""Xarı bülbül" festivalı siyasi əhəmiyyəti ilə də tarixə düşdü" MƏQALƏ

“Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır” – Cənab Prezident İlham Əliyevin çıxışını izləyərkən, bir azərbaycanlı olaraq gözyaşlarımı saxlaya bilmədim.

Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən, yüksək rifaha çatdıran liderləri olur. Prezident İlham Əliyevin adı böyük Xilaskar, Qəhrəman kimi tariximizə əbədi həkk olundu. Dillərə dastan, əfsanə olan "Xarı bülbül" gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutması, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu göstərdi və Qarabağın tacı olan Şuşada yeni həyatın başlanmasını sübut etdi.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin təbliği sahəsində atılan növbəti mühüm addımdır.

"Xarı bülbül" festivalının mədəni əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də tarixə düşdü. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

Günel Məlikli

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA YAP ərazi təşkilatının İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə