İsmayıllıda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə İsmayıllı rayonunda şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında tibbi müayinə aksiyası keçirilib.

SİA xəbər verir ki, əvvəlcə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Vidadi Rəhimov Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində iki yüzdən artıq şəhid ailəsi, qazi və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib, rəngli dopler-exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji müayinələr aparılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba rayonları və Lənkəran şəhərində bu qəbildən aksiyalar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə