Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilib - DEPUTAT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may tarixində “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalaması ilə Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi , Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsirlik zəngin mədəniyyətinin o cümlədən memarlıq və şəhərsalma mədəniyyətinin dünyada tanınmasına xidmət edir. Hələ 1977 –ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşa şəhərində tarixi – mədəniyyət abidələrin qorunması və bərpa edilməsi, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı apardığı işağalçılıq siyasəti nəticəsində 1992-ci ilin mayın 8-də qədim Şuşa şəhəri düşmən tərəfindən işğal edilmiş və şəhərdə tarixi –mədəniyyət abidələri yerlə yeksan edilmişdir: "İşğalın davam etdiyi 29 il ərzində Şuşada memerlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə , 22 ümumtəhsil məktəbi, 7 uşaq baxçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinotetr, 3 muzey dağıdılmış, məbədgahlar və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində Ermənistanı acı məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza etməyə məcbur etdi. Qəhrəman Ordumuz tarixi ədaləti bərpa etmiş və 2020-ci ilin noyabr ayının 8-də Şuşa şəhərini işğaldan azad etmişdir. Bu tarixi qələbədən sonra düşmən təslim olmağa məcbur olmuşdur.

Cənab Prezidentin tapşırığı ilə Şuşa şəhərinin , onun mədəni-tarixi abidələrinin bərpası istiqmədində bərpa-quruculuq işlərinə başlanmış və işlər sürətlə davam etdirilir. Hazırda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi Vaqifin məqbərəsi bərpa edilir. Bundan başqa Rəsm Qalereyasının, Qarabağ mehmanxanasının, Şuşa Xalça Muzeyinin bərpası üzrə işlər davam etdirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətlə yanaşılmasını tələb edir. Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, Prezident İlham Əliyev cənablarının “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı bu diqqət və qayğının bariz nümunəsidir. Şuşanın bərpası bu şəhərə Azərbaycan ruhunun qayıdışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Şuşanın girişində Azərbaycan bayragı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə