Cizgi filmləri uşaqların psixologiyasına necə təsir e(tməli)dir? - ARAŞDIRMA

Psixoloqlar uşaqların hansı mövzulu multfilmləri izləməsini uyğun bilir?

Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Bir neçə gün öncə təsadüfən gördüyüm bir cizgi filmi bir personajın digərini vəhşicəsinə öldürməsi ilə başlayırdı...

Uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır

Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək.

Çoxları razılaşar ki, 35-40 yaşlı insanlar sülhü, paylaşmağı, sakitliyi, təbiəti və heyvanları sevməyi daha yaxşı bacarırlar. Təbiidir, onlar körpəlikdə bu cür hissləri aşılayan cizgi filmlərinə baxıblar.

Uşaqdan böyüyə hamının bəyəndiyi 2 məşhur cizgi filmi var- “Nu Poqodi” və “Tom and Jerry”. Əminəm ki, bu filmlərin yalnızca adı gələndə də çoxunuzun üzündə təbəssüm yaranır. Uşaqlığımızın ən sevimli cizgi filmi olan “Nu poqodi” 18 hissəli bir film idi. Bu çoxseriyalı multfilm indiyə qədər o populyarlığını itirməyib.

İlk seriyası 1969-cu ildə çəkilən cizgi filmi 1993-cü ilədək davam etdi. Papanovun ölümü ilə əlaqədar film dayandı. Yalnız 2005-ci ildə 19-cu seriya, 2006-cı ildə isə 20-ci seriya çəkildi. Amma İqor Xristenkonun çəkdiyi son 2 hissə əvvəlkilər qədər uğurlu olmadı.

Məşhur “Tom və Cerri” cizgi filmi. Əsasən, 2 personajdan ibarət bir filmdir, olduqca maraqlı və uşaq psixikası üçün ilk baxışda zərərsizdir. Pişik və siçanın əbədi münaqişəsi elə maraqlı bir formada təqdim edilir ki, uşaqlar onların bir-birini sevdiklərini və bu münaqişənin bir zarafat olduğunu anlayır.

Lakin bu multfilmdə də zorakı səhnələr, aqressiv hərəkət və səslər az deyil. Onsuz da yaş irəlilədikcə uşaqlar hər şeyi daha yaxşı dərk edirlər, körpəlikdən onları dava-dalaşa, şiddət və zorakılığa öyrətməyin nə mənası?

Üstəlik, bu filmdə mənfi obraz olan siçan sevimli və günahsız kimi göstərilir, başına hər cür oyun açılan pişik isə mənfi obraz kimi. Bu da uşaq psixologiyasına zərərli təsir edir.

Köhnə və müasir filmlər arasında seçim isə birmənalıdır- köhnə filmlər daha tərbiyəvi, daha sağlam, daha faydalıdır. Müasir multfilmlərin böyük əksəriyyəti isə uşaq psixologyasına zərərlidir.

Müasir cizgi filmlərinin 4 əsas zərəri

Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaşdan başlayaraq cizgi filmlərinə maraq başlayır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır.

Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər. 3-6 yaş arası uşaqlar da isə bu təsirin səviyyəsi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən "məna" axtardığını ortaya çıxardılar.

6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur. Cizgi filmlər uşaqlara 4 formada mənfi təsir edə bilər:

Aqressiyaya meyil: Araşdırmalara görə şiddət, qorxu məzmunlu cizgi film izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olur. Ətraflarına daim zərər vermək barədə düşünürlər və cox aqressiv olurlar.

Diqqətsizlik: Mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. El dilində belə uşaqlara “ölgün” “lodur” deyirlər. Onlarda aktivlik yaşıdlarına nisbətən 30-40% az olur.

Həqiqətdən uzaqlaşma: Valideynlər diqqət etməzsə uşağın izlədiyi cizgi filmləri hər gün bir az onun həyatına daxil olur. Uşaq artıq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər. Onların gələcəkdə ictimaiyyətə yararlı fərd ola bilməsi ehtimalı olduqca azdır.

Ehtiyatlı davranışın azalması və risk artımı: Xüsusilə 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməyi etməkdə çətinlik çəkir. Ona görə də, onlar ciddi təhlükəsizlik problemləri yaşaya bilirlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

“Kəskin süjetli multfilmlər izləyən uşaqlar 3 qat daha aqressiv olur”

Amerikada bir qrup psixoloq tərəfindən aparılan başqa bir araşdırma, cizgi filmlərin uşaqlara həyatı öyrətmək əvəzinə, onları şiddət və zorakılıqla tanış etdiyini ortaya çıxardı. Sietl Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, məktəbəqədər dövrdə şiddət mövzulu filmlər izləyən uşaqlar daha sonra yaşıdlarına görə 3 qat daha aqressiv olur.

Bu cür uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı. Araşdırmaya görə, uşaqlar məktəbə başlandıqları andan məzun olduqları zamana qədər məktəbdə təxminən 13 min saat keçirirlər. Eyni müddət ərzində televiziya qarşısında keçirdikləri vaxt isə təxminən 20 min saatdır. Bu 20 min saat isə, uşaqların zehni, fiziki və ruhi inkişafına mənfi təsir göstərir.

Psixoloq Xatirə Səfərova deyir ki, uşaqlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər. İnsan və heyvan fiqurları da bu yaşda uşaqların marağını daha çox çəkir. Hər yaş qrupu izlədiklərindən fərqi yollarda təsirlənir. Məktəb yaşlı uşaqlarda, daha çox oğlanlarda şiddət, qorxu aşılayan filmlərə maraq yaranır. Bunun səbəbi də telekanallarda yalnız bu məzmunlu filmlər yayımlanmasıdır".

Psixoloq, cizgi filmlərin uşaqların xəyal dünyasına təsir etdiyini söyləyir: "Uşaqlar, şiddət məzmunlu cizgi filmlərdəki qəhrəmanlarla eyniləşmək meyilindədir. Xüsusilə film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənirlər və onlar kimi olmaq arzusuna düşürlər. Bizim telekanallarda da, xarici telekanallarda da bu cür cizgi filmlərini verirlər.

Uşaqların alt şüurlarına zərərli informasiyalar yerləşir və bunun fəsadları ağır olur. Bu cür filmləri elə bəsit təqdim edirlər ki, elə bil bu, normal bir haldır. Valideynlər diqqətli olsun, şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilər”.

Çıxış yolu nədədir?

Mövzu ilə bağlı valideynlər arasında sorğu keçirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) əməkdaşları maraqlı cavablar alıb. Valideynlərin çoxusu hesab edir ki, milli cizgi filmlərimiz azdır və uşaqlar onları çoxdan izləyib, ona görə də xarici filmləri izləməyə məcburdurlar. Sorğunun nəticələrinə görə, valideynlər uşaqlarının əsasən, Sovet dövründə çəkilmiş multfilmlərə baxmasına çalışdıqları halda, balacaların çoxu müasir filmləri xoşlayırlar.

ASAM eksperti, pedaqoq İbrahim Cəfərov deyir ki, öz azyaşlı şagirdlərinə yalnız keçən əsrdə çəkilən multfilmləri məsləhət görür və başqalarına da bunu tövsiyə edir: “Sovet vaxtı çəkilən filmlər çox müsbət enerjili, sülhsevər, düşündürücü və tərbüyələndirici süjet xəttinə malikdir. Lakin aqressiv planda çəkilmiş müasir multfilmlər uşaqların psixologiyasına mənfi təsir göstərir. Altşüura hopan qavrayışlar sonradan onların həyatdakı xüsusiyyətlərini, düşüncə tərzini və hərəkətlərini müəyyən edir. Təbii ki, mənfi təsirləri nəzərdə tuturam. Ona görə də valideynlər bundan çəkinməlidirlər”.

Bütün bu mənfi təsirləri azaltmaq üçün valideynlər olduqca diqqətli olmağa məcburdurlar. Psixoloq məsləhət görür ki, bu işə uşaqlarının izlədikləri televiziya və internet saatlarını nəzarətdə saxlamaqla başlamaq olar: “Mümkün olduğu qədər onlarla birlikdə siz də filmi izləyin və doğru anlaması üçün şərh edin. Heç bir halda uşağa şiddət, qorxu, hirs aşılayan cizgi filmi izlətməyin. Televizor və komputerin yeganə, ya da əsas hobbi olaraq uşağınızın həyatında yer tutmasına maneə törədin”.

Mütəxəssisin fikrincə, tamamilə televizordan və komputerdən asılı həyat keçirən uşaqların sonrakı həyatı heç də ürəkaçan olmur: “Ona görə də, uşaqlara mümkün qədər öz seçdiyiniz filmləri izlədin. Qərb ölkələrində çəkilən əksər multfilmlər uşaqların psixologiyasına ciddi problem yaradır. Lakin Sovet multfilmlərində, eləcə də Şərq ölkələrinin istehsalı olan filmlərdə vəziyyət tamam başqa cürdür. Həmçinin, özümüzün də 100-dən artıq multfilmimiz var. Ona görə də yaxşı olar ki, belə filmlərə üstünlük verilsin.

Cizgi filmlərimizin tarixinə qısa ekskurs

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. İlk cizgi filmləri olan “Ayı və siçan” və “Şir və öküz” mikrofilmlərdir. “Şir və öküz” o vaxt “Kaleydoskop-71” Ümumittifaq kinoalmanaxına daxil edilmişdi. Üçüncü filmimiz “Fitnə” rəngli applikasiya filmidir. Bu film dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilib.

“Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmləri çox uğurlu oldu. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi də indiyədək uşaqların çox izlədiyi filmlərdəndir. “Milli cizgi filmlərimiz azdır” deyən valideynlər üçün milli cizgi filmlərimizin adlarından ibarət kiçik bir siyahı da hazırladıq.

Təkcə ötən əsrin 80-ci illərində kinostudiyada 38 adda cizgi filmi istehsal olunub. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilib.

Əslində, valideynlər haqlıdırlar, bu filmlərdən əksəriyyəti satışda yoxdur, telekanallarda da yayımlanmır. Ona görə də, insanlar milli cizgi filmlərimizin az olduğunu düşünürlər. Bu yöndə telekanalların üzərinə düşən iş o qədər də böyük deyil, sadəcə milli filmlərin fonduna, videotekaya müraciət etmələri kifayətdir. AzTv-nin arxivində də demək olar ki hamısı var. Üstəlik, “Soyuzmultilm”in istehsalları və digər respublikalarda çəkilən multfilmlərin tərcümə olunmuş variantları da. Bircə qalır bunları efirə vermək. Niyə vermirlər, bu artıq başqa söhbətin mövzusudur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə