Bəhsə-bəhs yoxsa eqo?- MARAQLI FAKTLAR - SOSİOLOQ VƏ PSİXOLOQDAN AÇIQLAMA

“Deməli bu bəhsə-bəhs məsələsi bizim həyatımızın demək olar ki, tam mərkəzinə oturmuş vəziyyətdədir və uşaqdan böyüyə hamının necə deyərlər birbaşa içində olduğu bir məsələdir. Tutalım uşaqdır, birimizin övladıdır, gedir kiminsə əynində maraqlı görünüşə malik bir köynək, bir ətək görür gəlir evdə valideynindən xahiş edir ki, mən o ətəkdən istəyirəm. Bu tamamilə uşaq düşüncəsindən deyilmiş bir şeydir. Biz bunu xoş qarşılayırıq və çalışırıq övladımıza ondan alaq. Amma düşünmürük ki, bu bəhsə-bəhslikdir. Tutalım, kiminsə övladının əynində varsa, mənim də övladım geyinməlidir. Bunu xırda bir həvəs kimi qəbul edin. Amma nəzərə almırıq ki, bu həvəs bizim övladımızın irəlidəki yaşlarında özünü başqa formalarda büruzə verəcək”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, tutalım, hər hansı bir toya gedirik, o toyda ekstravaqant bir adət, yenilik görəndə biz gəlib onu öz övladımızın toyunda da tətbiq etməyə çalışırıq: “Baxmırıq ki, bizim büdcəmiz buna yetir ya yetmir. Analar gedir hər hansı bir cehiz yığma mərasiminə orada xoş görünüşə malik hər hansı bir əşyanı görür, ondan öz övladına almağa çalışır. Baxmır ki, buna pulu yetir ya yetmir. Cehiz xərcinin altında beləcə əzilirlər. Qonşu özünə ev tikir, digər qonşu baxır. O öz evində hansı yeniliyi edir, o da onu tətbiq etməyə çalışır. Baxmayaraq ki, bunun özünün evinin quruluşu, tutalım dizaynı buna imkan verir, şərait yaradır ya yaratmır. Sadəcə tətbiq etməliyəm vəssalam. “Onda var məndə niyə yoxdur” düşüncəsi də özünü göstərir”.

Sosioloq sözlərinə belə davam edib: “Tutalım, birimizin övladı hər hansısa bir universitetə qəbul olub. Onun bəhsinə girib “Niyə o qəbul oldu, sən olmadın?” düşüncəsi ilə öz övladımızın gününü göy əskiyə bükürük. Yəni, bu kimi misalları çox çəkə bilərəm. Bizim cəmiyyət üçün artıq xarakterik olmuş bir məsələdir”.

“İnsanların özünün individual fikri yoxdur. Zövq, geyim, dizayn məsələsində, yenidənqurma, tikinti bütün sahələrdən evdə bişirdiyimiz yeməyə qədər insanlar bəhsə-bəhslə hərəkət edir”.

“Sosial şəbəkələr həyatımıza girəndən bu yana bu bəhsə-bəhslik məsəli daha da geniş vüsət alır. Kim harda nə görür tətbiq etməyə çalışır. O gördüyü hər şeyi həyatının mərkəzinə yerləşdirməyə çalışır. Mən insanlarla rastlaşıram ki, bu bəhsə-bəhslik məsələsində ailəsində böyük davalar düşür, yəni həyat yoldaşı ilə konfliktlər yaranır. Bir-birindən büdcənin yetmədiyi şeyləri tələb edirlər. Bu da ki təbii ki ailədaxili problemlərə, münaqişələrə səbəb olur. Yəni kökündə insanların fərdi fikrinin olmamağı məsələsi dayanır ki, insan özü öz düşüncəsi, öz zövqü və prinsipləri ilə hərəkət etməlidir. Kimdə nə var onu tətbiq etməklə ömür keçməz, həyat keçməz və bu yalnız öz həyatımızı çətinləşdirməyə xidmət edir”.

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı da münasibət bildirib: "İnsanlar arasında yaxşı mənada bəhsə-bəhslik olursa, bu çox yaxşı bir haldır. Ümumiyyətlə, insanın xislətində eqo var. Eqoistlik insanla birlikdə doğulan bir duyğudur. İnsan böyüdükcə korreksiya olunur. Onlara iradə, empati kimi hisslər aşılanır. Amma, eqoistliyin kökü olduğuna görə, eqoistlikdən bəhsə-bəslik doğa bilir. Amma bəhsə girməyin mənfi və müsbət tərəfləri var".

"Müsbət mənada bəhsə-bəhslik odur ki, insan cəmiyyətə faydalı olur və özünü inkişaf etdirir. Eqo insanda bəhsə-bəhslik hissinin tam köküdür. İnsan başqa insanlardan üstün olmağı özünə hədəf qoyur. Bu şüuraltı baş verir. İnsanın ruhunu, mənəviyyatını qidalandıran şey onun ictimai cəmiyyətdə, ailədə, özü-özündə dəyər qazanmasıdır. Bu qazanılmış dəyər isə başqalarına nisbətən daha üstün, daha yaxşı olduğunu özünə və ətrafa sübut etdiyi, müsbət yöndə fərqli bir baxış əldə etdiyi zaman olur. Bu zaman o öz eqosunu tam tətmin edir, özgüvəni artır və rahatlayır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə