Dondurma yeyərkən diqqətli olmaq lazımdır MÜSAHİBƏ

SİA sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın müsahibəsini təqdim edir:

- Əvvəlcə bu ləzzətin tarxindən danışaq. Dondurma hansı mərhələləri aşaraq bu günümüzə gəlib çatıb?

- Dondurmanın tarixi həqiqətən də çox qədimə dayanır. Hər bir ölkə fərqli üsulda dondurma hazırlasa da dondurmanın tərkibi çox sadədir. Dondurmanın tərkibində kərə yağı süd və qaymaqdan istifadə edilir. Bu şəkildə hazırlanarsa, dondurmalar sağlamlıq üçün çox faydalı hesab olunur. Həm də orqanizmdə bildiyimiz kimi xoşbəxtlik hormonu var. Həmin hormonun miqdarını artırdığı üçün insanlar daha çox ona üz tutur. Lakin bu heç də o demək deyil ki, dondurma hər zaman faydalıdır. Hal-hazırda bazarlarda satılan dondurmalar kimyəvi qatqı maddələri ilə hazırlanır. Dondurma alarkən, mütləq qablaşdırmasına diqqət yetirilməlidir. Qablaşdırmada əgər əzik varsa, yazılar pozulubsa bu o deməkdir ki, saxlama və ya daşınma şəraitində artıq lazımi qaydalara əməl olunmayıb. Bununla yanaşı mütləq istehsal tarixinə baxılmalıdır. Hal-hazırda ən böyük təhlükə odur ki, keçən ildən qalma dondurmaları satışa çıxarırlar. Köhnə dondurmalar da təbii ki, süd məhsulu olduğu üçün daha çox mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır.

- Bəs dondurmanın insan orqanizminə faydası varmı?

- Əgər dediyimiz kimi, düzgün şəkildə hazırlanıbsa, doğru məhsullardan istifadə olunubsa, dondurmanı sadəcə şirniyyat kimi yox, hətta yemək kimi də istifadə etmək olar. Çünki dondurma çox kalorilidir. Aldığımız kalorini enerjiyə çevirməyəcəyiksə və yaxud qidanın üzərindən qəbul edəcəyiksə bu zaman artıq çəkiyə və piylənməyə səbəb ola bilər. Amma bir yeməyimizi dondurma ilə əvəz etsək, təbii ki, dondurma bizə öz faydasını verər. Eyni zamanda da bəzən bir çox insanlar mövsüm dəyişikliyi zamanı anginadan əziyyət çəkirlər. Bu anginanın müalicəsində dondurma çox faydalı hesab olunur.

- Dondurmalar ən çox uşaqların sevimli qidasıdır. Uşaqlara dondurma seçməzdən və verməzdən əvvəl nəyə diqqət edilməlidir?

- Hər bir halda ən böyük təhlükə mənbəyi açıq şəkildə satılan dondurmalardır ki, onların istehsal olunduğu vaxt və müddət bilinmir. Günlərlə qalır açıq şəraitdə günəşlə təmasda olur və fiziki çirklənməyə daha çox məruz qalır. Bir məqamı da qeyd edim ki, meyvəli dondurmalar var ki, bu meyvəli dondurmalar hazırlandısa ən uzağı 2-3 gün ərzində istehlak edilməlidir. Gəlin baxaq dondurma satılan yerlərə bəzən gedib baxırıq ki, çeşid-çeşid dondurmalar var. Bəzi dondurma çox istehlak olunmadığından aylarla orada qalır. Bu dondurmaları uşaqlardan uzaq saxlamaq lazımdır. Bunun əvəzinə paketdə sağlam şəkildə saxlanılan dondurmalardan alınsa daha faydalı olar. Təbii ki, miqdara da fikir verməlidirlər. Paketlənmiş dondurmalarda müəyyən bir miqdar var. 150-200 qramdan artıq olmayan. Bəzən görürük kilo ilə satılan dondurmalar olur. Burada artıq miqdarı tənzimləməyiblər. Bu dondurmaları qədərindən çox qəbul etdikdə başqa xəstəliklərə yol aça bilər.

- Dondurma tez əriyən qidalar sırasındadır. Bu məhsulun saxlanılmasında hansı qaydalara əməl etməliyik?

- Əgər doğru şəkildə hazırlanan dondurmadırsa, o çox tez əriməməlidir. Müəyyən temperatur rejimində yavaş-yavaş əriməlidir. Təbii hazırlanıb heç bir əlavə qatqısı, meyvə yoxdursa və başqa siroblardan istifadə olunmayıbsa 6 aya qədər dondurulmuş vəziyyətdə mənfi 18 dərəcədə saxlanıla bilər. Əgər dediyimiz kimi meyvə əlavə olunubsa, dondurucuda ən uzağı 5-6 gün, ancaq istehlak üçün 2-3 gün saxlanılmalıdır. Əlavə olunan siroblar varsa bunlar da sağlamlıq üçün dondurma ilə birlikdə faydalı hesab olunmur.

- Bir qisim insanların dondurma almağa imkanı olmur. Onlar ev şəraitində bu dondurmaları necə hazırlaya bilərlər?

- Dondurma hazırlamaq çətin deyil. Dediyimiz kimi kərə yağı, süd, qaymaq və şirinlik üçün bal və ya quru meyvələrdən istifadə edə bilərlər. Mövsümi meyvələr əlavə etsələr daha sağlam və faydalı olar.

- Dondurmalardan gün ərzində nə qədər istifadə etməliyik?

- Əgər təbii dondurmadan danışırıqsa, 150-200 qramı keçməməlidir. Amma paketlənmişdən danışırıqsa, onun tərkibində nə qədər kimyəvi qatqı maddələri var. Bu kimyəvi qatqı maddələrinin hər biri orqanizmə fərqli zərər vurur. Bəzisi insanın DNT-sında problem yaradır. Eyni zamanda mədəni və mərkəzi sinir sistemini sıradan çıxardır. Təbii ki, bunun miqdarını artırdıqca problemlər daha çox olur. Yenə də qeyd edirəm ki, ilk olaraq bu dondurma yüksək kalorili olduğu üçün artıq çəkiyə obeziteyə səbəb olur. Obezite də gələcəkdəki digər xəstəlikləri tətikləyir.

- Bəzi insanlar dondurmanı əridib və ya isidib istehlak edirlər. Ümumiyyətlə belə olan halda onun tərkibində hər hansı vitaminlər əskik olurmu?

- Ümumiyyətlə dondurma soyuq qəbul olunan qidadır. Təbii ki, onu əridib yedikdə bunun bir sıra zərərləri olacaq. Çünki bu süd məhsuludur bu artıq qaynadılıb, bişirilib hazır vəziyyətə salınıb. Bunu artıq soyutduqdan sonra təzdən isitmək tərkibindəki dəyişimə səbəb olur. Bu da bakteriyaların çoxalmasına səbəb olur. Yaxşı olar ki dondurmanı soyuq şəkildə istehlak etsinlər.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə