Pandemiya ictimai iaşə obyektlərinə necə zərər vurur? - ARAŞDIRMA

Bildiyimiz kimi, koronavirus pasportu və peyvənd söhbəti olmamışdan öncə kafe və restoranlar xeyli gəlir əldə edərək aktiv şəkildə işləyirdi. İndi isə peyvənd və pasport məsələsindən sonra əksər restoranların içi bom-boşdur. Bu restoran sahiblərinə və personala necə təsir edir? Məsələ ilə bağlı SİA olaraq araşdırma aparıb restoran sahiblərinin fikirlərini öyrəndik.

Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan covid pasportu tələb olunmur. Tələblər ancaq qapalı məkanlara aiddir. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.

Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət edilməsi, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi tövsiyə olunur.

Məsələ ilə bağlı Sahil metrosu Bülbül prospekti 10 ünvanında yerləşən “Boğaziçi” restoranının səlahiyyətli üzvü Asim Aslanovla danışaraq fikirlərini öyrəndik: “Pandemiya şəraiti ictimai iaşə obyektlərinə çox mənfi təsir edib. Təbii ki, bu bizim obyektdən də yan keçməyib. Əgər, əvvəl restoranımıza 10 nəfər gəlirdisə, indi bu say 2 və ya 3-ə enib. Vəziyyət çox gərgindir. Kimdən də peyvənd və ya pasport sənədi tələb ediriksə, əksəriyyəti inciyərək çıxıb gedir. İşimiz çox zəifləyib. Mövcud vəziyyətdən işçilərə də doğru-düzgün maaş verə bilmirik. Çox çətin durumdur”.

Məsələ ilə bağlı yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov münasibət bildirib: “Artıq iki ilə yaxındır ki, koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da öz mənfi təsirlərini həyatımızın bütün sahələrində, o cümlədən də əyləncə, istirahət və xidmət sahəsində də göstərməyə başlayıb. Bu sahədə isə son yarım əsrdə ən çox intensiv inkişaf edən və daha çox iş yerləri yaradan sektor restoran sayılır. Covid-19 qadağaları, karantin və karantindən sonra yumşalmalar istirahət, əyləncə və xidmət sahələrinin inkişafına təsir etməli idi. Təəssüflər olsun ki, vətəndaşların böyük bir hissəsi virusa yoluxandan sonra o cümlədən də, artıq 3 milyondan çox əhalinin ya 1-ci, ya 2-ci dəfə peyvəndlənməsindən sonra gözləyirdik ki, həm virusun yoluxma və yayılma sürəti azalacaq, karantin qadağalarının bir çoxu yumşalacaq, həm də insanların iqtisadi sosial vəziyyəti düzələcək. Təəssüflər olsun ki, bunun şahidi ola bilmədik. Danimarka və digər ölkələr, onlar artıq 80 faiz əhali peyvənd olunandan sonra bütün qadağaları götürdülər, hətta gecə klubları, restoranlar, əyləncə mərkəzlərinə heç bir covid pasportu tələb olmadan gedə bilərsiniz. Amma Azərbaycan cəmiyyəti həm təhsil səviyyəsinin aşağı olması, həm ümumi maarifçiliyin zəif olması, həm də insanların qayda - qanunlara, rəsmi məlumatlara, rəsmi qadağalara deyil, kiminsə dilindən eşitdiyi fikirlərə diqqət ayırmaları ona gətirib çıxartdı ki, bizdə yoluxmanın sayı nəinki azaldı, əksinə çoxalmağa başladı, üstəlik insan ölüm faktları da get - gedə statistik cəhətdən artmağa başladı. Əvvəllər tək rəqəmli ölüm halları indi 40, bəzi hallarda 43 nəfərlə əvəzləndi. Ona görə də Operativ Qərargah bir çox qadağaların yumşaldılmasından sonra yeni qadağalarla vətəndaşların sağlamlığını qorumağa çalışdı. Bu səhv və yaxud düzgün qərardır, onu mən deyə bilmərəm, amma hər halda fikirləşirəm ki, kifayət qədər məntiqli qərarlardır və sakinlər bununla razılaşmalıdırlar. Bir nəfər kafedə işləyirsə, o 4 nəfəri və yaxud 3 nəfər ailə üzvünü dolandırmağa çalışır, eyni zamanda vergi, sosial müavinət ödəyicisi olaraq 2 qoca 1 əlili və 2 uşağı da saxlamaq üçün dövlətə kömək edir, vəsaitlər köçürdür. O cümlədən də, bu kafe sahiblərinə və əmək müqaviləsi ilə işləyənlərə də aiddir. Bu Covid pasportunu tələb etmək, insanların ayağının restoranlardan, kafelərdən kəsilməsi o deməkdir ki, külli miqdarda vəsait dövlət büdcəsinə daxil olmur və dövlət büdcəsində mənfi saldo yaranır, artıq gələn ilin büdcəsində çatışmamazlıq ola bilər. Ona görə də bir qədər ortaq bir nəticəyə gəlmək lazımdır. Əslində, ümumi məntiq ona dəlalət edir ki, əgər bu qədər insan peyvənd olunubsa və eyni zamanda bu qədər insan xəstələnib, təzədən sağalıb antitel qazanıbsa və ümumiyyətlə, Azərbaycanda yoluxma səviyyəsi aşağı düşməlidir. Amma biz bunun əksini görürük. Burda sadəcə, çıxış yolları axtarmaq üçün yerli və xarici təcrübələrdən istifadə etmək lazımdır. Restoran və kafelərdə havalandırma sistemi yaxşıdırsa, eyni zamanda restoran və kafelərin həyətləri varsa, sosial məsafə saxlamaq və tibbi maskalardan istifadə etmək imkanları mümkündürsə, məncə peyvənd pasportu və ya sertifikatları tələb etmək hələ tezdir. Bu istiqamətdə yumşalmalar aparılsa daha çox xeyir verər, nəinki belə sərt qərarlar”.

“Bildiyiniz qədər Azərbaycanda və dünyada yoluxma yalnız restoranlarda deyil, ona qalsa, məktəblər, universitetlər açılır, ictimai nəqliyyatda yoluxma var, asan xidmətdə var. Xəstəxana poliklinikalarında növbələrdə də yoluxma var. Ona görə də bir qədər xüsusi yumşalmalara ehtiyac var, restoran və kafe sahiblərinin özünün iflas olmaması, ordakı işçilərin ixtisar edilməməsi üçün məncə bir qədər fərqli bir münasibət bəsləmək daha düzgün olardı”.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə fikirlərini bu cür ifadə edib: “Nazirlər Kabinetinin məlumatına görə, indiyədək altı milyon 805 min vətəndaşımız peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfər isə hər iki dozadan istifadə edib. Dörd milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanların ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizini belə təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir doza peyvənd oluna biliblər. Bu həm də o anlama gəlir ki, qadağalar elan olunduqdan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb. Çünki vaksin olunanların 60 faizi son bir aydan daha qısa müddətdə peyvənd olunan vətəndaşlarımızdır. Eyni zamanda, Azərbaycanda əhalinin 26, 5 faizi hər iki dozadan istifadə edib, bu MDB üzrə 2-ci göstəricidir, Eyni zamanda, nəzərə alsaq ki, bugün rəsmi peyvənd pasportu tələb olunaraq xidmətlərin istifadə oluna biləcək sektorlar Azərbaycanda bütövlükdə həm məşğulluq, həm də pay baxımdan xüsusi yerə malikdir. Belə ki, ictimai iaşədə 78 mindən çox, istirahət, əyləncə, incəsənət sahəsində 81 mindən çox vətəndaşımız çalışır. Eyni zamanda digər xidmət sektoru daxil olmaqla, 16 mindən çox vətəndaş sektorlarda olan vətəndaşlarımızdır”.

“Həmçinin, rəsmi statistikaya görə kafe restoran və xidmət obyektlərinin əhatə etdiyi sektorlar il ərzində 2 milyard manata yaxın dəyər formalaşdırıb. Təbii ki, söhbət pandemiyadan əvvəlki illərdə formalaşdırılan dəyərdən gedir. Amma əslində bu rəqəm göstərir ki, kifayət qədər böyük dəyər bugün covid pasportu tələb olunan sektorlarda formalaşdırılır. Əslində nəzərə alsaq ki, hər 2 doza üzrə vaksinasiya səviyyəsi yüksək deyil, təbii ki, həmin xidmətlərdən istifadə edənlərin sayına təsir göstərəcəyi gözlənilir. Şadlıq saraylarının müştərilərin sayına ciddi təsir edəcəyi gözlənilmir. Çünki praktiki olaraq, oxşar qadağalar iyun ayından etibarən tətbiq olunur, demək olar ki, əksər toylarda qonaqların sayı 50 - dən çox idi. Ona görə də şadlıq saraylarından xidmətindən istifadə edənlərin sayına xüsusi təsir göstərmir, gözlənilir ki, digər ictimai iaşə xidmətlərindən istifadə edənlərin sayına təsirsiz ötüşməyəcək. Bu baxımdan çox vacibdir ki, həm də proses elektronlaşsın ki, ictimai iaşə, iri ticarət mərkəzləri eləcə də mehmanxanalardan istifadə edənlər artıq elektron nəzarət mexanizmi ilə öz elektron covid pasportunu mobil telefon vasitəsinə oxutmaqla həmin xidmətlərdən faydalana bilsinlər”.

“Şadlıq saraylarında qiymətlər yüksək olaraq qalmaqdadır, aparılan monitorinqlər göstərir ki, iyun ayından etibarən şadlıq saraylarında pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlərin artması müşahidə olunur. Etiraf etmək lazımdır ki, əksər şadlıq saraylarında keyfiyyətin azalması müşahidə olunmaqdadır. Ona görə də qiymət artımları iyun ayından etibarən, şadlıq saraylarının fəaliyyətinə icazə verildikdən sonra müşahidə olunmaqdadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə