Azərbaycandakı kiberidmançılar inkişaf vəd edir - ANALİZ

Video oyunlar yarandığı gündən bəri böyük maraq yaradaraq böyük ölçüdə sərmayələri mənimsəyib. Əvvəllər sadəcə insanların əyləncəsinə hesablansa da günümüzdə sadəcə oyun oynayaraq pul qazananlar da var. Bir çox ölkədə “gamer”lər fərqli sponsorlar tərəfindən maliyyələşdirilir. Bu proses əsasən onlayn şəkildə olan oyunlarda baş verir. Belə ki, sponsor oyunçunu və ya onun komandasını hər bir vasitə ilə təmin edir, onlara maaş ayırır. Daha sonra isə həmin komandanın əldə etdiyi hər bir nailiyyət sponsoru da məşhurlaşdırır. Beləliklə hazırda dünya həcmində bu sahədə böyük rəqabət mövcuddur. Gecəsini gündüzünə qatıb, bütün gününü oyuna ayıran “gamer”lər artıq rahat şəkildə qazanc əldə edə bilirlər. Bəziləri isə “Youtube”, “Tik-tok” kimi media platformalarında yayınlar edərək məvacib qazanırlar.

Artıq ölkəmizdə də bu işə xüsusi maraq var. Fərqli şirkətlər yarışmalar təşkil edir, uduşlar təyin edərək oyuna xüsusi önəm qatır. Bu cür oyunlardan ən məşhur olanı isə “Pubg”dir. Prosesi daha yaxından təqdim etmək üçün bir neçə “ROUTE TEAM”in azərbaycanlı “gamer”i Vahid Abdullayevdən müsahibə də aldıq.

Düşünün ki, bir “gamer”, imkan deyəndə ağla ilk gələn Amerika kimi dövlətdə sərmayə əldə edə bilmir. Çünki ölkə “Pubg” ni dəstəkləmir. Bu yaxınlarda Hindistan da “Pubg”ni qadağan etdi. Ümumilikdə çox yerdə sponsor azlığı var ona görə də 90 faiz professional “gamer” güclü sponsorlu ölkələrin klanlarına gedir. Bu cəhətdən Azərbaycan da “gamer”lik sahəsində geridə qalır.

Əslində bunun da bir peşə olduğunu və Azərbaycanı da təmsil elədiyini hesablamaq lazımdır. İndiki dövrdə futbol və onun kimi digər idman növlərinin daha çox fanatı və izləyicisi olduğunu bilirik. Bu oyunlara "Topaz" kimi qurumlarda pul qoyulduğunu və bunun da dövlətə xeyir verdiyini nəzərə alsaq, video oyunlara da pul ayrılmalıdır. Çünki bu oyunlar da müxtəlif kütlələr tərəfindən maraqla izlənilir. Bu sahəyə də fərqli mənbələrdən kifayət qədər sərmayə ayrılır.

Bu işin təhsilimə təsiri barədə isə əgər bir insan həm “gamer” olub, həm də təhsilini davam etdirəcəksə onun yuxusuz gecələri olacağı ortadadır. Buna görə də hamı əziyyətinin qarşılığını almaq uçun bu işdən ən azı aylıq tələbatını çıxartmaq istəyir. Amma sponsorun yoxdursa Azərbaycanda heç cür nailiyyət əldə edə bilməzsən.

“ROUTE TEAM”a qoşulmağımız və qlobal arenada çıxış etməkdə məqsədimiz isə əziyyətlərimizin boşa getməməsi və inkişafımızı davam etdirməkdir. Mən Azərbaycan klanlarının bir çoxunda olmuşam amma fikir verdim ki, Azərbaycan klanları bir nöqtəyə qədər inkişaf edir. Bu pillələrdə qalanların sayı minlərlədir. Türkiyəyə baxdığımızda isə bu say daha çoxdur amma qlobal çərçivədə isə inkişaf sonsuzdur və ortada dəstək, maliyyə və s. imkanlar təqdim olunur.

İnsan daima özünə ən yaxşı olanı seçmək istəyir. Ən azından mən internet kimi məcburi tələbatlarımı ödəməliyəm. Azərbaycanda buna dəstək olanlar çox azdır və olanların da təklif etdiyi pul heç sənin günlük tələbatını da ödəmir. Ona görə də mən qlobal reytinqdə çox tanınmış və öz adını demiş “Route” klanına gəlməyi seçdim. “CV”mi təqdim etdim və mənə hə dedilər. “Route” adını bütün dünyaya tanıtdırmaq üçün əlimdən gələni edəcəm. Çünki kim mənə dəstək çıxırsa onun da arxasında olmalı olduğumu düşünürəm.

“ROUTE” komandasının kapitanlarından biri olan Əmrah İbadzadə ilə də bu barədə danışdıq. O bildirir ki, 2-ci sezondan bəri professional oyuna başlayıb. O vaxtdan bəri köklü bir komanda qurmaq istəyib. Amma indi Azərbaycanda kiberidman inkişaf edir və lazımi sayda oyunçu var. Buna görə də nəhayət “ROUTE” ailəsini qurub.

“ROUTE” komanda fəlsəfəsi - Biz oyunçularımız və kapitanlarımızla bir yerdə bir komanda və ən əsası da ailə qururuq. Bu yolda məqsədimiz özümüzü, oyunçularımızı inkişaf etdirmək və qlobal arenaya tanıtdırmaqdır.

Kiberidman nədir? - Qlobal oyunlarda müəyyən qədər izləyicisi olan eyni şərtlər daxilində eyni arenalarda keçirilən yarışmalarda oynayan oyunçulara kiberidmançı və ya E-sporçu deyilir.

Mənfi və müsbət cəhətləri - İlk öncə, mənfi cəhətlərindən danışmaq istəyirəm. Cihazlara müəyyən qədər uzun müddət baxdığınıza görə, gözləriniz yorulacaq və zəifləyə bilər. Bu işdə nə qədər bacarıqlı oyunçular lazımdırsa o qədər də maddi cəhətdən özünüzü qarşılaya bilməlisiniz. Amma ən böyük cəhəti, əgər sizin ölkədə kiberidman hələ tam formalaşmayıbsa çox çətinliklərlə üzləşəcəksiniz. Valideynləriniz çevrəniz etdiyiniz işi bir iş kimi görməyəcək və bu sizi motivasiyadan salacaq.

Müsbət və önəmli cəhətləri isə komanda oyununun təşkil edilməsidir. Komandanızı nə qədər tanıyırsınızsa o qədər də güclü olacaqsınız. Çoxları kiberidmanla məşğul olan insanları özünə qapanıq insanlar olaraq görür amma heç də elə deyil. Oyunda ilk öncə hər kəsin öz rolu olur. O roluna uyğun informasiya verir və s. yəni danışıq oyunda mühüm rol tutur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə