“Dünyada jurnalistlərə qarşı təzyiq artıb” SƏDR MÜAVİNİ İZAH ETDİ

"Qlobal səviyyədə müşahidə edilən bu prosesdə ən narahatedici məqam odur ki, pisə doğru dəyişmə tendensiyası son illərdə dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını – Avropanı da əhatə edib". Bunu SİA-ya verdiyi açıqlamada Mətbuat Şurasının Sədr müavini Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli vurğulayıb ki, senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad edilməsi, təzyiqlərə, təhdidlərə məruz qalan, cəzalandırılan jurnalistlərin məsələsi diqqət mərkəzindədir: "Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, qeyd edilən istiqamətlər üzrə qlobal səviyyədə neqativ istiqamətdə dəyişmə halları son 1 il ərzində də davam edib. AJF-nin 3 may günü ilə bağlı hazırladığı məruzədə göstərilir ki, 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib. Qeyd edilib ki, bu məkanda söz, ifadə, media azadlığı sahəsində müşahidə edilən neqativ tendensiyaların qarşısını almaq üçün 2015-ci ildə 14 beynəlxalq təşkilat öz gücünü birləşdirib, Avropa Şurası nəzdində "Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması"nı yaradıb. Onlar koordinasiya edilmiş formada fəaliyyət göstərməklə prosesi durdurmağa çalışıblar. Amma hələ ki, buna nail olunmayıb, əksinə, neqativə doğru dəyişmə tendensiyası daha da artıb. Nümunə üçün Avropa məkanında media azadlığı üzrə son 5 il müddətində baş verən hadisələrin müqayisəsi verilib. Yaxın təqvimdə – 2021-ci ilin aprel ayında 2 ispan jurnalistin qətlə yetirilməsinə istinad edilərək qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib.

Xatırladım ki, Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir.

Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür. Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb. 6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib. Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir. Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa, Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə