Tarixi zəfərimiz və Ədliyyə günümüz

Pərvin ƏLİYEVA,
5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu

Düz 1 il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz xalqımızın milli birliyi sayəsində Qarabağın işğaldan azad edilməsi üçün başlanan Vətən müharibəsində inanılmaz qələbəyə imza atdı, 30 il davam edən erməni işğalı sona çatdı. Xüsusilə, Rəşadətli Ordumuz tərəfindən 44 günlük zəfər yürüşünün sonunda Qarabağımızın tacı olan Şuşa şəhəri işğaldan azad edildi, xalqımıza çoxdan arzuladığımız, xəyallarımızda olan qələbə sevincini yaşadıq. Biz bu qələbəni şəhidlərimizin canı qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına əldə etdik.

Bütün bunlar barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də geniş bəhs edilib. Dövlətimizin başçısı Ermənistanın məğlubiyyətinin etiraf etdiyi günün ölkəmiz üçün tarixi bir gün olduğunu, bununla da Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu vurğulayıb: “Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak edib, o cümlədən könüllü iştirak edərək fədakar xidmətlər göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Nazirlik tərəfindən döyüşlərdə iştirak etmiş əməkdaşlar, o cümlədən şəhid ailələrinin qayğıları daim diqqət mərkəzində olub, onların problemləri həll edilib, zəruri köməklik göstərilib.

Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. Həm Vətən Müharibəsində qazandığımız qələbənin 1 illiyini, həm də peşə bayramımızı qeyd edirik. 10 noyabr tariximizə Qələbə Günü kimi daxil olub. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük sevinc hissi ilə qeyd etmək istərdik ki, Ulu Öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını 21 ildən sonra biz ədliyə işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq. Bu hissləri, bu sevinci bizə yaşadan, nəsib edən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq.

Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Fürsətdən istifadə edərək bütün ədliyyə işçilərinin xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!
Müasir Azərbaycan ədliyyəsinin yaranması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf etsə də, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyin strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli olub. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılıb, məhkəmələr üçün müasir bina və komplekslər tikilərək istifadəyə verilib. Bir çox bina və komplekslərin açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakı, müvafiq tövsiyə və tapşırıqlarını verməsi dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir.

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən milyonlarla əməliyyat aparılıb və verilən sənədlərin yarıdan çoxu məhz ədliyyə qurumlarının payına düşüb. Mütərəqqi islahatlarımıza beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib.

Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bu Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.

Hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanan və elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan “Elektron notariat çantası” vasitəsilə istənilən yerdə notariat hərəkətlərini aparmaq mümkündür. Yalnız Azərbaycanda mövcud olan “Elektron ədliyyə köşkü” vasitəsilə təxirəsalınmaz hallarda məsafədən notariat hərəkətləri aparmaq olar. Bu qurğular videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Təqdirəlayiq haldır ki, bu innovasiyaların tətbiqi beynəlxalq hüquq ictimaiyyətində böyük maraq doğurub. Bir sıra ölkələr Azərbaycanın bu təcrübəsindən bəhrələnməyə maraq göstərirlər.

Çox sevindirici haldır ki, bu ilki “Ədliyyə işçilərinin peşə baytamı günü” məhz zəfər günləri ilə eyni vaxta düşür və bu sevincimizi daha da artırır. Yenə uzun illərdən sonra böyük qürur hissi ilə deyirik: “Qarabağ Azərbaycandır!”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...