlətim çoxdur, qızılım çoxdur deyib özünü seçmək istəyir. Belə insanlar intellekt cəhətdən zəif olanlardır, amma xəsislik baxımından, var-dövlət hərisliyi baxımından ətrafdakılara özünü göstərən şəxslər belə sayılır.

Bütövlükdə götürəndə isə dünyada indi zinət əşyaları kimi qızıldan istifadə ancaq şərq ölkələrində qalıb. Siz qərb ölkələrində ya həddindən artıq bahalı, yəni, qiyməti 100 mindən başlayıb milyonlarla bitən müəyyən zinət əşyalarını görəcəksiniz. Onlar da çox az saydır. Elitar təbəqənin nümayəndələri və elit tədbirlərdə, ildə bir dəfə, iki dəfə keçirilən tədbirlərdə, yaxud şou əhli televiziya və kino ulduzları, tanınmışlar tərəfindən taxılan və istifadə edilən əntiq və yaxud modern zinət əşyaları kimi istifadə olunur. Amma şərq ölkələrində ağına-bozuna baxmadan hər kəs kasıbından tutmuş orta və varlı təbəqəsinə qədər, xüsusən də, qadınlar, yaşlı qadınlar qızıldan gen-bol istifadə edirlər. Məsələn, Hindistandır, Türkiyədir. Onlar toylarda da qızıl salırlar, o cümlədən də digər ölkələrdə də belədir.

Müasir dövrdə artıq gənclər qızıla bir az fərqli baxırlar. Əvvəllər qızıl, brilliant və s. zinət əşyaları onlara yığılırdısa, son vaxtlar bizim insanlar da artıq ağıllanıblar. Min manata aldığı hər hansı bir üzük və yaxud zinət əşyasını sonra vəziyyət ağır olanda, satmaq lazım olanda sən heç onu 200 manata da satmırsan. Onun qaşı brilliantdandır, yaxud ondan asılı olmayaraq onu lom kimi götürürlər. Ona görə də insanlar da artıq qızıl alarkən bunlara fikir verməyə başlayıblar. Yəni, ağırlığına görə qızıl əşyasını alırlar. Azərbaycanda qızıla, zinətə olan həm həddindən artıq aşırı maraq qədimdən bizdə var idi, indinin özündə də var. Yəni, xəzinə toplamaq, bir pulun artığını hər hansı işə yönəltməmək və qızıl şəklində ölü kapital kimi gizlətmək kimi xəstəlik bizdə hələ də qalıb. İkinci məsələ isə toylarda qızıla həddindən artıq aludə olmaqdır. Bilirsiniz ki, bizdə evlənən adamlara bəzən 100 minlik qızıl alınır, amma ev alınmır.

Bir gün toyda, nişanda nümayiş olunar deyə o gənclər üçün qızıllar aparılır sonra altı aydan sonra görürlər ki, qızılla xoşbəxtlik mümkün deyil, altı aydan sonra da o ailələrin çoxu dağılır. Çünki bahalı qızıl gətirən qız tərəfdən də böyük cehizlər istəyir. Ona görə də gənclərimiz problem yaşayırlar. Bu məsələdən də qurtulmaq lazımdır. Yəni, qızıla verilən pul passiv kapital saxlamaqdansa daha aktiv işlək bir kapitala mənsub olmaq, sahib olmaq daha düzgündür. Ona görə də biz məsləhət görməzdik müasir dövrdə qızıla çox hərislik, qızıla çox maraq göstərmək, sözsüz ki, bir hissəsini hər hansı bir əlində vəsait varsa onun bir hissəsini qızıl formasında saxlaya bilərsiniz”.

Psixoloq Zeynəb Eyyubova məsələnin psixoloji yanlarına toxunub: “Cəmiyyətdə yaranmış bəzi inanclar var. Bu inanclara inananlara və inanmayanlara fərqli təsir göstərir. Məsələn, belə bir deyim var ki, qızıl qadına xeyirdirsə, kişiyə ziyandır və ya bəzi qadınlar deyir ki, qızıl taxanda ağırlığım götürülür və s. Bu, əslində, inanc sistemi ilə əlaqəlidir. Yəni, insanlar hər hansı bir daşa da bunu edə bilər. Misal üçün zümrüd daşı olsun.

Cəmiyyətdə yayılanlardan yaqut, əqiq, daha sonra bəzi tanınmayan bizdə olan daşlardır. Məsələn, strin daşı indi hal-hazırda məşhurlaşıb. Həmçinin, aqat və s. var. Bunların da bəzi təsirlərinin olduğunu deyirlər. Amma bu, birmənalı olaraq belə bir şey deyil ki, misal üçün kəhrəba daşı hər kəsə xeyir edəcək və ya qızıl hər kəsə xeyir edəcək. Sadəcə, inancdır. Bəzi insanlar deyir ağırlığımı götürür, bəzi insanlara allergiya verə bilər. Yəni, baxışlar müxtəlifdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə